Valideyn-övlad münasibətləri

Zaman dəyişib, insanlar “müasirləşdikcə” digər milli ailə dəyərlərimiz kimi, valideyn-övlad münasibətlərində də çatlar əmələ gəlir. Ata-oğul, ana-qız arasında əsrlərdən bəri qorunub-saxlanan hörmət, abır-həya pərdəsi, demək olar ki, yox dərəcəsindədir. Əlbəttə razılaşırıq ki, “müasirləşmə” prosesi gedir və hər şey həmişə olduğu kimi qala bilmir. Yaxşı, ya pis bütün mədəni-mənəvi həyatımızda olan nə varsa zamanla öz ibtidai formasını dəyişir. Ancaq əxlaqın “müasirləşməsi” düşünürəm ki, cəmiyyətin tərbiyə sisitemində nasazlıq yaradacaq bir vəziyyətdir. Ailədə qadın-kişi münasibətləri kimi, valideyn-övlad münasibətləri də əsas götürülür. Ancaq bu gün biz bir çox ailələrdə tərəflər arasındakı qarşılıqlı hörmətin olmadığının şahidi oluruq. Artıq Azərbaycan ailələrində valideyn-övlad münasibətləri gərginliksiz ötüşmür.

Böyüklərdən eşitmişik ki, ƏVVƏLLƏR ATA İLƏ OĞUL, ANA İLƏ QIZ ARASINDA DƏRİN HÖRMƏT BAĞLARI VARDI. O zamanlarda oğul atasına açıq-aşkar evlənmək istədiyini bildirməkdən çəkinərdi. Atanın yanında siqaret çəkmək, içki içmək, lazımsız söhbətlər etmək böyük qəbahət hesab olunurdu. Evlənib oğul-uşağa qarışandan sonra da bu münasibətlər beləcə də davam edirdi. Ata yanında oğulun öz arvadına gizli baxmaca çəkinəcəyi qədər, valideynə sayqı vardı. Valideyn yanında həyat yoldaşının adını çəkməyi ayıb sayardılar. “Uşaqların anası, uşaqların atası” deyərdilər. Nə qədər böyük əxlaq, sonsuz hörmət varmış o zaman. Şəxsən mən bu mənada keçmişin tərəfdarıyam. Qızın həmişə him-cimi anasıyla olardı. Qız ərə gedəndə ata-ana qonaq çağırmayana qədər ata evinə gəlməyə utanardı. İndi elə ailələr var ki, oğul atanın yanında çəkinmədən damağına siqaret qoyur, evə içkili vəziyyətdə gəlir. Özlərini ata-anaya hesabat verməyə məcbur hiss etmirlər. Elə bir məqamdır ki, valideyn övladına şillə vurmağa qorxur. Həmin şilləyə görə oğul, qız evi tərk edir. “Bu mənim həyatımdır, özüm bilərəm, necə yaşayıram” sözü indiki ailələrdə övladların, necə deyərlər, şüarına çevrilib. Ana bir deyirsə, övlad beş deyir. Övladlar ehtiras hisslərinin adını “sevgi” qoyub, valideynlərlə aradan pərdəni götürürlər.

BUDURMU MÜASİRLİK?

Analarının məsləhətinə məhəl qoyan qızlar barmaqla sayılacaq qədərdir. Ailə qurandan sonra isə valideyn ümumiyyətlə övladına hansısa bir yol göstərməyə ürək eləmir. Uşağını qucağına alıb sevələmək, bərkdən danışıb, gülmək , valideyn yanında uzanmaq tərbiyəsizlik hesab olunurdu. Hətta bəzi ailələrdə övladlar atalarına “siz” deyə müraciət edirdilər. Özləri valideyni necə sayıb hörmət edirdilərsə, gəlin də, kürəkən də qaynana-qaynata yanında ədəbi-ərkanı qoruyub saxlayırdılar. Valideynə cavab qaytarmağa övladın haqqı çatmazdı. Neçə yaşı olur olsun, istər günahkar olsun, istər günahsız, ata-ana sözünün qarşısından dinməzdilər. Ata Tanrı kimi uca sayılardı. Bunlar bizim milli ailə adət-ənənələrimizdir. Yalnız nənə və babalarımızdan eşitdiyimiz bu valideyn-övlad münasibətləri indi bir qədər başqa şəkil alıb. Valideyn-övlad arasındakı bu cür sayğısız münasibətlərin yaranmasında yalnız övladları günahkar saya bilmərik. Ümumiyyətlə belə bir məşhur kəlam yerində deyilib ki, uşaq evin güzgüsüdür, bu güzgüyə necə baxsan, səni o cürə də göstərəcək. Valideynlərin uşaqları “düzgün” tərbiyə etmək üsulları yalnız, şiddət, söyüş, zorakılıqdan ibarətdir indi.

VALİDEYNLƏR DƏ ÖVLADLARINA QARŞI HÖRMƏTSİZ DAVRANIRLAR.

Bundan əvvəl ata qızla aradan pərdəni götürməzdi. Nə sözü olsa, ana vasitəsilə qızına çatdırardı. Ancaq yaşadığımız dövrdə atalar var ki, qızına kobudcasına əl qaldırıb, nalayiq sözlər söyləyir. Təəssüflər olsun ki, qızlarına cinsi zorakılıq tətbiq edən atalara da rast gəlmək olur. Əlbəttə ki, bu başqa bir mövzudur, amma bu cür valideynlər də var. Eyni zamanda qızla ata arasında bu cür münasibətlət olduqda, qız da atanın üzünə ağ olar. Ondan gizlin işlər çevirər və ona yalan söyləyər. Öz maraqları çərçivəsində atasının üzünü bir neçə kişinin yanında aşağı da edər.

Ana oğulu evin ikinci kişisi sayırdı. Keçmiş dövrün oxuma yazma bilməyən, savadsız valideynləri indinin dünya görüşlü ata-analarına nisbətən daha çox övladlarına, onların mənəvi dünyasına diqqət göstərirdilər. Sevgilərini övladları arasında bərabər və düzgün bölüşdürməyi çox məharətlə bacarırdılar. Amma indi valideynlər övladlarına acıqlananda tez-tez “sən kimsən, sən məndən asılısan, səni mən dünyaya gətirmişəm” kimi məntiqsiz və alçaldıcı sözlər işlədirlər.

joy.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!