Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Televizora baxmaq uşaq psixologiyasında nə kimi fəsadlar yaradır?

Televizor, şübhəsiz, zaman tələlərinin başında gəlir. “TV-Turnoff Netvork”un (Televizoru söndürün şəbəkəsi)məlumatlarına əsasən ABŞ-da ailələrin böyük əksəriyyətində 8 saat televizor seyr edilir. Bu, 70 illik ömrün 23 ilinə təqabül edir. Araşdırmaya görə bu ölkədə 8-16 yaş qrupundakı uşaqların yarısının otağında mütləq televizor olur və 1 yaşlı uşaqlar belə həftədə 6 saat televizora baxırlar. Daha qəribə fakt 2-17 yaş intervalındakı uşaqların valideynlərilə həftəlik söhbətləri 38,5 dəqiqə sürərkən, televizora baxma müddətinin 19 saat 40 dəqiqə təşkil etməsidir.

Bu və ya digər şəkildə ölkəmizdə də günün çoxunu televizor qabağında keçirən insanların sayı heç də azlıq təşkil etmir. Fikrimlə razılaşarsınız, siz də vaxtınızın böyük hissəsini televizora baxaraq tükətirsiniz. Televizor seyr etmək sizin üçün tərki qeyri-mümkün fəaliyyətdir. Bir də ki, dünyada olub-bitənlərdən anında xəbərdar olmanın nəyi pisdir, axı?! Kamuflyajlı yalan! Çağdaş görünüb vaxtınızı zəbt edən təsəlli qaynağınız. Bir nəzər yetirin, həyatınızın nə qədərini özünüzə ayırmısınız. Yaxşı qəbul edək ki, yer kürəsində baş verənlərlə mütəmadi məlumatlanmaq ehtiyacı içindəsiniz. Ya görəsən, tədarük etdiyiniz informasiyanın nə qədərini günlük həyatda istifadə edirsiniz? Real yanaşın, çox kiçik bir faizini. Bəs boşuna keçmiş olduğunuz dəqiqələrinizi, dəqiqələrdən mürəkkəb zamanlarınızı kim geriyə qaytaracaq. Həm də əgər bir heç uğruna hədər getmişsə,…

Televizorun zərərləri:

Asılılıq yaradır. Günümüzdə içki, siqaret kimi fiziki asılılıq yaradan, lakin mədəniyyət adı ilə paketlənmiş vasitələr mövcuddur: musiqi yarışmaları, idman müsabiqələri, lotereya… Təbii ki, televizor bu sırada xüsusi sadalanmalıdır. Mütəxəssislər televizora baxmağın asılılıq yaradan dərmanlarla eyni təsir göstərdiyini qeyd edirlər. Bədəni sürətlə tərk edən ağrıkəsicilər vücudu yavaş tərk edənlərə nisbətdə daha çox asılılığa səbəb olur. Çünki istifadəçi dərmanın təsirinin azaldığının tez fərqinə varır. Eyni şəkildə televizorun söndürülməsindən sonra rahatlamaların azaldığının anlaşılması insanları televizoru söndürmə fikrindən daşındırır. Seyr etmək daha çox seyr etməyə təhrik edir və beləcə televizor baxmağa ayırdığınız zaman dilimi uzandıqca uzanır;

