İnsan, həyatı boyunca dəyişiklik və inkişaf içindədir. Yeniyetməlik bu inkişaf zamanının ən vacib hissəsini təşkil edir. Bu dövrü hər bir valideyin yaşasa da övladları ilə birgə yenidən kəşf etməli olur. Bəs öz kimliyini yeni tanımağa başlayan uşaqlarımıza necə yaxınlaşmalı və hansı narahatlıqlarına qarşı diqqətli olmalıyıq?
Ailə ilə yaxınlıq, yeniyetməlik dövründəki bir gənc üçün hər zamankından daha vacibdir. Buna görə də valideynlər öz yeniyetməlik illərini, duyğu və hisslərini xatırlayıb, özlərini uşaqlarının yerinə qoymağı bacarmalıdırlar. Sağlam və xoşbəxt yetişkin olmaq üçün “yeniyetməlik” adlanan bu dövrdə lazımi bilik, bacarıq, uyğun qərarlılıq və dəyərlər qazanılmalıdır.
İndi isə yeniyetməlikdə ən çox rastlanan bəzi narahatlıqlar və onların aradan qaldırılması yolları haqda. Gələcək qayğısı bu yaşa xas özəlliklərdən biridir. Çünki bu mərhələdə kimlik qazanılır və gələcəyə ilk addım atılır. Yeniyetmə,”görəsən mən gələcəkdə kim olacağam”, “nə işin sahibi olacağam”, “məni necə bir həyat gözləyir”, “kiminlə evlənəcəyəm” və s. bu kimi narahatlıqlar duyur. Valideyn bu narahatlıqları hiss etməli, övladına, malik olduğu yüksək keyfiyyətlərini, bacarıqlarını (əlbəttə doğru olaraq) söyləməlidir. Məsələn, ”gözəlsən”, ”sağlamsan”, ”bu kimi özunəməxsusluqların var” və s.
Bəzən yeniyetmələr öz xarici görünüşlərindən, xırda bir detaldan belə narahat olur və özlərini bəyənmirlər. Bu zaman əsla lağ etmək, onun bu qayğısına etinasız yanaşmaq olmaz. Əksinə, “bunlar hamısı keçəcək”,”hər şey yoluna düşəcək” kimi sözlərlə təsəlli etmək, onu narahat edən bu detalın üstündə durmamaqla, başqa üstünlük və gözəlliklərini xüsusilə qeyd etmək lazımdır.
Bu yaşlarda, əsasən davamlı olmayan ilk sevgi hissləri yaranır və bu təbiidir. Valideyn övladına bunu qadağan etməməli, əksinə normal bir şey olduğunu və hər kəslə baş verdiyini izah etməlidir.
Yalnız hərdən yeniyetməliyin son ərəfələrində (16-18 yaşlarda) gənclərdə, həqiqi sandıqları sevgilərindən ayrılıb depressiyaya düşmə, tamamilə özünə qapanma hallarına rast gəlinir. Bu normal hal deyil və aşağıdakı səbəblərdən ortaya çıxır: yeniyetmənin düzgün tərbiyə olunmaması, özünə həddən artıq güvənsizliyi, ailəsi ilə münasibətlərin çox pis olması və özünə kənarda dəstək axtarması. Bu cür situasiyalarda mütəxəssisə müraciət edilməsi məqsədəuyğun hesab edilir.
Valideynin, cinsi mövzular haqda məlumatları uşağına birinci növbədə özü verməsi faydalı olar. Yaxşı olar ki, öz həmcinsi olan valideyn övladını maraqlandıran suallara cavab versin, amma daşıya bilməyəcəyi artıq məlumatlarla da yükləməsin. Bununla həm onun kənardan yanlış məlumatlar almasını önləyər, həm də sizə daha yaxın olmasına şərait yaradarsınız.
Siqaret və alkoqollu içkilərə maraq da bu dövrdə artır və yeniyetmələr bu zərərli vərdişlərə yiyələnməklə, sanki böyüdüklərini bildirmək istəyir, eyni zamanda bəzi başqa yaşıdlarından seçilmək istəmirlər. Ən təhlükəlisi isə narkotik maddələrə marağın getdikcə artmasıdır. Bəzən də gənclər, dırnaqarası dostların, “bir dəfə ilə bir şey olmaz”, ”etsən də alışmazsan” kimi sözlərinə də aldana bilərlər. Halbuki, bu yola başlayandan sonra geriyə dönüş çox çətindir. Bu zaman övladınıza izah etməlisiniz ki, azad və güclü insan, zərərli vərdişlərə yiyələnən yox, əksinə onlardan imtina etməyi bacarandır.
Ata-anası tərəfindən şərtsiz sevilən, günahlandırılmadan, tənqid və sorğu-sual edilmədən dinlənən gənc qarşılaşdığı çətinliklərin öhdəsindən gəlməkdə aciz qalmayacaqdır.
Övladlarımız bizim gələcəyimizdir. Onların gələcəyi isə bizdən asılıdır.
Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin psixoloqu Ceyran Həsənli
www.pcc.az