Klinik psixoloq Narınc Rüstəmova “Hellouin bayramının uşaqlara psixoloji təsiri”

“Çox təəssüf ki, dünyanın bir çox ölkələrində, elə Azərbaycanda da bu bayramın əsl mesajı cəmiyyətə düzgün ötürülmür. Biz ilk növbədə anlamalıyıq ki, Hellouin bayramı əslində insanlara hansı mesajı çatdırmaq istəyir. Bu bayramın keçirilməsi insanlara ölən yaxınlarını xatırlamaq, onları yad etmək üçün daha bir fürsət verir.

İnsanlar bu bayramın sağlam mesajını unudurlar. Həyatın ölümlü olduğu, əbədi olmadığı mesajını verir.Həmin gün bu bayramı qeyd edən insanlar kilsəyə gedir, ölən əzizləri üçün dualar oxuyur, onları yad edir, xoş sözlərlə xatırlayırlar. Ancaq təəssüf ki, Azərbaycanda bu mesaj düzgün çatdırılmır. Bu bayramda ölüləri gülüşlə, zarafatla kimisə qorxutmaq üçün vasitə kimi tərənnüm edirlər. Uşaqların, yəni hələ ölümü o qədər də dərk etməyən azyaşlıların bu bayrama cəlb edilməsi düzgün nəticə vermir. Çünki uşaq 7 yaşına qədər ölümü tam anlamıyla dərk etmir.

Uşaqlar ölü kimi bəzədilməklə ölümü geri dönüşü olan bir proses kimi qiymətləndirirlər. Yəni insanlar öldükdən sonra gəzə bilər, danışa bilər, gülüb-oynaya bilərlər. Yəni bu uşaqların ölümdən çəkinməsi azalır. Bu o deməkdir ki, o uşaqlar ölümdən qorxmurlar və eyvandan, hər hansı bir hündürlükdən atılmaqla öləcəklərini, sonra isə yenidən həyata davam edəcəklərini ehtimal edirlər. Bəzən yaratdıqları obrazı reallaşdırmaq istəyirlər. Axı, hamımız bilirik ki, uşaqlar özləri dedikləri kimi “doğruçu avtomat, doğruçu qazan-qab , doğruçu avtomobil” arzusunda olurlar. Yəni hansısa geyim və qrimlə deyil, həqiqi ölü olmaqla oyunu davam etdirmək istəyə bilərlər.

Cizgi filmlərində də gördükləri spaydermen, betmen kimi obrazları təkrarlamaq istəyən çoxlu sayda azyaşlı olub. Bu cadügərliyə və vampirliyə də aiddir. Axı bu bayramda cadügər və vampir kimi də bəzənirlər. İkinci məqam isə bu bayramda uşaqların digərlərini qorxutmaq istəyinin formalaşdırılması ilə bağlıdır. Uşaqlar kimisə qorxutmaqdan çəkinmirlər.

Cizgi filmlərindəki qorxulu düşüncə, aqressivlik burda da özünü göstərir. Hər cür psixologiyada uşaq mövcuddur. Bir uşağın psixologiyası bunu normal qəbul edir və digər uşağı qorxutmaqdan ehtiyat etmirsə, qorxudulan uşağa bu necə təsir edir,burda diqqətli olmaq lazımdır. Qorxunun çox ciddi fəsadları ola bilər.

Bu bayramda sadəcə yaşı icazə verən uşaqlara (7yaşdan yuxarı) ölümün anlamını izah etmək lazımdır.”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!