İnsanları hüzursuz edir. Almaniyanın Zurix universiteti tərəfindən 42000 nəfər üzərində aparılan araşdırmanın nəticələrinə əsasən insanların televizor izləməklə daha hüzursuz olduqları məlum oldu. Araşdırmaya görə televizor seyr etdiyimizdə rahatlayır, ancaq geriyə qalan zamanlarda hüzursuz və qəmgin oluruq. Buna səbəb televizora baxmağın motivasiya və konsantrasiyanı azaltması, vaxtın boş keçməyinə yol açması və insanlararası münasibətləri zəiflətməsidir. Ayrıca vaxtının çoxunu televizor qarşısında keçirən insanlar inamsız, narahat və acgöz olurlar. Xüsusilə, idərəçilər və müdirlər televizora baxaraq daha hüzursuz olurlar. Mütəxəssislər bunu “İdarəçilər və müdirlər zamanın qiymətini bildikləri üçün televizor qarşısında keçən vaxt onları daha da hüzursuz edir. İşsiz insanlar isə bu durumdan daha az narahat olurlar” ifadələri ilə izah edirlər; Təmbəlliyə səbəb olur. “Alman Beyin Məşğələləri İnstitutu”nun sədri prof. Bern Fişerə görə iki saat televizora baxmaq yolu ilə beyində yaranmış təmbəlliyi aradan qaldırmaq üçün bir həftə zehin məşğələsi etmək lazımdır. Artıq sözə nə hacət, hər şey ortadadır. Ya sizin neçə saat beyin məşğələsinə ehtiyacınız var? Pis alışqanlıqlara təhrik edir. Həftəlik çıxan “Le Point” jurnalında verilmiş araşdırmaya görə Fransanın altı televiziya kanalında bir həftə içində 670 cinayət, 848 soyğun, 49 silahlı təcavüz, 14 adam qaçırma, 11 soyğun, 8 intihar, 32 girov götürmə, 27 işgəncə, 18 narkotik maddə istifadəsi, 13 boğmağa təşəbbüs, 11 müharibə, 20 cinsi münasibət səhnəsi göstərilir. Bu kimi faktlara əsaslanan Vaşinqton Universiteti “Psixiatriya və Davranış elmləri” kafedrasının doktoru Brondon Cantervalın fikrincə televiziya və kinolardakı zorakılıq səhnələri cinayət və digər hüquqpozmaların 50%-nin səbəbidir. “Əgər zorakılıqları göstərən televiziya filmləri olmasaydı, cinayət hadisələrinin həcmində 10.000 qətl, 70.000 namusa təcavüz, 1 milyon motorlu vasitə oğurluğu, 2,5 milyon ev soyğunu və 10 milyon digər soyğunlar şəklində azalma müşahidə olunardı.”; Yanlış informasiya verir. Dünya informasiya mübadiləsinin böyük əksəriyyətinə hökmranlıq edən güclər sadəcə öz mənafelərinə xidmət edən informasiyaları yayır, digər informasiyaların isə dəyişilmiş versiyasının yayımını təşkil edirlər. Baxın, Orta və Yaxın Şərqdə neft qiymətlərində kiçik bir artım müşahidə olunsa, bu, dünya xəbər proqramlarının bir nömrəli xəbəri olaraq keçir, halbuki Üçüncü dünya ölkələrinin çox ehtiyac içində olduğu kənd təsərrüfatı və sənaye məhsullarına Qərb ölkələrinin tətbiq etdiyi istənilən qiymət artımı, əsla xəbərlərdə öz əksini tapmaz. Əksinə bir sürü yanlış informasiya ilə tanış olarsınız. “Le Monde Diplamatique” qəzetinin redaktoru İqnasio Ramonet “Artıq televiziya xəbərlərinə şübhə və inamsızlıq duyğuları içində baxırıq”, – deyir. “Çünki televizor artıq xəbər verən bir vasitə olmaqdan uzaqdır. Televizor artıq sadəcə göstərir. Və ağla deyil, təkcə duyğulara xitab edir. Səhv və ya doğru olsun heç fərq etmir, sadəcə bir məqsəd var – həyacanlandırıcı kadrlar göstərmək… Körfəz müharibəsi zamanı arxa-arxaya həqiqətlə yaxından-uzaqdan əlaqəsi olmayan və montaj edilmiş görüntülər yayımlandı. Nümunəmi istəyirsiniz? Verim. “İraq dünyanın dördüncü böyük ordusuna sahibdir”, – deyildi, halbuki bu informasiya tamamilə yalan idi. Dənizə tökülən neft üçün ‘əsrin dəniz kirlənməsi’ dedilər və neftə bulaşmış bir quşun görüntüsünü dəfələrlə ekrana gətirdilər. Sən demə, bu ölkədə belə bir quş yaşamırmış. Görüntülər 10 il əvvəl Fransanın şimalında baş vermiş dəniz kirlənməsi hadisəsindən götürülmüşdü”.

