Yeniyetmələrdə müşahidə olunan bəzi davranış pozuntuları.

Yeniyetmənin mənəvi dünyasında bəzi narahatlıqlar diqqəti çəkir. Yalnızlıqdan alınan həzlə bərabər bir qrupa qatılma istəyi, böyüklərlə ziddiyyət, amma buna baxmayaraq onları qəbul etmə, narahatlıq və ümidsizliklə yanaşı gələcəyə yönələn böyük həvəs bu dövrün əsas narahatlıq yaradan hisləridir.

Psixoloji narahatlıqların nəticələrini davranışlarda da görmək mümkündür. Hər bir davranış pozuntusunun mütləq bir səbəbi vardır. Müəyyən bir səbəbdən psixoloji narahat olan gənclərdə müxtəlif reaksiyalar görülə bilir. Bu reaksiyalar əsasən iki qrupa bölünür: Daxilə yönəlmiş uyğunsuz davranışlar və xaricə yönəlmiş uyğunsuz davranışlar.

  1. Daxilə yönəlmiş uyğunsuz davranışlar: bu cür davranış göstərən gənclər əsasən çox qəmgin, qorxmuş, günahkarlıq duyğusu içində bəzi təzyiqlərə məruz qalmış, özlərinə inam hissini itirmiş və ətrafdakı insanlar və mühitlə münasibətləri qopmuşdur. Bəzi gənclərdə çox utancaqlıq, alçalmışlıq kimi duyğular görə bilərik. Özünə inamı az olan gənclərin üstün cəhətlərinin qabardılması onların özlərinə inam qazanmasına kömək olacaqdır. Ata-ana və muəllimlərin bir çoxu qapalı davranişlar göstərən bu gənclərə lazımi diqqət ayırmır, onları, “sakit”,” səssiz”, “sözəbaxan”,”tərbiyəli “deyə nümunə göstərirler. Amma əslində onlar duyğu və hisslərini göstərməyən gənclərdir və diqqətə daha çox ehtiyac duyurlar. İçinə qapanmış gənclərin əsas xüsusiyyətləri: Dırnaq yemə, tiklər, unutqanlıq, xəyala dalma, ata-anadan həddən artıq asılılıq, tez incimə, tez-tez səbəbsiz əhval-ruhiyyənin pozulması.

Xaricə yönəlmiş uyğunsuz davranışlar: Yalan. Bir yeniyetmə tez-tez yalan danişırsa, ya ata-anasının ondan gözlədiklərini doğrultmaqda çətinlik çəkir, ya da cəzadan qorxub yalan danışır. Yeniyetmələrə istəklərini, narahatlıq və sızıntılarını rahat dinləməyə və həll yollarını tapmağa hazır olduğunuzu hiss etdirsəniz, sizinlə rahat danışmağa şərait yaratsanız duyğularını gizlətmək üçün yalana ehtiyac qalmaz. Oğurluq. Psixoloji və maddi çatışmazlıq nəticəsində ortaya çıxan bir davranışdır. Oğurluq edən bir uşağın mütləq söyləmək istədiyi bir sözü vardır. Şəxsi həyatından qaynaqlanan bir problem ola bilər. Nəyisə çatışmır və ya nəyi isə dəyişmək lazımdır. Gənclər dost qrupları ilə sırf əyləncə olsun deyə də oğurluq edə bilər. Ya da ki, dostlarından seçilməmək uçün etiraz etməz. Gənc oğurluq etmişsə, ata-analar soyuqqanlı olmalıdırlar. Ağır günahlandırmaq, evdən qovmaq, döymək, problemi daha da dərinləşdirəcəkdir. Hətta döyülmüş uşaq cəzasını çəkdiyini və ödəşdiyini düşünərək yeni bir oğurluq edə bilər. Uşaq ilk dəfə oğurluq edirsə, ata-ana kimi müəllimlər də bağışlama mövqeyini tutmalıdır. Birinci oğurluqların ağır cəzalandırılması oğurluqların davamlılığına gətirib çıxarır.

Aqressivlik. Aqressiv gənc psixoloji problemləri səbəbindən yaşıdları və ətrafı ilə normal münasibətlər qura bilmir. Aqressiv olan gənc əslində özünə güvənsizdir. Ətrafdan yaxşı münasibət gözləmədiyi üçün ilk reaksiyası aqressiv olur. Görmədiyi yaxşı münasibəti başqasına da verə bilməz. Aqressiv uşaq əslində qayğıdan məhrum və sevilmədiyinə inanan uşaqır. Kobud hərəkətləri ilə özünün güclü olduğuna inandırmağa çalışır. Ata-ananın qərarsız tərbiyə üsulu onun aqressivliyinin səbəbidir. Aqressiv uşaq ailədəki natarazlığa və ətrafdakı neqativ şəraitə baglı olaraq səhvə yönəlir. Sevgi çatışmazlığı, qatı cəzalar və davamlı anlayışsızlıq əlavə olunanda isə sanki bilərəkdən səhvə yönəldilir. Bütün bu halların baş verməməsi üçün bir qədər tədbirli davranılmalıdır.Narahat bir ailə abu-havası yeniyetmənin evdən və məktəbdən qaçmasına səbəb ola bilər. Ata-ana heç olmazsa yeniyetmənin yanında mübahisədən qaçınmalıdır. Neqativ davranışlar uşaqdakı yetərsizlik, sayılmama və dəyər verilməmə hisslərindən ortaya çıxır. Bu səbəbdən müəllim, ata-ana ona dəyər verdiyini, vacibliyini fürsət olduqca hiss etdirməlidir. Gəncin istedad və gücündən artıq bacarıqlar gözləməmək, əldə etdiyi nəticələr çox yüksək olmasa belə, tənqid etməmək, yavaş-yavaş, onu incitmədən daha yaxşı nəticə əldə etməsinə kömək etmək lazımdır. Gənci daha yaxşı başa düşmək üçün dostlarını tanımaq lazımdır, onlarla da yaxşı münasibət qurmalı və dostlarına da eynən ona göstərilən qədər hörmət göstərilməlidir.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin psixoloqu Ceyran Həsənli

www.pcc.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!