Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Yeniyetmələrin ailədə valideynlərlə qarşılıqlı münasibəti

Yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir.11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə ,13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar.Lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz.Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya ,bir il və ya gec başa çata bilər.Bu dövr özünün praktik əhəmiyyəti , pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasinda baş verən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Yeniyetməlik dövrünü bir çox müəlliflər “keçid dövrü “ (uşaqlıqdan gəncliyə),

(çətin dövr) ( müəllim və valideynlər üçün ), “dönüş dövrü” və böhran dövrü də adlandırırlar.Sözsüz ki, bu adlar çoxluğunun yaranması tamamilə təbii xarakter daşıyır; uşaq öz həyatının bir mərhələsindən digərinə uşaqlıqdan yaşlılığa keçir.Bu vaxt istər fiziki,istərsə də psixi inkişafda sürətli irəliləyişlər özünü göstərir.

Yeniyetməlik dövrü mexanizminin açılmasında görkəmli psixoloq A.N.Leontyevin “Uşağın psixi inkişafının hərəkətverici qüvvəsi onun ictimai münasibətlər sistemində tutduğu real yerin dəyişməsidir” müddəası çox böyük əhəmiyyət kəsb edir.A.N.Leontyevin yazdığı kimi ,psixi inkişafın müxtəlif mərhələsində onu əhatə edən insani münasibətlər aləmində uşağın əvvəllər tutduğu yer onun tərəfindən öz imkanlarına müvafiq gəlməyən kimi dərk olunur və uşaq onu dəyişdirməyə səy göstərir.Uşağın həyat tərzi ilə artıq onun bu həyat tərzini qabaqlamış imkanları arasında açıq ziddiyyət meydana çıxmağa başlayır.Buna müvafiq olaraq onun fəaliyyəti yenidən qurulur.Bununla da uşağın psixi həyatının inkişafının yeni mərhələsinə keçid başa çatır.

Yeniyetməlik dövrünün “böhranları” da içtimai həyatın onlara verdiyi konkret sosioloji tələbatı ödəyərkən ,yəni inkişaf edən yeniyetmənin böyüklər aləmində müəyyən mövqe tutmaq istədiyi zaman qazanılan xüsusiyyətlərə,müstəqilliyə artan tələbatla bu müstəqilliyi həyata keçirmək imkanları arasında baş verir.

Antropoloqlar yeniyetməlik yaşını uşağın cəmiyyətdə müəyyən mövqe tutmağa doğru getdiyi yol, başqa sözlə desək bir növ cəmiyyətə daxil olma dövrü hesab edirlər.Bu ideyanı xüsusi ilə inkişaf etdirən Kurt Levin göstərir ki, cəmiyyətə nüfuz edən yeniyetmədə uşaqlıq dövrünə məxsus olmaqla, yaşlılıq arasında müəyyən bir sədd çəkdiyindən və uşaq qrupu ilə yaşlı qrupu arasında qaldığından onun inkişafında hər cür ziddiyyət və böhran baş verir.

Yeniyetmələrin əsas problemlərindən biri valideynlərlə qarşılıqlı münasibətdə olan problemlərdir.Bu yaş dövründə yeniyetmələrdə uşaqlıq asılılığından çıxmaq və valideynlərlə qarşılıqlı inam,hörmət,etibar və s. kimi münasibətlərə keçməyə tələbat yaranır.Amma onlar inkişaf edən bərabərliyə meyilli olmurlar.

Valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar əvvəllər də olur.Ancaq o dövrlərdə bir qədər həyat tərzi qapalı idi.Günümüzdə isə valideyn-övlad münasibətləri getdikcə gərginləşir.Burda günahı təkcə uşaqların üstünə atmaq olmaz. Söhbət əgər qarşılıqlı hörmət və düzgün tərbiyə sistemindən gedirsə, bu məsuliyyətli vəzifə əsasən valideynlərin üzərinə düşür.Çünki valideynin,uşağa nisbətən daha çox həyat təcrübəsi var.Və o bilməlidir ki, övladından yüksək tərbiyə , hörmət gözləyirsə ilk növbədə özü övladına bu keyfiyyətləri göstərməlidir. Bir ailədə ki valideyn övladına qarşı şiddət və zorakılıq nümayiş etdirir, o ailədə böyüyən uşaqda mənəvi-psixoloji travmalar yaranması ehtimalı çoxdur.Bundan əlavə , əksər ailələrdə analar uşaqları ata ilə qorxudurlar.Artıq uşağın ataya qarşı hörmət və sevgisi bir mənalı olaraq qorxu hisslərinə çevrilir.Valideynlərin uşağın öz dünyasını kəşf edə bilməsi üçün ona imkan verməli ,onlarda özlərinə qarşı güvən hissini yaratmalıdırlar.Əgər valideyn öz uşağına azadlıq vermirsə ,ona güvənmirsə bu həmin gəncin ailədən tədricən uzaqlaşması ilə nəticələnir.Özünə başqa bir sığınacaq axtarmağa başlayır ,bununla da yetkinlik yaşında olan gəncdə psixoloji gərginliklər yaranır.Məsələn :elə valideynlər var ki ,məktəbdə uşaqların qiymətlərini özləri yazdırırlar.Geyim seçimlərində belə uşağa sərbəstlik vermirlər ”Sən heçnə bacarmırsan “,”səndən heç bir şey olmaz” işə yaramırsan və.s kimi sözlərlə uşaqların özlərinə qarşı olan inamlarını qırırlar.Bu atmosfer altında böyüyən uşaqlar,təbii ki,gələcəkdə də daima valideynlərinə qarşı rəqib münasibətində olurlar.Əlbəttə ki,bunu valideyn-övlad arasında gərginliklərin yaranmasının ilkin səbəblərindən biri kimi göstərmək olar.

Yeniyetməlik yaş dövrü- bütün ailə üzvlərinin sosial fərdi və ailə yetkinliyinin yoxlanması dövrüdür. Bu dövrdə bütün gizli işlər üzə çıxır, böhran və konfliktlər nəzərə çarpır. Yeniyetmələr və valideynlər arasında qarşıdurma belə başlayır. Yeniyetmələr kobud, sərt olur, valideynlərini və başqa şəxsləri tənqid edir. Əvvəl valideynlər uşaqlarla qarşılıqlı münasibətlərdə çox şeyləri hiss etmirdilər, öz avtoritetlərinin yüksək olmasına inanırdılar. Lakin birdən birə onların nüfuzdan düşməsi baş verir. Bunun baş verməsinin əsas səbəbi valideynlərin yeniyetmələri düzgün başa düşməməsidir. Bunula yanaşı hətta normal münasibətlərin olduğu ailələrdə də bəzi çətinliklər özünü göstərir. Valideynlərin çox vaxt uşaqlarla yeniyetmələri düzgün ayırd edə bilməməsi bu çətinliyin baş verməsinin əsas səbəbidir. Əksər hallarda valideynlər nəyə icazə vermək və ya nəyə qadağa qoymaq lazım olduğunu bilmirlər. Bütün bunların hamısı valideynlərlə yeniyetmələr arasındakı qarşılıqlı münasibətdə bir sıra problemlərin yaranmasına səbəb olur.

Bu yaranmış vəziyyətə uyğun olaraq ailələri 5 qrupa ayırmaq olar.

