Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Uşaqlar və cəza

Ana-ata olaraq qaydaları qoymaq nə üçün vacibdir?

Uşağınızın xoşbəxt olmağını istəyirsinizsə onun bəzi arzu və istəklərinə yox deyə bilməli və riayət etməli olduğu qaydaları öyrətməlisiniz. Uşağa isti, güvənli bir ailə mühiti yaratmaq, paylaşmağı, başqalarına hörmət etməyi öyrətmək və sağlam bir özgüvən formalaşdırmaq üçün kömək etmək valideynlərin ən vacib işidir.

İlk aylardan sonra uşaqlara bəzən istək və ehtiyaclarını ödəməyi təxirə salmağı öyrətmək lazımdır. Bunun üçün uşağa dünyanın onun ətrafında dönmədiyini anlatmaq lazımdır. Gərginliyini kontrol etməyin vacibliyini başa düşməlidir. Bunun üçün:

  • Uşağınıza ağlama, mızıldanma, əsəbləşmə hərəkətləri etdiyi zaman istəklərinin yerinə yetməyəcəyini öyrətməlisiniz.
  • Hər istək və ehtiyacın həmin andaca yerinə yetirilə bilməyəcəyini izah etməlisiniz.

Uşaqların arzuolunmaz davranışları ilə necə baş çıxara bilərsiniz?

Əksər hallarda valideynlər pis hərəkətləri cəzalandırır və cəzalandırdıqları davranışın sonlanacağını düşünürlər. Ancaq düşünülənin əksinə cəza çox zaman əks təsir edir, arzuolunmaz hərəkətləri daha da artırır.

Cəzanın ən pis nəticəsi valideyn-uşaq münasibətinin zədələnməsi və uşağa fiziki və psixoloji zərbənin vurulmasıdır.

Cəza həm fiziki (vurmaq, döymək şəklində), həm də sözlə (uşağı alçaltmaq və sevgini əsirgəmək şəklində) ola bilər. Bu növ cəzalar nəticəsində:

  • Uşaq sırf cəza almamaq üçün pis hərəkətləri təkrarlamaya bilir;
  • Elədiyi pis hərəkətin nəticəsini anlayıb, bir daha etməməsi üçün fürsət tanınmamış ola bilir;
  • Pis hərəkətindən ötrü özünü günahlandırmaq əvəzinə, başqasını günahlandırır, uşaqda valideynə qarşı kir yaranır;
  • Cəza aldığı üçün uşaq özünü aciz hiss edə bilər;
  • Böyükləri nümunə alaraq özü də, eyni üsullarla problemləri həll etməyə çalışa bilər;
  • Cəza almamaq üçün pis hərəkətləri gizli-gizli təkrarlaya bilər, yalan danışmağa başlayar.

Cəza əvəzinə istifadə edə biləcəyiniz üsullar:

  • Təkrarlanmasını istəmədiyiniz davranışı açıqca başa salıb, hansı hərəkəti niyə etməməli olduğu haqqda məlumat verməlisiniz.
  • Niyə pis hərəkəti təkrarladığını düşünüb nəticə almaq üçün fərqli çıxış yollarını axtarmaq lazımdır.
  • Arzuolunmaz hərəkəti niyə etdiyini tapdıqdan sonra mühiti dəyişdirərək təkrarlanmasının qarşısını ala bilərsiniz.
  • Görməzdən gələ biləcəyiniz davranışları gözardı edib, istədiyiniz kimi davrandıqda təqdir etməlisiniz.
  • Davranışının nəticəsini yaşamasına imkan verməlisiniz.

Sonuncu üsulu bütün bu davranış dəyişdirmə cəhdlərini dəfələrlə təkrarlamağımıza baxmayaraq arzuolunmaz davranışı davam etdirdiyi zaman tətbiq etməliyik. Məsələn, iki uşağınız TV kanalları mövzusunda tez-tez mübahisə edirsə, bunun olmaması üçün bütün üsulları tətbiq edib nəticə ala bilmirsinizsə, o zaman televizoru söndürərək davranışlarının nəticəsini yaşatmaq lazımdır. Nəticə olaraq böyüklərin məqsədi uşaqların arzuolunmaz davranışlarını azaldıb müsbət davranışlarını artırmaq və müstəqil həyata hazırlamaqdır.

Uşaqlarınızın doğru və yalnışı ayırd edə bilən, özgüvənli olmasını istəyirsinizsə onlara vaxtında və gərəkli olan mükafatlandırma və cəza üsullarını tətbiq edin.

Əliyeva Leyla – Narınc Uşaq Psixologiya Mərkəzinin Gənclik filialının psixoloqu.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!