Alaliya

Alaliya (“a”- yunanca inkar ədatı, “laliya” isə nitq deməkdir) normal eşitmə qabiliyyəti olduğu halda, uşaqlarda nitqin olmaması və inkişafdan qalması deməkdir. Alaliyaya səbəb bətndaxili, yaxud bir yaşına qədər, yəni uşaqda nitqin yaranmasından əvvəl alınan beyin zədəsi və ya keçirilən xəstəlik nəticəsində beynin nitq mərkəzlərinin zədələnməsi və ya onların struktur inkişafının pozulması olur. Bundan başqa, alaliya ağır raxit, nəfəs sisteminin ağır xəstəliklərinə düçar olmuş və ya həyatının ilk aylarında yuxu və qidası pozulmuş uşaqlarda yarana bilər. Alaliya zamanı beynin lokal sahəsi zədələndiyi üçün ekspressiv nitq inkişafdan qalır, yəni aktiv lüğətin mənimsənilməsi, dilin qrammatik quruluş itir. Eyni zamanda nitqin anlama səviyyəsi aşağı düşür, yəni impressiv nitq inkişafdan qalır. Baş beynin böyük yarımkürəsinin nitq sahəsi üzrə zədələnməsinin lokallığından asılı olaraq, alaliya iki növə ayrılır: motor və sensor alaliya. Motor alaliya nitq hərəki analizatorunun, sensor alaliya isə qavrama analizatorunun fəaliyyətinin pozulması ilə yaranır. Motor alaliyası olan uşaqlar çox zaman tormozlayıcı hərəkətləri ilə, yüksək qıcıqlanma ilə, tez bir zamanda qərarsızlıqla, küsəyənlik ilə seçilirlər. Sensor alaliya zamanı nitq quruluşunun əsasını tam eşitmə halında nitqi qavrama və başa düşmənin pozulması təşkil edir. Uşaq ya ona müraciət olunan nitqi tam başa düşmür, ya da ki, onu çox məhdud səviyyədə başa düşür. Sensor alaliyalı uşaqlarda exolaliya (təkrarlamaq) halları özünü göstərir. Alalik uşaqlar üçün diqqətin və yaddaşın inkişafdan qalması səciyyəvidir. Alaliyadan əziyyət çəkən uşaqlarla işi əsasən, 4-5 yaşlarından başlamaq lazımdır. İşin başlıca məqsədlərindən biri alalik uşağın təfəkkürünün və intelektinin ümumi inkişafıdır. Alalik uşağın nitqi çox gec inkişaf edir. Bu inkişaf motor alaliya zamanı müvəffəqiyyətlə, sensor alaliya zamanı isə pis yerinə yetirilir. Nitqi inkişaf etdirmək və ünsiyyətə tələbatı artırmaq üçün alalik uş aqları, eşidən və danışan uşaqların arasına daxil etmək lazımdır. Bu, onlara danışmağa stimul yarada bilər. Təcrübələrə əsasən, alaliyalı uşaqların sayının az olduğu qənaətinə gəlmək olar. 2-3 illik təlimdən sonra bəzi alalik uşaqlarda nitq inkişaf edir və sonradan onlar ictimai məktəblərdə oxuya bilirlər. Vaxtında heç bir qərar verməmək, uşağı cəmiyyətdən uzaqlaşdırmaq, ikidillilik kimi səbəblərdən uşağın nitqini itirmək olar. Səs təqlidinin və sözün ritmik strukturunun mənimsənilməsi mexanizmi yaranmır, hətta mütəxəssislərin belə gecikmiş prosesə müdaxiləsi bəzən nəticə vermir.

Ülkər Əhmədzadə

Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!