Bu gün Beynəlxalq Daun Sindromlu İnsanların Günüdür

21 Mart – Beynəlxalq Daun Sindromu Günüdür (World Down Syndrome Day).

Bu təqvim Daun sindromuna həsr olunmuş VI simpoziumun iştirakçılarının təşəbbüsü ilə 2005-ci ildən etibarən qeyd olunmağa başlayıb. Qeyd olunması ilə bağlı rəsmi qərar isə 2011-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib.

Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu problemə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Həmin gün aidiyyətı orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları bu problemə diqqətin çəkilməsi istiqamətində bir sıra tədbirlər görürlər.

Məlumat üçün bildirək ki, Daun sindromu onu 1866-cı ildə ilk dəfə təsvir etmiş ingilis həkimi Con Daunun şərəfinə adlandırılıb. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Beynəlxalq Daun sindromu gününün qeyd olunmasının tarixi də təsadüfi seçilməyib. Belə ki, məhz cütlüyün nömrəsi (21) və xromosomların miqdarı (3) nəzərə alınaraq Beynəlxalq Daun Sindromu Günü martın 21-də qeyd olunur.

Qeyd edək ki, Daun sindromu genetik bir təsadüfdür, anomaliyadır və bu cür uşaq hər bir ailədə doğula bilər. Valideynlərin daun sindromlu uşaqların doğulmasında heç bir günahı yoxdur. Daun sindromlu oğlanlar və qızlar eyni əlamətlərlə doğulur. Onların səhhətində bir sıra problemlər – eşitmə və görmə zəifliyi, mədə – bağırsaq sistemində pozuntular, ürək qusurları, əqli inkişaf geriliyi müşahidə olunur.

Daun sindromlu uşaqlar üçün əsas təhlükəni yaradan onların sağlamlığındakı problemlər deyil, əsas onlar haqqında cəmiyyətdə mövcud olan mənfi rəylərdir. Məhz cəmiyyətin münasibəti baryer yaradır, uşaqlara lazımi dəstəyi almağa mane olur. Lakin bir artıq xromosomlu insanların da inkişaf etməyə və yaratmağa haqqı var. Onlara yalnız ailə və cəmiyyət tərəfindən daha çox kömək, diqqət və qayğı lazımdır.

Daun sindromu nədir? Daun sindromu xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdəndir. Daun sindromlu xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur. Artıq olan 1 xromosom qeyri-cinsi xromosomdur. Bu xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin zəif olur.

Həkimlərin qənaətinə görə, ananın yaşının çox olması Daun sindromlu uşaqların doğulması ehtimalını artırır. Belə ki, yaşı 35-dən artıq olan qadınlarda körpələrin bu sindromla doğulma ehtimalı 10 dəfə, 40-dan artıq olan qadınlarda isə 25 dəfə artıqdır.

Daun sindromunun meydana gəlməsinə səbəb olan faktorlar sırasına radiasiya, troit antibodies, narkotik və spirt istifadəsi kimi müxtəlif səbəblər də göstərilir.

Sonradan da uşaqların daun sindromlu olma riski var. Bu problemin cavabı uşağın xromosom dəyişməsinin növünə bağlıdır. Risk yüksək deyil, lakin istisnalar da ola bilər.

Daun sindromu olan uşaqlara adi körpələr kimi qidalanırlar. Ancaq belə xəstələr piylənməyə meyilli olular. Daun sindromu ilə doğulan uşaqların inkişafında ailələrin səviyyəsi, uşaqla işləmək bacarığı böyük rol oynayır.

Daun sindromunun əlamətlərinə gəlincə, psixoloqlar hesab edirlər ki, Daun sindromu ilə doğulan uşaqların oxşar əlamətləri bunlardır – onların boyu qısa, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik, göz yarığı çəp, gözbucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük оlur. Belə uşaqların əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Dişlərinə gəldikdə, Daun sindromu ilə doğulan uşaqlarda dişlər əyri olur və normal ardıcıllığa uyğun çıxmır. Onlarda ağız boşluğu normada olduğundan nisbətən kiçik, dil isə böyükdür. Bu sindromla doğulan uşaqların ovucları enli, barmaqları qısa, çeçələ barmaq bir az içəriyə doğru bükülmüş olur. Bir çox uşaqlarda göstərici barmaqla baş barmaq arasındakı məsafənin çox böyük olmasındadır.

Daun sindromu ilə doğulan uşaqlarla bağlı verilən məlumatlarda qeyd olunur ki, belə uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemləri var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri оlur. Onların immunitetləri də zəif olur və bu uşaqlar qulaq, göz infeksiyalarına meyillidirlər. Amma Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür.

Mənbə: 1news.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!