Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Allergiyalı uşaqların qidalandırılması

Uşağınızda hansı növ allergiyanın (qida və ya hər hansı digər) olmasından asılı olmayaraq, yüksək allergik xüsusiyyətə malik olan bütün qidaların (balıq, kürü, yumurta, bal, göbələk, sitrus meyvələri, qoz, fındıq, çiyələk, kofe, kakao, şokolad) qəbuluna qadağa qoyulur.

Qida allergiyası olan uşaqlarda allergik reaksiyaya səbəb olan bütün qidalar onun rasionundan çıxarılmalıdır. Təəssüflər olsun ki, bir çox hallarda valideynlər bu və ya digər qidaya (süd, yumurta, bal və s.) qarşı uşaqlarında allergiya olduğunu bilsələr də, “xeyirli” qida hesab olunduğu üçün onları az miqdarda da olsa uşaqlarına verməyə davam edirlər. Burada qəti şəkildə qeyd etmək lazımdır ki, allergiya xəstəliyi uşaqda çox kiçik yaşlarından başlamışsa və bir neçə orqanı zədələmişsə, uşağa allergiyaya səbəb olan qidaları hətta ən az miqdarda belə vermək olmaz! Xəstəlik daha böyük yaşlarda və bir qayda olaraq, mədə-bağırsaq xəstəliklərindən sonra inkişaf etmiş olarsa, allergiyaya səbəb olan qidaların az miqdarda qəbulu uşağa zərər vurmaya bilər. Bu zaman yalnız həmin qidanın uşaqda allergiya törətdiyi “kritik” miqdarını bilmək tələb olunur. Məsələn, ana bilir ki, uşaq 1 portağal yeyərsə, heç nə baş verməyə bilər, 2 portağal yeyərsə, bu onda allergiyaya səbəb olur. Demək, bu halda valideynlər hər vasitə ilə uşağa 2-cini yeməyə imkan verməməlidirlər.

Allergik uşaqların qida rasionunda duz və şəkər həkim tərəfindən məsləhət olunan minimum həddə qədər məhdudlaşdırılmalıdır.

Son zamanlar əksər qida maddələrinə, onlara xoş dad və iy vermək üçün, həmçinin onların saxlanma müddətini artırmaq və s. məqsədlərlə bir sıra qida əlavələrindən istifadə edilir. Məhz bu qida əlavələri bir çox hallarda allergiya mexanizminin işə düşməsinə səbəb olur.

Allergiyası olan kiçik uşaqların pəhriz qidalandırılması üçün müasir qida sənayesi tərəfindən istehsal edilən uşaq konservləri daha uyğun gəlir. Bu məhsul uşaq qidası istehsalı üzrə tanınmış şırkət tərəfindən buraxıldığı halda onlara etibar etmək olar. Belə şirkətlər istifadə edilən xammalın ekoloji cəhətdən təmiz olmasına yüksək səviyyədə nəzarət edir, onların tərkibində sağlamlıq üçün zərərli hesab edilən konservantların və aromatlaşdırıcı maddələrin olmamasına zəmanət verir. Onların bütün məhsulları həmçinin, əlavə olaraq vitaminləşdirilmiş, minerallaşdırılmış və steril olur.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!