Təxəyyül və onun formaları

Təxəyyül əks etdirirsə, təxəyyül varlığı konkret obrazlı formada əks etdirir. Biz bu cəhəti alimin və yazıçının fəaliyyətində aydın şəkildə görə bilərik.Alim də, yazıçı da varlığı əks etdirir, lakin biri məntiqi dəlillərlə, sübutlarla, digəri isə təxəyyülün köməyi ilə, yaratdığı obrazlarla. Təxəyyül bir psixi proses kimi, təbii ki, müəyyən fizioloji proseslərlə, beyinin fəaliyyəti ilə bağlıdır. Burada ilk növbədə insan beyninin analitik-sintetik fəaliyyəti mü¬hüm əhəmiyyət daşıyır. Belə ki, insan öz praktik, əməli fəaliyyətində varlığın cisim və hadisələrini tərkib elementlərinə ayırır. Məhz bu elementlər sonradan başqa bir, yeni qaydada birləşdirilir, yeni surətlər yaradılır. Varlıq, aləm bu surətlərdə əks etdirilir. Təxəyyül surətlərinin yaranmasının fizioloji mexanizmində əvvəllər beyində yaranmış müvəqqəti sinir rabitələrinin yenidən, yeni qaydada birləşməsi və canlanması dayanır. Təxəyyül fenomen xüsusiyyətlərə malik psixi prosesdir. Burada qeyri-adi olan odur ki, təxəyyül obrazları beyində gedən fizioloji proseslərin nəticəsində yaranırsa da, bu obrazlar yarandıqdan sonra orqanizmdə gedən digər fizioloji proseslərə təsir edə bilir. Təxəyyüldən psixoterapiyada da geniş istifadə olunur və müəyyən psixoloji gərginliyin aradan qaldırılmasına imkan verir. Təxəyyül çox mürəkkəb psixi prosesdir.

Passiv təxəyyül

Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf mühiti dəyişdirməyə yönəlmiş yaradıcı fəaliyyət kimi özünü göstərmir. İnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda insan fantastik təsəvvürlər aləminə qapılır, özünün çətin vəzifələrini həyata keçirmək naminə, sanki, təxəyyülünün yaratdığı surətlərin arxasında gizlənir. Bu cür təxəyyül növü passiv təxəyyül adlanır. Passiv təxəyyül özü də iki növə, niyyətli və niyyətsiz təxəyyül növlərinə ayrılır. Xoş, sevincli, dadlı xülyaya qapılmaq hər kəsə xas olan bir cəhətdir. Xülya obrazları ilə insanın tələbatları arasında bir başa rabitə, əlaqə mövcuddur. Belə bir cəhəti xüsusilə qeyd etmək lazımdır ki, insanın təxəyyül fəaliyyətində bu növ təxəyyül üstünlük təşkil etsə, belə adamlara xülyaçı, xülyapərəst adamlar deyilir. Bu cəhət şəxsiyyətin mənfi cəhəti olub, onu passivləşdirən, fəaliyyətdən qoyan bir cəhətdir. Passiv təxəyyülün niyyətsiz növü adətən şüurun, insanda ikinci siqnal sisteminin fəaliyyəti zəiflədiyi zaman baş verir. Passiv təxəyyül niyyətli və niyyətsiz növlərə ayrılırsa, fəal təxəyyül həmişə niyyətli xarakterə malik olub, bərpaedici və yaradıcı təxəyyül növlərinə ayrılır. Bərpaedici təxəyyül təsvirə, sxemə əsasən surətlərin yaradılması prosesidir. Mövcud olmuş, yaxud mövcud olan, lakin bizim tərəfimizdən heç zaman bilavasitə qavranılmamış obyektlərin təsvirə əsasən surətlərinin yaradılmasına bərpaedici təxəyyül deyilir. Bərpaedici təxəyyül insanın həyat və fəaliyyətində mühüm əhəmiyyətə malik olmaqla təlim fəaliyyətində müstəsna əhəmiyyət daşıyır. Yaradıcı təxəyyül fəaliyyətin tərkib hissəsini təşkil edən yeni surətlərin yaradılmasıdır. Təxəyyülün bu növü heç bir sxemə, təsvirə istinad etmədən, müstəqil olaraq yeni surətlərin yaradılmasından ibarətdir. Bəzən yanlış olaraq yaradıcı təxəyyüllə, yəni, yeni orijinal obrazların yaradılması prosesi ilə yaradıcılıq deyilən fəaliyyət prosesini eyniləşdirirlər. Təbii ki, insanın yaradıcılıq fəaliyyəti yaradıcı təxəyyülə çox bağlıdır. Lakin, bunlar eyniləşə bilməz. Təxəyyül və yaradıcılıq haqqında sonrakı bölmədə söhbət açacağıq. Burada isə ancaq yeni obrazlar yaratmaqdan söhbət gedir. Yeni obrazın, surətin yaradılması prosesi haqqında ayrıca danışacağıq.

Xəyal

Təxəyyülün növlərindən biridir. Xəyal arzu edilən gələcəyə yönəlmiş obrazların yaradılması prosesidir. Xəyal xülya deyil. Xəyalı xülyadan ayıran odur ki, xəyal əsasən real, həyata keçirilməsi mümkün olan surətlərin yaradılması prosesidir. Xəyal insanın fəallığının çox qüvvətli stimullarından biridir. Xəyal insana fəaliyyətində və mübarizəsində qarşıya çıxan çətinliklərə üstün gəlməkdə bir güc, qüvvə verir. Xüsusilə gənclərin, məktəblilərin gələcək peşələri, həyat mövqeləri haqqındakı xəyalları onları yaxşı oxumağa, çalışmağa, özlərinin təhsil fəaliyyətlərinə daha ciddi yanaşmağa sövq edir. Göstər¬diyimiz bütün bu cəhətlərinə görə xəyal insanı passivləşdirən xülyadan əsaslı şəkildə fərqlənir. Xəyal insanın reallaşa bilən, yaxud reallaşması mümkün olan fantaziyasıdır.

Rəna Kazımova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!