Psixoloq: "Yeniyetmə deyərkən insanların gözünün önündə aqressiv bir fərd, aqressiv bir şəxsiyyət gəlir. Əslində isə..." - MÜSAHİBƏ

“Düşüncə” Psixologiya Jurnalının yolu bir daha Narınc Uşaq Psixologiya Mərkəzindən düşdü. Bu dəfəki həmsöhbətimiz isə mərkəzin yeniyetmələrlə iş üzrə mütəxəssisi Vəfa Rəşidova oldu. Vəfa xanımla yeniyetmə mərhələsinin özəllikləri, yeniyetmə psixologiyası, bu dövrdə valideynlərin övladlarına yanaşma tərzi və s. barədə geniş bir söhbətimiz baş tutdu.

-Yeniyetmə mərhələsinə qədəm qoymuş övladı olan çox ailələr üçün problemlər başlamışdır deməkdir. Niyə valideynlə övladı arasındakı ən böyük anlaşılmamazlıqlar məhz bu dövrə təsadüf edir?

-Bildiyiniz kimi yeniyetməlik ən həssas yaş dövrlərindən biridir. Və qeyd etməliyik ki, bu dövr yeniyetmə üçün heç də asan bir dövr sayıla bilməz. Buna görə də övladı yeniyetməlik dövrünə qədəm qoyduqda valideynlərdə qeyri-ixtiyarı bir qorxu baş qaldırır. Toplumun beyninə yeridilmiş ümumi bir fikir var, uşaqlar bu yaş dövrünə gəldiyi zaman çox diqqətli olmaq lazımdır, övladım kiminlə dostluq edəcək, hara gedəcək-hardan gələcək, nə kimi işlərlə məşğul olacaq və s. kimi fikirlər valideynlərdə aşırı bir qorxuya səbəb olur. Və valideyndən övladına qarşı diqqət getdikcə artmağa başlayır. Birdən mən uşağıma yaxşı diqqət edə bilmərəm, nəzarət altında saxlaya bilmərəm, gedər başqa adamlara qoşular  və s. düşüncəsiylə daha mühafizəkar davranmağa başlayır. Valideynin bu mühafizəkar davranışı get-gedə təzyiqə çevrilir ki, çox yeniyetmə də bunu qəbul edə bilmir. Çünki  belə vəziyyətdə yeniyetmə özünü sıxılmış, daima nəzarət altında hiss edir  və bundan şikayətlənməyə başlayır, rahatlığı isə onu anlayan  “dostlarda” tapır. Və beləcə də anlaşılmamazlıqlar, problemlər başlamış olur valideynlə övladı arasında.

Biz yeniyetmələrlə konsultasiya prosesində hər iki tərəfi dinlədiyimiz zaman görürük ki, valideyn də bunu bilərəkdən etmir. O, sadəcə övladı üçün ən yaxşısı olsun düşüncəsiylə hərəkət edir və ən yaxşısını etdiyini düşünür.

Yeniyetməni dinlədiyimiz zaman isə görürük ki, o bütün bunları ayrı cür dəyərləndirir. Mənim valideynlərim məni başa düşmür, heç vaxt da düşməyəcək,ailəm mənə inanmır və s.

-Bu qədər aqressiv və laqeyd bir görünüşün ardından nəzər salsaq, yeniyetmə əslində nə hiss edir və onunla necə davranılsın istəyir?

-Ümumiyyətlə, yeniyetmə deyərkən insanların gözünün önündə aqressiv bir fərd, aqressiv bir şəxsiyyət gəlir. Əslində isə onları bir dinləsək görəcəyik ki, həqiqətdə göründükləri kimi deyillər, çox daha yumuşaq, çox daha mülayim xarakterə malikdirlər.  Bütün aqressivliklərinin kökündə əsasən özgüvənlərinin aşağı olması, yaşadıqları daxili qorxular dayanır. Onların daha çox dinlənilməyə, daha çox sevgiyə və qayğıya ehtiyacları var əslində.  Hansı ki, diqqətlə baxsaq görərik ki, bütün problemli yeniyetməlik keçirən uşaqlar əslində ailələrində sevgi doyumsuzluğu və qayğı əskikliyi içərisində böyüyüblər.

