Texnikanın uşaq psixikasının inkişafına təsiri

Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində günün tələblərinə uyğun olaraq kompüter, televizor və telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin adını çəkdiyimiz cihazlardan istifadə nə qədər zəruri olsa da, hamımıza məlumdur ki, sağlamlıq hər şeydən vacibdir. Kompüter, televizor və telefondan ən çox istifadəyə meyilli olanlar isə uşaqlardır. Uşaqların saatlarla televizor, telefon və ya kompüterə bağlı qalmaları onların sosial mühitlə əlaqələrini zəiflədir, bu kimi cihazlardan asılı vəziyyətə salır. Bu asılılıq yetkinlik yaşındakı uşaqlarda özünəqapanma, məktəb yoldaşları və ətrafına qarşı aqressiv davranışlara və digər xoşagəlməz hallara gətirib çıxarır.

Kompüterin, telefonun və televizorun uşaq orqanizmi və psixologiyası üçün mənfi və müsbət cəhətləri vardır. Təəssüf hissi ilə qeyd etmək olar ki, bunların mənfi cəhəti müsbət cəhətlərindən daha çoxdur.

Müsbət cəhəti ondan ibarətdir ki, uşaqlar internet vasitəsilə kifayət qədər sürətli məlumat əldə etmək imkanına malikdirlər. İnternet, televizor uşaqlara onları maraqlandıran suallara cavab tapmaqda köməklik edir. Yaxşı ilə pisi bir-birində ayırmağa, fantaziyasının inkişaf etdirilməsinə, müxtəlif elm sahələrində yeni məlumatlar əldə etməsinə köməklik etməklə bərabər onların məntiqini, təfəkkürünü inkişaf etdirir.

Mənfi cəhəti isə ondan ibarətdir ki, internetdən çox istifadə etdikdə bu , ilk növbədə, uşaqlarda kompüter asılılığı yaradır. Bu asılılıq da, xəstəliyə çevrilir ki, bunu da narkomaniyaya,alkoqolizmə və digər asılılıqla eyniləşdirmək olar. Texnologiya vasitələrindən asılılıq uşaqların səhhətinə ciddi surətdə zərər vurur. Belə ki, ilk növbədə, görmə qabiliyyətini aşağı salır, onurğa sütununun düzgün inkişafına mane olur, tənəffüs sistemində problemlər yaradır, baş ağrıları əmələ gətirir, yuxu pozulmasına, yorğunluğa və narahatlığına səbəb olur. Həmçinin uşaqların kompüterin, televizorun və telefonun qarşısında çox vaxt keçirmələri onları dərsdən yayındırmaqla yanaşı dərs hazırlamalarını arxa plana keçirir.

Həssas uşaqlarda döyüş və ölüm səhnələri ilə bol olan emosional kompüter oyunlarından və televiziyada nümayiş etdirilən filmlərdən sonra, aqressivlik,qəddarlıq və zorakılıq hissləri üstünlük təşkil edir, həmin hisslərlə yanaşı, onlarda qorxu hissi əmələ gəlir.

Televizor, telefon, kompüter uşaqların demək olar ki, ən yaxın dostlarından birinə çevrilir. Bu da uşaqların valideynləri, ailə üzvləri və dostları ilə çox az ünsiyyətdə olmasına səbəb olur. Uşaqlar qrammatik cəhətdən düzgün danışmamağa, öz fikirlərini düzgün ifadə edə bilməməyə başayırlar.

Uşaqda televizor, telefon və kompüter haqqında ilk yanlış məlumatı məhz valideyn yaradır. Əli yeni-yeni əşya tutan uşağın ilk oyuncağı telefon və kompüter olur. Uşaqlar buna əyləncə kimi baxır,qorxunc cizgi filmləri ilə başlarını qatırlar. Valideyn isə öz işi ilə məşğul olur və uşaq ona mane olmasın deyə telefonu özü uşağına verir. Bununla da uşaqda texniki vasitələrə qarşı yanlış yanaşma üsulu formalaşır.

Bir çox hallarda uşaqların xüsusilə internetdən dügün istifadə etməməsində valideyinləri günahlandırmaq olar. Belə ki, bəzi valideynlər kiçik yaşlarında uşaqlarını mobil telefonla və kompüterlə təmin etməyə çalışırlar. Bu da, uşaqlarda kompüter oyunlarına marağı daha da artırmış olur. Valideynlər uşaqlarını belə hədiyyələrlə sevindirməkdən maksimum yayınmalıdırlar. Yaxşı olar ki , valideynlər övladları ilə ünsiyyətə daha çox vaxt sərf etsinlər. Uşaqların maraq dairəsinə daxil olan məsələləri onlarla birlikdə müzakirə etməli və onlarla fikir mübadiləsi aparmalıdırlar. Ünsiyyət zamanı uşaqların gün ərzində nə ilə məşğul olduqları ilə maraqlansınlar. Uşaqlara internetdən biliyin artırılması məqsədilə istifadə etməsini öyrətməli və buna həvəsini artırmalıdır. Ailəliklə teatra, muzeyə, konsertə, kafelərə və təbiətin qoynuna getməlidirlər. Hər bir valideyn bilməlidir ki, uşaqlar üçün ən əsas valideynləri ilə ünsiyyətdə olmaqdır.

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!