Uşaqlara mənfi təsir göstərir. Yəqin ki, Salih Diriklik və Yunus Güngörün çəkdiyi “Danimarkalı gəlin” filminə baxmısınız. Filmin baş qəhrəmanı Danimarkalı Xədicə həyat yoldaşı Mətinlə ailə dostları Müzəffər və Nevingilə qonaq gedir. Ordan-burdan danışarkən bir müddətdir səssizcə teleseriala baxan evin kiçik qızı Suna söhbətə qarışır və aralarında çox düşündürücü bir dialoq gedir:

Suna: Ata, biz günah çıxartmaq üçün niyə kilsəyə getmirik?

Müzəffər: Qızım, biz müsəlmanıq, məscidə gedərik. Kilsəyə xristianlar gedər.

Suna: Bəs, məscidə niyə getmirik?

Müzəffər: Gedərik, qızım. Hələ sən bir az da böyü, birlikdə gedərik.

Xədicə: Dua etmək üçün mütləq məscidə getmək lazım deyil, evdə də edə bilərsən.

Suna: Onsuz da mən hər səhər məktəbə gedərkən dua edirəm.

Xədicə: Afərin, yaxşı bəs dua edərkən nə deyirsən?

Suna yerə çöməlib xristianlar kimi iki əlini birləşdirir və dua etməyə başlayır.

Suna: Tanrım! Dərslərimdə mənə kömək et. Müəllimlərimin yanında məni utandırma…

Nevin: De görək, sən belə dua etməyi hardan öyrənmisən?

una: Televizordakı kiçik Maykıldan. O da belə dua edirdi, anacan.

Bir başqa hadisəyə Cemal Anadol “Televizyon yayımlarının milli mədəniyyətə təsirləri” adlı kitabında yer verir. Doqquz yaşlı uşaq qiymət cədvəlini atasına göstərir. Ata cədvəldəki zəif qiymətləri görüb hirslənir və məzəmmət etməyə başlayır: “Eyib deyilmi? Bu nə qiymətlərdir? Niyə oxumursan, axı?”. Atasını həm qorxu, həm də üzüntü içində dinləyən uşaq “Dərd etmə, ata, cədvəldəki zəif qiymətlərin düzəlməsinin yolu var”, – deyir,“Müəlliməyə zəhərli şokolad versəm, bu məsələ kökündən həll olunar. Keçən dəfə televizorda bir adam həyat yoldaşını beləcə öldürdü və heç kimsə fərqinə varmadı”.

Hər iki örnəkdən də göründüyü kimi televiziya kütləvi informasiya vasitəsi olmaq bir yana artıq dünya görüşü və təfəkkürlərin formalaşmasında böyük rol oynayır. Bu kimi faktlara istinadən Pier Bordiye “On Television” adlı əsərində məzkur yayımları “Televiziya yayımları nüfusun böyük əksəriyyətinin beyinlərinin formalaşmasında bir növ monopolist mahiyyət daşıyır” şəklində qiymətləndirir. Aparılmış bir çox araşdırma da televiziya yayımlarının uşaqlar üzərində təsirinin fərqli cəhətlərini ortaya qoymuşdur. Televizorun əksər vaxtlarda açıq olduğu evlərdə yaşayan uşaqlarda digərlərinə nisbətdə öyrənmə prossesində çətinliklər yaranır. “Aetna InteliHealth” elektron sağlamlıq-informasiya şirkətinin qeyd etdiyi 1065 uşaq üzərində aparılmış araşdırmaya əsasən altı və aşağı yaşlardakı uşaqların gündəlik olaraq ortalama televizora baxmaq, kompüter və video oyunları oynamaq üçün sərf etdikləri vaxt 2 saat 22 dəqiqə təşkil edir. Araşdırmaya görə uşaqların 30%-nin otağında televizor var, təxminən 30%-i də televizorun mütəmadi açıq olduğu evlərdə yaşayır. Uşaqların 56%-nin oxumaq və oxunanları dinləmək üçün ayırdıqları vaxt 49 dəqiqədən ibarətdir ki, bu da televizora baxmaq, kompüter və video oyunları oynamaq üçün sərf etdikləri vaxtın 1/3-nə müvafiq gəlir.

