HAMİLƏLİKDƏ STRESSLƏ MÜBARİZƏ APARMAQ

İnsanın qarşılaşdığı narahat edən hallara fiziki və psixi olaraq verdiyi reaksiyaların hamısı stressin tərifinə daxildir. Stress bədənin uyğun formada işləməsinə mane olur və psixi pozuntulara səbəb olur. Bədənin işləmə ahəngini və psixi strukturunu pozan bir çox stress mənbəyi vardır. Ölüm, xəstəliklər, təbii fəlakətlər, iş yerində qarşılaşılan problemlər, maddi sıxıntılar və s. Stress mənbələrindən biri də hamiləlikdir. Bədənin hamiləliklə bağlı stressə girməsi, bədənin daha öncə qarşılaşmadığı bir vəziyyətlə-hamiləliklə bədən quruluşunun pozulduğunu qavraması və bədənin bu dəyişikliyə reaksiya verməsi hamiləlikdə stressin başlanğıcıdır.

Maddi problemlər, münasibətlərdəki problemlər, cinsi problemlər, ətrafla yaşanan problemlər, həyat yoldaşı və onun ailəsi ilə bağlı problemlər, ailədaxili şiddət, işsizlik, daha əvvəl yaşanmış uşaq ölümləri, anada baş verən qanaxmalar, istənilməyən hamiləlik, hamiləlikdə meydana gələn və hamiləliyi sonlandırma ehtimalı olan xəstəliklər, hamiləliklə bağlı gözləntilərin təmin edici olmaması, doğuşla bağlı qorxular və s. hamilələrdə stressə səbəb olur. Bu faktorların ortaya çıxması ilə bağlı hamilələrdə  stress əlamətləri ortaya çıxır. Hamiləlikdə stress əlamətlərinin ortaya çıxması ilə birlikdə mütləq stressin öhdəsindən gəlmək üçün tədbir görmək lazımdır.

Hamiləlikdə stresslə mübarizə aparmaq ana və uşağı üçün çox önəmlidir. Çünki, stresslə mübarizə edilmədikdə erkən doğum, uşağın düşməsi, uşağın inkişafında geriləmə, sonrakı yaşlarda psixoloji problemlərə meyilli olma kimi problemlər yaranır.

Hamiləlikdə stresslə mübarizə aparmaq üçün:

  • Ana hamiləlik dövrünə girdiyini və daha fərqli bir həyatın olacağını qəbul etməlidir.
  • Adi vaxtlarda etdiyi fəaliyyətləri artıq edə bilməyəcəyini bilməlidir.
  • Fəaliyyətləri müəyyənləşdirmək və buna uyğun davranmaq, nizamlı yemək, idman etmək lazımdır.
  • Nəzarət etmə istəyini bir kənara qoymalı və hadisələrin öz axarında getməsinə icazə verməlidir.
  • Hamiləliklə bağlı hərkəs hərşeyi deyə bilər və sizdən də onlara əməl etməyinizi gözləyər. Deyilən hər şeyin düzgün olmadığı və ən doğrusunun həkim tərəfindən deyilənlər olduğunu unutmamalıdır.
  • Həyat yoldaşı və onun ailəsi, yaxın ətrafı ilə yaxın münasibət qurmalıdır.
  • Ana ilə yanaşı, kişi də hamiləliklə bağlı stress yaşaya bilər. Qadın həyat yoldaşına qarşı anlayışlı olmalıdır.
  • Hamiləliklə bağlı ətrafdan eşidilən məlumatlara etibar etməməli və mütləq doğru məlumatlar əldə etmək lazımdırsa mütəxəssisə yardımı alınmalıdır.
  • Rahat bir hamiləlik üçün nəfəs gimnastikası, rahatlama gimnastikası edilməlidir.
  • Hamiləlik emosiyaların eniş-çıxışlarının baş verdiyi dövrdür. Buna görə də baş verə biləcək emosional dəyişikliklərə hazır olmaq lazımdır.
  • Ən vacibi, əgər, hamiləliklə bağlı həddən artıq stresslisinizsə, problemlərin öhdəsindən gələ bilməyəcəyinizi düşünürsüzsə mütləq  psixoloqdan yardım almalısınız.
  • Tərcümə etdi: Fatimə Qəhrəmanova(Narınc könüllü qrupunun üzvü)