Hamiləlikdə dəri dəyişiklikləri

Hamiləlik dövründə görünən hormonal aktivlik bədənimizdə bir çox funksiya və xarici görünüş dəyişikliklərinə səbəb olur.

Bu zaman müddətində dəridə də dəyişikliklər baş verir. Hamilə qadında hansı problemlərin olub-olmayacağını qabaqcadan müəyyən etmək mümkün olmur. Ana olmağa hazırlaşan bəzi qadınlarda hamiləlik dövründə heç bir dəri problemləri olmasa da, bəzilərində isə ləkələr, dəri quruluğu, qarında çatlar, qaşıntı və s. kimi problemlər ortaya çıxa bilir. Bu cür dəri problemləri sırf hamiləlik zamanı hormonal dəyişikliklərlə bağlı və ya daha öncədən olan dəri xəstəliklərin şiddətlənməsi ilə bağlı ortaya çıxa bilər.

  • Pigmentasiyanın artması – məmə uclarında və digər nahiyələrdə tündləşmə. Hamilə qadınların 70-90%-ində hormonal dəyişikliklərlə bağlı məmə ucu, qoltuq altı və qasıq nahiyələrində dəri rənginin tündləşməsi müşahidə olunur.
  • Line nigra – latınca “qara xətt” deməkdir. Anatomik olaraq göbək deşiyi ilə qasıqların tam ortasında yerləşən pubis`ə doğru uzanan ağ xəttin tündləşməsiylə ortaya çıxan xətdir. Hamiləlikdən sonra öz-özünə keçib gedir.
  • Strialar – “çatlar” . Hamiləlikdə qadınların çoxunda qarın, bud və sinə nahiyələrdə çatlar ortaya çıxır. Bu dərinin aşırı dərəcədə dartılması ilə bağlı olaraq əmələ gəlir. İlk öncə qırmızı rəngdə xətlər şəklində olan bu çatlar zaman keçdikcə dəri rənginə dönüşür. Bu çatlar kosmetik problem yaradacaq qədər yayıla bilər. Çatların əmələ gəlməsi genetik faktorlarla bağlıdır. Bəzi qadınlarda hamiləlik dövründə çəkinin çox olmasına baxmayaraq heç bir strialar yaranmır, amma bəzilərinin çəkisi az olsa da dəridə çatlar yaranır. Bu problemin qarşısını almaq üçün hamiləliyin ən erkən dönəmlərində “antistrech” kremlərindən istifadə etmələri tövsiyə olunur. Bu kremlərin istifadə məqsədi dərini nəmləndirib dartılmasına kömək etməkdir. Sonda onu da vurğulamaq istəyərdim ki, maye qəbulu da çox vacibdir. Bədənə daxil olan mayenin miqdarı yetərsiz olsa dəri elastikliyi azalır və çatların yaranması daha da asanlaşır.
  • Ləkələr – “melazma”. Üzdə pigment dəyişiklikləri (melazmalar) ən çox yanaq, alın, üst dodaq, burun və çənədə qəhvəyi rəngdə ləkələr şəklində ortaya çıxır. Xüsusilə də bahar və yay mövsümlərdə günəşin bu mənfi təsirlərdən qorunmaq üçün mütləq günəşdən qoruyucu SPF faktorlardan düzgün istifadə etmək lazımdır.

Əziz hamilə xanımlarımız, bütün SPF faktorların qoruyucu müddəti 2 saatdır, hətta günəş qoruyucu kremlərini buludlu havalarda da hara getsəniz özünüzlə çantanızda aparın və hər 2 saatdan bir mütləq üzünüzə çəkin.

  • Hemangiomalar. Ən çox üz və boyun nahiyələrdə hörümçək şəkildə və bədənin müxtəlif nahiyələrində qırmızı xallar kimi görünən hemangiomalar hamiləlik dövründə ortaya çıxa bilər. Bəzən hamiləlik bitdikdən sonra hemangiomalar da yoxa çıxır. Bir şikayət vermədikcə müalicəyə ehtiyac yoxdur.
  • Ovuc içi qızartılar. Hamiləlik dövründə fizioloji olarak ortaya çıxan qızartılar ovuç içlərində və nadir hallarda ayaq dabanlarda görünür. Bu qızartılara qaşıntı şikayəti də əlavə olunur. Hormonal dəyişikliklərlə bağlı olan bu problem ümumilikdə nəmləndirici kremlərlə bərpa olunur.
  • Dəri quruluğu və qaşıntı. Dəri quruluğun əsas səbəbi körpənin bədəndə mövcud olan mineral və vitaminləri qəbul etməsidir. Buna görə də ana bədəni lazımlı dərəcədə maye qəbul etməzsə və bəslənməsə dəridə quruluq daha da artar. Ən çox üz və qarın dərisində quruluq qaşıntı yaradıb müxtəlif səpkilərə yol aça bilər. Əziz hamilə xanımlar, tez-tez nəmləndirici kremlərdən istfadə edin.

b_90_0_16777215_0___images_stories_HEKIMLER_DERMATOLOGIYA_Lale-Cahangirova.jpegUzman Dr. Lalə Cahangirova

Dermatoloq

Saglamolun.Az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!