Yeniyetməlikdə bəzi tipik narahatlıqlar və potensial zərərli vərdişlər

Yeniyetməlik özünü tanıma, şəxsiyyətini kəşf etmə və psixi inkişafın ən mühümzamanıdır. Gələcək həyat fərdin bu dövrü necə keçəcəyindən çox asılıdır. Buna görə də valideynlər uşaqlarının yeniyetməlik dövrünün uğurla keçməsiüçun çalışmalıdır. Təbii ki, valideynlərin bu barədə daha çox məlumata sahib olmaları işin uğurlu aparılmasına təsir göstərəcək. Təxminən 10-20 yaş arası bir dövrü əhatə edən bu zaman ərzində, yeniyetmənin orqanizmində bir sıra fiziki dəyişikliklər və eləcə də psixoloji narahatlıqlar baş verir. Əksər yeniyetmələr bunlara alışmaqda çətinlik çəkirlər.

Fiziki dəyişikliklərə boy uzanması, çəki artımı, səsin qalınlaşması, üzdə sızanaqların əmələ gəlməsi, cinsi dəyişikliklər və s. aiddir.

Psixoloji narahatlıqlara isə biz özünə qapanma, utancaqlıq, özgüvən hissinin aşağı olması, tez incimə, sərbəstliyə həddən artıq meyl, istəklərin artması, eqoistlik, qarşı cinsə meyl, gələcək haqda narahatlıq və s. misal göstərmək olar. Bunlar diqqətə alınmadığı təqdirdə dərslərdə zəifləmə, valideynlərlə münasibətlərin gərginləşməsi, inadkarlıq və s. bu kimi neqativ hallar yarana bilər.

Bəzi narahatlıqların aradan qaldırılması yolları haqqında bir mütəxəssis olaraq öz fikirlərimi bölüşmək istərdim.

Ümumiyyətlə yeniyetməliyin normal keçməsi üçün uşağın körpəlikdən düzgün tərbiyə olunması vacibdir.

Əgər uşaqda yeniyetməlik dövrünə qədər lazımi özgüvən(0-3 yaş arası), cinsi kimlik(3-4 yaş arası), oyun bacarıqları(4-6 yaş arası) və yarış bacarıqları (6-11 yaş arası) düzgün formalaşıbsa uşaq yeniyetməlik dövründən özü rahatlıqla çıxacaqdır.

Burada ən vacib məqam uşaqla valideyn arasında sağlam münasibətlərin olmasıdır. Valideyn uşağına güvənməli və uşağın da ona güvənməsinə zəmin yaratmalıdır. Bunun üçün əsas şərt valideynin qərarlı davranmasıdır, yəni uşağı ilə olan münasibətdə hər hansı hadisəyə yanaşması, tutduğu mövqe başqa bir zaman eyni hadisə baş verərsə dəyişməməlidir. Belə olduqda uşaq valideynə güvənəcəkdir. Çox yaxşı olar ki, yeniyetməlik dövründə hər bir uşaqla öz həmcinsi olan valideyn , yəni qızla ana və oğlanla ata daha çox məşğul olsun və bu dövrün xüsusiyyətlərini onunla paylaşsın.

Ailədən uzaqlaşma, dostlarla həddən artıq yaxınlıq, onlarla daha çox zaman keçirmə, uzun telefon danışıqları bu dövrün əsas narahatlıq yaradan amilləridir. Bu dövrdə yeniyetmələrin valideyn sözündən daha çox dost sözünə inanması və əməl etməsi, valideyni inkar etməsi geniş yayılmış faktordur. Sözsüz ki, bu hal valideyndə narahatlıq yaratmaya bilməz. Amma nəzərə alınmalıdır ki, bu uşaqda öz müstəqilliyini sübut etmək arzusu və yaşın gətirdiyi müvəqqəti bir haldır. Və unudulmamalıdır ki, yeniyetməliyin ən güclü hissləri dostluq və sevgidir.

Əgər uşaq ailəsindən bir qədər uzaqlaşmasına baxmayaraq, şən, yüksək əhval-ruhiyyəli, həyata bağlı isə deməli hər şey yolundadır.

Uşağınızın dostlarının kimlər olduğu haqda narahatlığınız varsa, onlarla tanış ola bilərsiniz. Məsələn, evinizə dəvət edib, sizin evdə birgə vaxt keçirmələri üçün şərait yarada bilərsiniz.

Amma övladınız otağına çəkilərək həddən artıq ruh düşkünlüyü halındadırsa, özünə qapanıb və ətraf mühitdən tamamilə təcrid olubsa, onunla söhbət edib bunun səbəbini aydınlaşdırmağa çalışmaq lazımdır. Əgər uşaq inadkarlıq edir, cəhdləriniz nəticəsiz qalırsa o zaman münasibətləri gərginləşdirmədən bir mutəxəssisdən məsləhət almaq lazımdır.

Yeniyetməlik dövründə dərslərdə zəifliyin yaranması tez-tez qarşıya çıxan hallardandır. Bu əsasən aşağıdakı səbəblərdən olur.

  1. Orqanizmdə hormonal tarazlığın dəyişməsi və nəticədə uşağın konsentrasiyasının pozulması.
  2. Uşaq özünə inamsız, içinə qapanan, dost qruplarına qatıla bilməyən ola bilər və bu onda depressiya yaratdıgı üçün dərs bacarıqları zəifləyər.

Bu zaman “Niyə dərslərini oxumursan?!”, “Dərslərini oxu!” demək yerinə onu anlamağa çalışmaq, həvəsləndirmək, eyni zamanda məktəblə də əlaqə saxlamaq lazımdır. Uşağın dərs müvəffəqiyyətini artıracaq hallardan biri də onun məktəbdəpopulyar olması, keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etməsi ola bilər. Bu həmçinin onun kollektivdə sevilməsinə və özünə güvənin artmasına səbəb olacaq.

Yeniyetməlik həyatın ən işıqlı çağıdır. Onun övladınızın yaddaşında bu şəkildə qalması üçün vaxtınızı əsirgəməyin.

Seriya şəklində çap olunacaq növbəti məqalələrdə bir çox yeniyetməlik problemlərinə daha detallı toxunulacaq.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin psixoloqu Ceyran Həsənli

www.pcc.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!