-Yeniyetməlik dövründə ünsiyyət problemləri necə həll edilə bilər?

-Yeniyetmələr sadəcə ailəsiylə deyil dostları, yaxınları, ətrafında olan digər insanlarla da ünsiyyət qırıqlıqları yaşaya bilirlər. Çünki bu yaş dövründə onlar məğlubiyyəti qəbul etmək istəmirlər, qəbul edə bilmirlər. Onlar üçün məğlubiyyət böyük bir tragediya, həyatlarında  böyük bir travma sayılır.Onlara aşılamaq lazımdır ki, insan məğlubiyyəti də qalibiyyət kimi normal qəbul etməyi bacarmalıdır.  Yeniyetmələri kim formalaşdırır? Böyüdüyü ailə və valideynlər! Burada da iş birbaşa valideylərin üzərin düşür. Bu fikirlər əslində ta uşaqlıq yaşlarından onun şüuraltısına aşılanmış olmalıdır.  Bir psixoloqun üzərinə düşən əsas iş isə bu kimi vəziyyətlərdə  yeniyetməyə proseslərə birtərəfli deyil bütov bir şəkildə baxa bilməyi  təmin etməkdir. Psixoloq bir güzgü rolunu oynamalıdır.  Onu kənardan özünə göstərməyi bacarmalıdır. Ona tənqidlə yox, ittihamla yox , anlayışla, empati quraraq, “Mən Səni anlayıram” mesajın ötürərək  yanaşmaq lazımdır.

-Yeniyetməlik dövründə uşaqların ən sıx qarşılaşdıqları psixoloji problemlər hansılardır?

-Ən sıx qarşlaşılan psixoloji problemlər yenə də qeyd edirəm ki, ilk növbədə validyenlərlə, ailə ilə əlaqədar olur. İkinci növbədə isə sevgi və sevgidə uğursuzluq. Bilirsiniz, bu yaş dövründə yeniyetmələrin gözündə sevgi anlayışı sanki bir etalon olur. Düşünürlər ki, bu dəfə alınmadısa demək ki, bitdi hər şey, bir daha ondan idealın tapa bilməyəcəm və s. gözləntiləri hədsiz dərəcədə çox olur.  İlk sevgisini o qədər böyüdür, o qədər ilahiləşdirir ki, bunun fonunda itirmə qorxusu yaranır. Və hansısa bir uğursuz münasibət kifayət edir ki, bütün həyatlarını alt-üst etsinlər. Sonda ümumiləşdirərək deyə bilərik ki, ən sıx rastlanan psixoloji problemlər  sevgidə uğursuzluq, vaideynlərlə anlaşılmazlıq, özgüvən əskikliyi, aqressiya, davranış pozuntuları və s. kimi göstərilə bilər.

-Uşaqları pis vərdişlərdən və təhlükəli dostluqlar qurmaqdan necə qorumaq olar?

-Yeniyetmələr valideynlərin himayəsində olur deyə onların davranışında, onların xarakterinin formalaşmasında həlledici rolu valideynlər oynayır. Ona görə də  ən böyük məsuliyyət də elə valideynlərin üzərinə düşür.  Validyenlər uşağin ehtiyacı olan isti ocağı, isti mühiti öz evlərində yaratmağı bacarmalıdırlar ki, uşaqlar da ətrafa çox meyl etməsinlər, rahatlığı və hüzuru evdən kənarda  hansısa dırnaq arası dostluqlarda, düzgün olmayan mühitlərdə axtarmağa cəhd etməsinlər.

