Qamətin sağlamlığa təəccübləndirici təsiri

Gözəl qamət insanın xarici görünüşündə böyük rol oynayır. Bunu hamı bilir. Lakin bu ən əsası deyil.
Gözəl, düzgün qamət insanın sağlamlığında olduqca mühüm rol oynayır.
İnsanın qaməti düzgün olanda, bütün daxili orqanlar öz fizioloji yerlərində yerləşir, əyilmir, sıxılmır, heç yerdə durğunluq yaranmır və nəticədə bütün orqanizm tam normal fəaliyyət göstərir.
Düzgün qamət qanın orqanizm boyu normal dövr etməsində böyük rol oynayır. Qan orqanizm boyu normal dövr edirsə, bütün orqanlar kifayət qədər oksigen və qidalı maddələri alır.
Düzgün olmayan qamət onurğanın sağlamlığına olduqca çox mənfi təsir edir. Onurğanın sağlamlığı isə bütün orqan və sistemlərinin sağlamlığı üçün vacibdir. Ortoped həkimlərin sevimli ifadəsi – “Sağlam onurğa – sağlam insan” bunu təsdiq edir.
Onurğa sütununun içərisində onurğa beyini keçir. Onurğa beynindən sinir kökləri çıxır ki, bu sinir kökləri daxili orqanları idarə edir – ürəyin fəaliyyəti, sidik, nəcis ifrazı, kişilərdə ereksiya və s. İnsanın qaməti düzgün olmayanda onurğa sütunu artıq yükləməyə məruz qalır ki, bu yükləmənin nəticəsində onurğa sütünu fəqarələrində dəyişikliklər baş verir – fəqərələr arasında olan disklər nazilir, dağılır. Bu bir çox müasir insanların qənimi olan osteoxondroz xəstəliyidir. Osteoxondrozun nəticəsində fəqərələr arasında keçən onurğa beyini sinir kökləri və həmçinin buradan keçən qan damarları sıxılır. Damarların sıxılması daxili orqanların qanla təmin olunmasını pozur. Sinir köklərinin sıxılması isə bu köklər tərəfindən idarə olunan orqanlarda müxtəlif pozulmalar yaranır.
Düzgün olmayan qamət nəfəsalma sisteminin fəaliyyətinə də çox mənfi təsir edir. Məsələ burasındadır ki, insanın onurğası əyri olduqda döş qəfəsi sona kimi açılmır və nəticədə ağ ciyərlər də tam açılmır ki, orqanizm oksigeni daha az alır. Nəfəsalma sistemi ürək-damar sistemi ilə çox sıx bağlıdır və bu səbəbdən nəfəsalma sisteminin fəaliyyətində olan pozulmalar ürək-damar sisteminə “vurur”.
Yaxşı qamət həzm proseslərinə də böyük təsir edir – bağırsaqlar daha tez və asan boşalır.
Düzgün qamət əzələ və bel ağrılarıınn ən yaxşı profilaktikasıdır. Bu xüsusilə oturaq işlə məşğul olan insanlar (ofis işçiləri, mühasiblər və s.) üçün vacibdir.
Düzgün qamət həmçinin oynaqların normal fəaliyyətinə kömək edir və onları qoruyur.
Beləliklə, belə nəticəyə gəlmək olur ki, qamətin gözəl olması xarici görünüşdən çox sağlamlığımız üçün vacibdir. Bu səbəbdən qamətinizə daim (ayaq üstə dayananda, oturanda, yeriyəndə) nəzarət edin.

sun.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!