Nevrozun yaranmasında başlıca səbəb…

Nevroz son illərin ən “populyar” xəstəliklərindən sayılır. Günümüzdə bu xəstəlikdən əziyyət çəkənlərin sayı həddən artıq çoxdur. Hətta bəzən həkim diaqnozu olmadan insanlar onlarda yaranan əsəbilik, gərginlik halına nevroz kimi yanaşırlar.

Nevroz nədir? Hansı hallar nevroz əlamətləri sayıla bilər?

Nevroz orqanizmdə heç bir orqanik patologiya olmadan meydana çıxan bir pozuntudur. Əslində müasir tibdə nevroz yox, daha çox nevrotik pozuntular, həyəcan pozuntuları, təşviş pozuntuları kimi sözlər işlədilməkdədir. Maraqlısı odur ki, nevrotik pozuntulardan əziyyət çəkən pasiyentlerin çox vaxt laborator, instrumental və radioloji müayinələrində heç bir dəyişiklik aşkar olunmur.

Nevrozun yaranma səbəbləri hansılardır?

Nevroz psixoloji, sosial, genetik və bioloji səbəblərdən meydana çıxa bilər. Psixoloji səbəb kimi pasiyentin uşaqlıq dövrünü normal yaşaya bilməməsi, ailədə münaqişələr və s. göstərmək olar.

Sosial səbəblərə isə maddi durumun yaxşı olmamasını, işsizlik və s. aid edilə bilər.

Bir çox xəstəliklərdə olduğu kimi nevrozda da genetik faktorlar özünü büruzə verməkdədir.

Nevrozun yaranmasında ən başlıca səbəb isə bioloji səbəbdir, yəni beyində serotonin maddəsinin (xoşbəxtlik hormonunun) səviyyəsinin aşağı düşməsidir.

Nevrozun hansı formaları var?

  • Həyəcan nevrozu;
  • Obsessiv-kompulsiv nevroz;
  • Somatik nevroz;
  • Fobiyalar;
  • Postravmatik stress pozuntusu və s.

Nevrozun simptomları necə olur?

  • Həyəcan;
  • Ürək döyüntülərinin sayının artması;
  • Kefsizlik;
  • Ruh düşkünlüyü;
  • Bəd xəbər eşitmə qorxusu;
  • Yorğunluq;
  • Yuxu və iştaha pozulmaları;
  • Bədənin müxtəlif nahiyələrində ağrılar;
  • Xəstəlik qorxusu;
  • Ölüm qorxusu;
  • Beyindən çıxmayan fikirlər və hərəkətlər;
  • Patoloji səliqəlilik və s.

Xəstəliyin diaqnozu necə qoyulur?

Nevroz diaqnozunu qoymaq üçün pasiyentdən ətraflı anamnez toplamaq çox vaxt yetərli olur. Lakin bəzən qanda müəyyən parametrləri də yoxlamağa ehtiyac duyuruq.

Nevrozun müalicəsi necə aparılmalıdır?

Nevrozların müalicəsi pasiyentin yaşı, yanaşı xəstəlikləri, çəkisi və s. nəzərə alınaraq fərdi qaydada aparılır. Effektiv müalicə aparmaq üçün ilk növbədə xəstəliyin yaranma səbəbini müəyyənləşdirmək lazımdır. Nevroza səbəb psixoloji gərginlik, özünəqapanma, təşvişli hiss-həyəcan olarsa, bu zaman müalicənin mütləq komponenti psixoterapiyadır. Həmçinin, sakitləşdirici texnikaların tətbiqi də müsbət təsir göstərir.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!