-Yeniyetmələrlə bağlı müraciətlər ən çox hansı ilkin simptomlarla olur? Yəni valideyni nə narahat edir ki, onlar psixoloq müraciət etmək zərurəti hiss edirlər?

-İlkin simptomlar xüsusən bunlar olur, valideyn deyir ki, mənim övladım artıq vaxtının çoxunu internetdə, telefonda keçirməyə başlayıb, son zamanlarda hədsiz dərəcədə özünəqapanma halları müşahidə edilir, daim öz otağına çəkilmək istəyir, tək qalmaq istəyir, ailə fərdləri ilə ünsiyyət sıfır dərəcəsinə enir, ailəyə və ətrafına qarşı aqressiv münasibət bəsləyir, dərslərinə qarşı diqqəti və marağı azalıb, davranış pozuntuları müşahidə edirlər və s.

-Təcrübəniz dövründə yeniyetmələrlə bağlı ən yadda qalan hadisə?

-Təbii ki, çox maraqlı hadisələr olur. Ancaq heç unutmadığım bir hadisəni danışacağam sizə,təbii ki anonimliyi qorumaq şərtilə.

Bir gün bir yeniyetmə pasientim gəlir anası ilə.  Ana ilə aralarında hədsiz insident və problemlər var idi. Əsası evdən qaynaqlanan bir sıra problemlər üzündən bu xanım emolar qrupuna yönəlmişdi. O qədər onunla empati qurmuşdum, səbrlə dinləmişdim ki,  bir gün mən onu yola salarkən, məni sıx –sıx qucaqladı birdən və  “ kaş ki, mənim anam da sizin kimi olaydı” dedi.  Onun bu cümləsi mənə daha çox şeyləri anlatdı əslində. Və çox şükr ki, daha sonrakı senaslarda  uğurlu nəticələrimiz oldu. Nəhayət son senas günü yaşanan səhnəni heç vaxt unutmuram.  Yanıma aralarında, ünsiyyət qurma prosesində böyük uçurumlar yaranmış şəkildə gələn bu ana və qız, son seansda elə möhkəm qucaqlaşmışdılar ki... Bu mənim üçün dünyalar bədəl bir hiss idi inanın... Sanki uzun illərin ayrılığından sonra yenidən qovuşmuş kimi idilər. Elə ana özü də dedi ki, “Vəfa xanım, Siz sanki mənə övladımı yenidən qaytardınız!”  Bu mənim üçün əsl xoşbəxtlik idi....

-Vəfa xanım, son olaraq bu dövrdə ailənin üzərinə düşən vəzifələr nələrdir, valideynlər necə davranmalı?

-Valideynlər biraz daha diqqətli olmalıdırlar bu yaş dövründə. Təzyiqdən , basqıdan vaz keçməlidirlər. Bunlar istənilən münasibəti korlayan ünsürlərdir. Hər şeydən öncə valideyn öz övladını tanımalıdır, hansı xarakterə, hansı xislətə malik olduğuna bələd olmalıdır. Bələd olmağı üçün də onunla ünsiyyətə daha çox meyl etməlidir. Onu görmək istədiyi kimi yox, əslində olduğu kimi qəbul etməyi bacarmalıdır. Hansısa bir problem, yalnış olduğu zaman bir başa ittihamlamaq, ”Sən niyə yalnış etdin, Sən niyə belə etdin, Mənim sənin kimi övladım yoxdur artıq” və s. kimi ifadələr işlətmək yerinə etdiyi yalnış üzərinə danışmaqla, müzkirə etməklə, ona günahkalıq duyğusunu aşılamaq daha doğru olar. Yetər ki, balans qoruyub saxlanılsın. Valideyin nə çox yumşaq olmalı, nə də çox sərt olmalıdır. Bu ikisi arasındakı o qızıl ortanı qoruduğunuz təqdirdə hər şey öz axarında gedəcəkdir.

Fəridə Qasımova

http://dushunce.az