Dölün tərpənməsi

Dölün ilk tərpənməsi hamiləlik zamanı ən həyacanlı, ən unudulmaz hisslərdən biridir.

Dölün ilk tərpənməsi adətən qadın tərəfindən bağırsaqlarda yelin yerdəyişməsi kimi hiss olunur.

Döl hamiləliyin 8-ci həftəsindən başlayaraq hərəkət edir. Lakin o, hələ ki çox kiçikdir və dölyanı sularda üzdükdə uşaqlığın divarlarına toxunmur. İnkişaf etdikcə dölün çəkisi artır, döl daha güclü hərəkətlər etməyə və uşaqlığın divarlarına toxunmağa başlayır. İlk hamiləlikdə bu təxminən hamiləliyin 20-ci həftəsində baş verir, təkrar hamiləliklərdə – 2 həftə tez. Arıq qadınlar dölün tərpənməsini daha tez, kök qadınlar isə dəri altı piyin çox olmasına görə daha gec hiss edə bilər.

Ciftin yerləşməsi də burada müəyyən rol oynayır. Cift uşaqlığın ön divarında yerləşdikdə dölün tərpənməsi daha gec hiss olunur.

Döl ilk dəfə tərpəndikdə bu günü yadınızda saxlayın və təqvimdə qeyd edin. Həkim mütləq bu haqda sual verəcək. Bu çox vacib tarixdir. Bu tarixə əsaslanaraq doğuşun təxmini gününü təyin etmək mümkündür. İlk hamiləlikdə bu tarixə 20 həftə, növbəti hamiləliklərdə 22 həftə əlavə olunur.

Dölün tərpənməsindən onun yerləşməsini başa düşmək olar. Dölün ən fəal hərəkət etdiyi yerdə ətraflar (ayaqlar) yerləşir. Əgər dölün ən aktiv təkanları diafraqmaya (döş boşluğunu qarın boşluğundan ayıran əzələ) yaxın hiss olunursa, bu o deməkdir ki, uşağın başı aşağıdadır. Əgər ən aktiv təkanlar qarının aşağı hissəsində hiss olunursa, deməli, uşağın başı yuxarıdadır. Nəzərinizə çatdıraq ki, hamiləliyin 34-cü-35-ci həftəsinə kimi uşaq doğuş üçün lazım olan vəziyyətini (başı aşağı olmaqla) tuta bilər.

Hamiləliyin 24-cü həftəsindən təxminən 32-ci həftəsinə kimi uşaq çox fəal olur, çox hərəkət edir. Daha sonra isə “ev” böyümüş uşaq üçün dar olur və onun aktivliyi getdikcə azalır. Doğuşa yaxın həftədə uşaq çox az hərəkət edir. Lakin bu hərəkətlər mütləq hiss olunmalıdır!

Adətən qadınlar uşağın tərpənməsini oturaq və ya uzanaq vəziyyətdə daha yaxşı hiss edir. Bəzən qadınlar şikayətlənir ki, ev işləri görəndə uşaq hiss olunmurdu, uzanan kimi isə çox aktiv tərpənməyə başladı. Bu normal haldır. Qadın gəzdikdə, ev işləri gördükdə onun qarnı yellənir və bu uşağın xoşuna gəlir, onu sakitləşdirir və yatızdırır. Hamiləliyin sonuna yaxın ana və uşaq adətən eyni vaxtlarda yatır və ayıq qalır.

Uşağın tərpənməsində olan dəyişikliklərə qadın mütləq fikir verməlidir. Əgər uşaq adi günlərdən fər qli şəkildə tərpənirsə, bu hər hansı pozulmanın əlaməti ola bilər. Çox güclü, qaydasız, narahat hərəkətlərdən sonra hərəkətlərin kəskin azalması və ya heç olmaması hipoksiyadan (oksigenin çatışmazlığı) xəbər verə bilər. Bu hal təhlükəlidir. Buna səbəb cift çatışmazlığıdır. Kəskin cift çatışmazlığı dölün həlak olmasına səbəb ola bilər.

Uşaq 3 saat ərzində tərpənməyibsə, narahat olmayın. Çox güman ki, uşaq yatır. Lakin uşaq 12 saat ərzində heç tərpənməyibsə, dərhal həkimə müraciət edin!

Ana bətnində olan uşağın hərəkətlərini başa düşməyə çalışmalıdır. Belə ki, əgər ana uzun müddət bel üstə uzanırsa, bu uşaqlığın damarlarının sıxılmasına səbəb olur ki, nəticədə qan dövranı pozulur və uşaq əziyyət çəkməyə başlayır. Bunu anaya “çatdırmaq” üçün döl daha çox hərəkət etməyə başlayır. Ana körpəni başa düşməli və vəziyyətini dəyişməlidir.

Ana onun bətnində olan uşaqla danışmalıdır. Bu uşağın xoşuna gəlir, onu sakitləşdirir. Uşağa mahnı oxuyun, nağıl danışın.

Hamiləliyin sonunda uşağın hərəkətləri bəzən anada diskomfort və hətta ağrılara səbəb olur. Bu halda bədəninizin vəziyyətini dəyişin, qarnınızı sığallayın, uşaqla bir qədər danışın.

saglamolun.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!