ONU GÖZLƏMƏK; HƏYƏCAN, SEVİNC, MARAQ, SƏBİRSİZLİK…(HAMİLƏLİK DÖVRÜNDƏ MÜŞAHİDƏ OLUNAN PSİXOLOJİ PROBLEMLƏR)

Hamiləlik dövrü, ana üçün həm fiziki, həm də psixoloji dəyişikliklərin yaşandığı mərhələdir. Ana ilə uşaq arasındakı münasibət qadının hamilə olduğunu öyrəndiyi andan etibarən başlayır. Buna görə də ananın hamiləlik dövrünü necə keçirməsi, uşağı hansı yolla dünyaya gətirməsi, ana ilə uşaq arasındakı emosional kontaktın formalaşmasına təsir göstərir. Analıq duyğusunun hiss edilməyə başladığı bu dönəm sosial və duyğusal sahələrdə müxtəlif dəyişikliklərə, eyni zamanda fiziki görünüş, özünü dərk və sosial rolda fərqliliyin yaranmasına səbəb olan və bundan dolayı təşviş hissinin müşahidə olunduğu mərhələdir.

Qadın hamilə olduğunu öyrəndiyi andan etibarən həm özünü xoşbəxt hiss edir, həm də hamiləliklə bağlı informasiya azlığından dolayı qeyri-müəyyən narahatlıq keçirir. Hamiləlik necə keçəcək, sağlam övlad dünyaya gətirə biləcəyəmmi, necə ana olacam kimi suallar hamiləlik boyunca ananın zehnində müəyyən narahatlıqlar yaradır. Yaxşı ana ola biləcəyəmmi sualının yaratdığı təşviş bir müddət sonra formasını dəyişərək qorxu və günahkalıq duyğularıyla əvəzlənir. Bütün bu narahatlıqlar zamanı əgər ana ətrafından (yoldaşından, valideynlərindən, dostlarından) dəstək görərsə, bu dönəmi daha rahat və hüzurlu şəkildə keçirər.

Bu dönəmdə ataların əsas vəzifəsi yoldaşının ən böyük dəstək qaynağı olmasıdır. Artıq ailə olaraq həyatlarında tamamilə başqa bir mərhələ başlamışdır. Dünyaya gələcək övladları üçün hazırlıqlar görməyə başladıqları mərhələyə qədəm qoyurlar. Həmçinin analar üçün dəstəkləyici bir sosial mühit də vacib güc mənbəyidir.

Hamiləlik zamanı müşahidə olunan dəyişikliklər

Bu dövrdə qadında həm fiziki, həm də duyğusal olaraq bir çox dəyişikliklər müşahidə olunur. Orqanizmdə və psixikada yaranan bu dəyişikliklərlə bağlı məlumatlı olan ana, hamiləlik dövrünü daha rahat və sağlam şəkildə keçirə bilir.

Bu zaman müşahidə olunan fiziki dəyişikliklərdən ən birincisi çəki artımıdır. Hamiləlik dövrünün, əsasən ilk aylarında bulantılar yaranmağa başlayır və irəliləyən müddətdə bədən formasında dəyişikliklər yaranır, əvvəl rahatlıqla gördüyü işlərdə müəyyən məhdudiyyətlər ortaya çıxır. Dəridə müxtəlif dəyişikliklər yaranır, tənəffüs, həzm sistemində müxtəlifliklər müşahidə olunur. Bütün bunlar yuxu və qidalanma kimi əsas həyati fəaliyyətlərdə də nizamsızlığın yaranmasına səbəb olur. Eyni zamanda hamilələr, bu müddətdə bir çox psixoloji dəyişikliklər də yaşaya bilərlər; səbəbsiz ağlamalar, gərginlik, təşviş…

Doğumdan sonra müşahidə olunan psixoloji narahatlıqlar

Analıq hüznü (lohusa sindromu)

Bu sindrom doğumdan dərhal sonra, bir neçə gün müddətində başlayan, 7-10 gün ərzində düzələn; bulantı, sıxıntı, aqressiya, ağlama və unutqanlıqla özünü göstərən müddətdir.

Anaların təxminən 10%-də bu hal xroniki və ciddi vəziyyətə çevrilir. Hamiləlik müddətində və ya doğumdan sonrakı bir il ərzində müşahidə olunan depressiya, postnatal depressiya olaraq adlandırılır. Postnatal depressiyanın ağırlıq dərəcəsi yüngül və qısa müddətlidən çox ağır və uzun müddətliyə qədər dəyişir. Bu durumun ilk 1-3 ay arasında azalması gözlənilir, müddətin uzanması müşahidə olunduğu zaman mütləq şəkildə mütəxəssis yardımı alınmalıdır.

Postnatal depressiya

Bu halın yaranmasında fiziki, duyğusal və sosial amillərin rolu böyükdür. Fiziki faktorlara; hamiləlik dövründə artan estrogen və progesteron səviyyəsinin doğumdan sonra dərhal enməsi postnatal depressiyanın yaranmasına səbəb olur. Doğumun qadın orqanizmi üzərində yaratdığı təsirdən başqa nizamsız və qeyri-kafi yuxu və fiziki yorğunluq da depressiyanın yaranmasına səbəb olur.

Duyğusal faktorlara; doğumdan sonra bütün qadınlarda bənzər hormonal dəyişikliklərin olmasına rığmən, psixoloji problemlər yalnız bir qisim qadınlarda müşahidə olunur. Buna görə də doğumdan sonra ortaya çıxa biləcək psixoloji narahatlıqlardan qorunmaq üçün yoldaşının və ailə dəstəyinin, sosial dəstək sistemlərinin və insanlararası münasibətlərin əhəmiyyəti unudulmamalıdır.

Hamiləlik dövrü və sonrası üçün tövsiyələr

Yoldaşınızdan, ailənizdən və sosial çevrənizdən dəstək istəyin. Bu dönəmdə anada müşahidə olunan duyğusal dəyişikliklər yaşaması və özünü yorğun, çarəsiz, narahat hiss etməsi təbiidir. Belə hallarda insanın yaxın çevrəsindən dəstək görməsi onun bu duyğusal durumdan çıxmasını asanlaşdıracaq.
Duyğularınızı gizlətməyin. Bu müddətdə xoşbəxtlik qədər təşviş, əsəb hissləri də yaşaya biləcəyinizi unutmayın və duyğularınızı gizlətməyin.
Hamiləlikdə və sonrasında vacib rutin dəyişikliklər etməkdən qaçın
“Mükəmməl ana” olmağa çalışmayın. “Lazımi qədər yaxşı ana” olmanız kafidir.
Özünüzə də zaman ayırmağa çalışın. Özünüzü dost çevrənizən və sevdiyiniz fəaliyyətlərdən uzaq tutmayın.
Mümkün qədər uşaq yatanda siz də yatın və ya istirahət edin.
Elastik olun. Analığa ilk addımlarınızı atdığınız bu dönəmdə, sizin övladınızı və övladınızın sizi tanımağa çalışdığını və bir-birinizə öyrəşmə mərhələsində olduğunuzu özünüzə xatırladın.

Nərmin Quliyeva

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!