ZEİGRANİK EFFEKTİ

“Zeigarnik” effekti yarım qalmış, tamamlanmamış işlərin, tamamlanmış işlərə nəzərən daha aydın və asanlıqla xatırlanmasını ifadə edən psixoloji fenomendir. Bu hal ilk dəfə rus psixiatr və psixoloq Bluma Zeigarnik tərəfindən müəyyən edildiyi üçün onun adını almışdır.

1925-ci ildə B.Zeigarnik və psixoloq dostları restoranda olarkən, diqqətlərini restorandakı ofisiant çəkir. Ofisiant təkdir və sifarişləri heç yerə qeyd etmədən müştərilərə çatdırır. Daha sonra, psixoloqlar ofisiantdan bunu necə etdiyini soruşurlar. Ofisiant isə sifarişləri yaddaşında saxlayıb, yeməkləri çatdırdıqdan sonra isə ağlından sildiyini demişdir. Psixoloqlar bitirilməmiş, sona çatdırılmamış işlərin zehni məşğul etdiyini görmüşlər.

B.Zeigarnik 1927-ci ildə bununla bağlı bir tədqiqat aparmışdır. Bir qrup insana labaratoriyada kiçik tapşırıqlar vermiş və tapşırıqları yerinə yetirmələrini istəmişdir. İnsanlar bu tapşırıqları yerinə yetirərkən başqaları araya girərək tapşırıqların yarım qalmasına səbəb olmuşlar. Vaxt tamam olduqda, tədqiq olunanlara tapşırıqlarla bağlı sual verilir və müşahidə olunur ki, yarım qalan tapşırıqları tamamlananlara nisbətən, 2 qat daha yaxşı xatırlayırlar.

Zeigarnikin tədqiqatlarından altmış il sonra, Kenneth McGraw başqa tədqiqat aparır. Tədqiqata qatılanlara pul mükafatı qarşılığında çətin yapboz verir. Tədqiqat başladıqdan müəyyən bir müddət sonra heç kimin yapbozu tamamlamasına fürsət verilmir və tədqiqatın bitdiyi deyilir. Ancaq, iştiakçılara yapbozları tamamlamasalar da mükafatları verilir. Tədqiqatı keçirən mütəxəssislər, həmin yerdən ayrılırlar. Lakin, əsl təcrübə bundan sonra başlayırdı. Tədqiqata qatılanların böyük əksəriyyəti özlərindən istənmədiyi halda, orada qalaraq yapbozu tamamlamağa davam etmişdilər.

Zeigarnik effekti ilə gündəlik həyatımızda da fərqində olmadan çox rastlaşırıq. Məsələn, televiziya proqramlarının sonunda “Ardı var” yazısı və ya hansısa məhsul hələ satışa çıxmadan, adı insanlara məlum olmadan onunla bağlı diqqət çəkən reklamların göstərilməsi bu effektə nümunədir. Bu effektdən özümüz də nələrisə yadda saxlamağa çalışarkən istifadə edə bilərik.

Zeigarnik effektinin sizə nə qədər təsir göstərəcəyi isə öz xüsusiyyətlərinizdən asılıdır. Əgər, hər bir şeyi mühakimə edənsinizsə, deməli, məsələnin sonunu bilmək sizə maraqlı olacaqdır və effektə daha çox məruz qalacaqsınız. Lakin, məsələnin sonunu bilib-bilməmək sizin üçün vacib deyilsə, təsirə az məruz qalacaqsınız.

Fikrimizi yekunlaşdırsaq, keçmişdə planlayıb, həyata keçirə bilmədiyimiz işlərimizlə bağlı uğursuqluqları, təmin olunmamış duyğuların, yarım qalmış sevgilərin qırıntıları bizə Zeigarnik effekti olaraq və "kaş ki" şəklində, başqa cür desək, “yarım qalmışlıq hissi” olaraq geri dönür.

                                                    Fatimə Qəhrəmanova