Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Uşaq depressiyası

Uşaq depressiyası

İnanmaq istəməsək də uşaqlar da depressiya keçirə bilir. Valideynlərin gözündə uşaqlar hər zaman oyun oynamaq istəyən, sevinən və hər kiçik bir şeydən xoşbəxt olan varlıqlardır. Çünki, bir uşaq incidikdə, daxili sıxıntılar keçirdikdə bunu dilə gətiə bilməz və “özümü pis hiss edirəm” deyə bilməz. Ailədə olan problemləri, xüsusən də ananın keçirdiyi narahatlıqları uşaq hiss edər. Lakin ifadə forması fərqli olduğundan valideynlər anlamaz yaxud anlamaq istəməz. Yetkin insanlar sıxıntılar keçirdikdə bunun həlli yollarını axtarmağa başlayır. Uşaqlarda isə bu özünü davranış pozuntusu, yuxu pozuntuları, iştahsızlıq və s. kimi göstərə bilər.

Kiçik yaşlı uşaqlar daha çox anadan ayrı düşdükdə depressiya halları özünü göstərir. Hər şey üçün ağlama, davamlı narazılıq getdikcə artar.Belə uşaqlar oyun oynamaqda çətinlik çəkir, digər uşaqlarla dil tapa bilmirlər. Yeniyetmələr isə bu vəziyyəti “həyat mənasızdır, boşdur” kimi ifadələrlə biruzə verir.

Depressiyada olan uşaq bəzən krizlər keçirə bilər. Heç nədən xoşbəxt olmayan uşaq valideynlərini tez-tez əsəbləşdirər, ağladıqca ağlayar və vəziyyəti daha da ağırlaşar. Çölə çıxmaq istəməz, çıxdıqda da tez evə dönmək istəyər. Əsəbi, gərgin olmaları ilk növbədə valideynlərin diqqətini çəkər.

Depressiyaya bədən də fiziki olaraq reaksiya verər. Bu bir növ diqqət çəkmək, vəziyyətin düzəldilməsi üçün kömək istəməkdir.Belə ki, yeniyetmələrdə tez-tez başağrıları, halsızlıq, iştahsızlıq, yuxu pozuntuları və hətta bayılmalar da ola bilər.

İstər kiçik yaşlı uşaqlarda, istərsə də yeniyetmələrdə özgüvənin aşağı düşməsi diqqəti cəlb edir. Sosial fobyalar, uğursuz olmaq qorxusu, “mən bacarmaram”, “mən heç kimə lazım deyiləm” kimi düşüncələr özünü göstərməyə başlayır. Tez-tez ağlama halları, ölümdən bəhs etmək, hər sözdən küsmək depressiyanın əlamətlərindən sayılır.

Kiçik yaşlı uşaqların nitq inkişafına, qavrayışına, diqqətini cəmləməsinə mənfi təsir göstərir. Aradan qaldırılmadıqda irəlidə məktəb fobyası, özünəqapalılıq, həyat eşqinin olmaması və s. bu kimi halların yaranmasına səbəb olur. Depressiya əlamətlərini hiss edən valideyn mütəxəssisə müraciət etməlidir. Uşağı danlamaq, günahlandırmaq düzgün deyildir.

Depressiya önəmli psixoloji vəziyyətdir. Yeniyetmələrdə bu hal terapiya olunmazsa daha böyük fəsadlara gətirib çıxarır. Belə ki, getdikcə xroniki bir hal alır. İntihara meyllilik, zərərli vərdişlərə bağımlılıq formasında təzahür edir. Radikal qruplara qoşulma halları  yeniyetmələrdə müşahidə olunur. Psixoloq dəstəyi almaq vacibdir.

  Ülfət Abbaszadə

Narınc könüllü qrupunun üzvü

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!