“Archieves of Pediatrics and Adolescent Medicine” jurnalında yayımlanan bir başqa araşdırma isə üçüncü və dördüncü sinifdə oxuyan 105 şagird üzərində aparılmışdır. Beləki, onlara televizora baxma və kompüter oyunları ilə məşğul olma vaxtlarının azaldılması mövzusunda altı ay müddətinə dərs verildi. Uşaqların bu konteksli fəaliyyətlərə sərf etdikləri vaxt həftədə 23,5 saatdan 14 saata qədər aşağı düşdü və nəticədə əvvəllər görülən aqresivlik hallarında 25% azalma müşahidə olundu.

Milli mentalitetlərin ortadan qalxmasına yol açır. Herbert Moskyu televiziya yayımlarını kapitalist cəmiyyətinin ideologiyasını yayan və birtipli toplum meydana gətirən vasitə olaraq qiymətləndirir. Həqiqətən də haqlı etirafdır. Gücü əlində tutan qərb dövlətləri öz milli mentalitetlərinin mütəmadi təbliğatını aparır, bütün yayımlarını bu spektrdən reallaşdırırlar. Nəticəsi ortadadır. Yaponiyadan Çiliyə eyni futbol oyununun həyacanını yaşayan, eyni musiqi parçalarını dinləyən, eyni marka cinsi və köynəyi geyinib kovboy reklamlı siqareti çəkən, eyni hamburqeri yeyib ardınca kola içən və dünyada minlərlə məzlum qətliama məruz qalarkən Şimal Buzlu okeanda çarəsiz qalan balinalara matəm tutub Çarli Çaplinə gülən dünya adlı məkanın birtipli insanları formalaşır, mədəniyyət rəngarəngliyi yox olmağa üz tutur.

Televizordan necə uzaqlaşmalı?

Televizor heç də göründüyü kimi məsum deyil. Cəmiyyət həyatında səbəb olduğu problemlər, insanların şəxsiyyətində yaratdığı təmiri çətin təxribatlar ortadadır. Uzaqlaşmaq üçün yollar arayın.

Televizor seyr etməyə nə qədər vaxt sərf etdiyinizi, hansı verilişlərə baxdığınızı, sizə nə qazandırdığını və nələrin itkisinə səbəb olduğunu gündəlik olaraq yazın. Sonra bir aylıq qeydlərinizi nəzərdən keçirin. Şahidi olacaqsınız, heç bir şey uğruna nə qədər zamanınızı itirmisiniz.

Yeməyinizi, əsla televizorun önündə yeməyin. Sizə maraqlı gələcək başqa verilişlər yeməkdən sonrakı vaxtınızı da alacaq.

Hər hansı işi görərkən musiqi dinləməkdən xoşlanırsınızsa, radio və ya kaset dinləyin. Televizoru arxa plan musiqisi olaraq istifadə etməyin. – Televizordakı verilişin yaxşı olub-olmadığını bir neçə dəqiqə sonra anlaya bilərsiniz. Baxdığınız veriliş ilk baxışdan sizə xoş təəssürat bağışlamırsa, televizoru dərhal söndürün. Əks təqdirdə verilişin sonunun necə bitəcəyini fikirləşib, özünüzü uzaqlaşdıra bilməyəcəksiniz.

Televizora baxaraq keçirdiyiniz zamanı alternativ fəaliyyətlərə həsr edin.

Həftədə ən az bir gününüzü televizorsuz gün elan edin. Geriyə kifayət qədər boş zamanınız qalacaq. Və içinizdən bir səs sizi məcburən televizora baxmağa səsləyəcək. Görürsünüzmü, televizor sizdə necə də asılılıq yaradıb? – İşinizin çoxluğundan asılı olmayaraq uşaqlarınızın başı qarışsın, deyə onları televizora baxmağa tərk etməyin. Baxılacaq verilişlərə siz qərar verin və veriliş qurtardıqdan sonra televizoru söndürün.

Televizora baxmağın ən gözəl alternativi kitab oxumaqdır. Televizora baxırsınızsa, möhtəməl təxribatlardan qorunmaq üçün sağlam dünya görüşü və bilik potensialına malik olmalısınız. Əks halda ruhi və zehni təxribata məruz qalmanız qaçınılmaz olacaq.

Səmədova Sərfin

Bakı Qızlar Universiteti

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!