Antisosial şəxsiyyət, yoxsa asosial

Cəmiyyət həyatında fəal iştirak edən, fəaliyyət və ünsiyyətdə formalaşan, sosial keyfiyyətləri özündə əks etdirən sosial varlığa şəxsiyyət deyilir. İnsan bioloji varlıq, fərd, fərdiyyət mərhələlərini keçərək yetkinləşir və son nəticədə yetkin şəxsiyyət kimi formalaşır. Həmin şəxsiyyətin formalaşması prosesinə təsir edən faktorların roluna və onların xarakterinə görə bioloji, sosioloji , biososioloji nəzəriyyələr əmələ gəlmiş və onların hər biri şəxsiyyəti fərqli aspektdə xarakterizə etmişlər.

Yetkin şəxsiyyət dedikdə, əxlaqi- mənəvi dəyərlərə sahib olan, yaşadığı cəmiyyətin, sosial mühitin insanlıq və vətəndaşlıq hüquq və dəyərlərini tanıyan, ona əməl edən, etdiyi və edəcəyi hərəkətlərinə görə məsuliyyət daşıyan insan nəzərdə tutulur. Elmi ədəbiyyatlarda şüuru yerində olan hər cür mövqe və statusa malik insana şəxsiyyət kimi yanaşılır. Hazırda yetkin şəxsiyyətin psixopatiyası ilə maraqlı və rəngarəng faktlar mövcuddur. Patiya – pozuntu deməkdir ki, burada yetkin şəxsiyyət pozuntuları nəzərdə tutular. Bu pozuntuların təsnifatı ilə bağlı müxtəlif nəzəriyyələr mövcudddur. Ancaq ən optimal təsnifat Qannuşkinə məxsusdur. Qannuşkin yetkin şəxsiyyət pozuntularının diaqnostikasında 3 amili fərqləndirirdi ki, buraya aiddir:

1. Xarakterlə bağlı total pozuntular

2. Həyat boyu onların az dəyişkən və davamlılığı

3. İctimai adaptasiyanın dəyişməsi

Yetkin şəxsiyyət pozuntularına daxildir:

1. Paranoid

2. Şizoid

3. İsterik şəxsiyyət pozuntusu

4. Emosional davamsız və affektiv tip şəxsiyyət pozuntusu

5. Anankastik tip şəxsiyyət pozuntusu

6. Borderline şəxsiyyət pozuntusu

7. Narsistik şəxsiyyət pozuntusu

8. Asılı şəxsiyyət pozuntusu və s.

Yetkin şəxsiyyət pozuntularından biri də antisosial şəxsiyyət pozuntusudur ki, onların xarakterik əlamətləri aşağıdakılardır:

1. Başqalarına qarşı istək və məhəbbət hissi yaratmaq qabiliyyətindən uzaq olurlar.

2. Gözlənilməz (qəfil) hərəkətlərə meyilli olmaq

3. Günahkarlıq hissinin olmaması

4. Etdiyi neqativ hərəkətlərə görə peşmançılıq hissi duymurlar

Onun simptomları 15 yaşdan əvvəl təzahür etməyə başlayır. Yaranmasına ailə tipləri, kəllə-beyin travmaları, travmatik yaşantılar səbəb olur. Onlar cəmiyyətə əks-mövqedə durur, qayda-qanunlara tabe olmurlar, iş yoldaşlarını, ailə üzvlərini alçaltmaqla sanki həzz alırlar. Başqaları onlara fayda verdiyi müddətədək lazımlıdılar, özlərini xəstə hesab etmir, dünyanı təhlükə və xəyal qırıqlığı ilə dolu bir yer kimi görürlər. Onlara əxlaqsız, mədəniyyətsiz kimi deyil, xəstə kimi yanaşmaq lazımdır.Antisosiallar başqalarını manipulyasiya edir, qaydalara ona görə əməl etmirlər ki, onları özləri üçün etibarsız sayırlar. Onların müstəqilliyi özünəinamdan deyil, başqalarına etibarsızlıq və inamsızlıqdan qaynaqlanır. Başqalarının nə yaşadığı, nə hiss etdiyi onlara maraqlı deyil, empatiya hissindən uzaq olurlar. Beləliklə, bu davranışla özlərini təhkükələrdən sığortalayırlar.

Asosial davrananlar cəmiyyətə, mühitə adaptasiya problemi yaşayırlar. Onlar adaptasiya olmağı istəyirlər, ancaq daxili və xarici maneələri dəf edib, buna nail olmaqda çətinlik çəkirlər.

Antisosial şəxsiyyət problemin səbəbini başqalarında görüb, onları ittiham edirsə, məsuliyyətdən boyun qaçırırsa, korreksiya müddəti uzanacaqdır. Onları alkoqol, narkotik və asılılıq yaradan maddələrdən uzaq tutulmaq lazımdır. Çünki, onlar antisosial davranışı inkişaf etdirir. Müalicədə birbaşa farmakoloji vasitə yuxdur ki, istifadə edilsin. Antisosial davranış vaxtında korreksiya edilməlidir.

           Məqalə müəllifi:İbadova Mətanət (Narınc könüllü qrupunun üzvü)

                 Azərbaycan Dövlət Pedaqoji Universiteti,3-cü kurs tələbəsi