Valideynlərlə uşaqlar arasında çox yaxın dost münasibəti olan ailələr. Bu cür abu-hava bütün ailə üzvləri üçün münasibdir. Belə ki, valideynlər həyatın müəyyən bir sahəsində öz oğul qızlarına təsir etmək imkanına malikdirlər. Lakin başqa ailələrdə bu münasibət şübhə altında olur. Belə ailələrdə valideynlər uşaq və böyüklərin fikir və arzularını nəzərə alır. Məsələn, müasir musiqiyə və modaya münasibətdə və s. Həmçinin uşaqlar da valideynlərə qulaq asır, onların fikirləri ilə razılaşırlar və ortaq məxrəcə gəlirlər. Belə uşaqlar aktiv, dosteanlı, mehriban və bir sıra müsbət xüsusiyyətlərə malik olurlar.
Yaxşı münasibətlər atmosferi hökmranlıq edən ailələr. Bu cür ailələrdə valideynlər uşaqların inkişafını izləyir, onların həyatı ilə maraqlanırlar, öz şəxsi-mədəni imkanları ilə onlara təsir etməyə çalışırlar. Belə ailələrdə konfliktlər olsa da, bu münasbətlər aydın və tez öz həlli yolunu tapır. Uşaqlar valideynlərdən heç nə gizlətmirlər, onlara inanırlar. Belə ailələrdə böyük və kiçiklər arasında müəyyən sərhəd olur. Uşaqlar adətən mədəni, sözə qulaq asan, hörmətcil böyüyürlər. Çox nadir hallarda öz müstəqil olmaqları barədə elan edirlər.
əksər ailələrdə valideynlər əsas diqqətlərini uşaqlarının təhsilinə yönəldirlər və bununla da kifayətlənirlər. Belə uşaqların həyatda yaşamaq üçün bütün şəraitləri var-geyim, videotexnika, musiqi və s. Bu uşaqların ayrıca otaqları olur və bu otaqda uşaqların özlərinəməxsus avadanlıqları yerləşdirilir. Lakin onların mebellərin yerini dəyişdirməyə və ya otağı çirkləndirməyə ixtiyarları yoxdur. Uşaqlarla valideynlər arasında baryer yaranır. Bu münasibətlər də konfliktə gətirib çıxarır.
Elə ailələr də var ki, uşağı izləyirlər, ona inanmırlar, onlara güc tətbiq edirlər. Belə ailələrdə valideynlərlə uşaqlar arassında həmişə konflikt müşahidə olunur. Bu cür münasibət yeniyetmələrdə valideynlərinə qarşı düşmənçilik hissi yaradır. Müəyyən vaxt keçdikdən sonra belə uşaqlarda böyüklərə qarşı inamsızlıq hissi yaranmağa başlayır, onlar cəmiyyət arasında qarşılıqlı münasibət qurmaqda çətinlik çəkirlər.
Dözülməz şəraitdə olan ailələr. Burada uşaqlar və valideynlər arasında münasibətlər qeyri normal xarakter daşıyır.belə ailələrdə atmosfer hər zaman gərgin olur. Dözülməz şəraitdə olan ailələrdə əksər vaxtlar valideynlərdən biri və ya hər ikisi müxtəlif alkoqol vasitələrə meylli olurlar. Bu cür vəziyyət çox vaxt cinayət hadisəsinə gətirib çıxara bilər.
Bununla da belə nəticəyə gəlmək olar ki, valideynlərin yeniyetmələrlə qarşılıqlı münasibətləri ailədə olan psixoloji iqlimindən asılıdır. Əgər uşaqlar valideynlərindən diqqət, qayğı və yaxşı münasibət görürsə, yeniyetmələrdə bu dövr rahat, səlis və asan keçir. Əgər bu dövrdə yeniyetmələr atıldığını, lazımsız olduğunu, sevilmədiyini hiss edərsə, onda başqalarına qarşı eqoizm, aqressiya, sərtlik və nifrət yaranır. Bu yaş dövründə valideynlər tələbatları ödəmək və azadlığı məhdudlaşdırmaq üçün bir mexanizmə çevrilirlər.

Əgər valideynlərin yeniyetmə ilə ünsiyyətində mürəkkəblik açıq-aydın görünürsə, onda bu hər şeydən əvvəl uşaqların sərbəst olmağa can atmaqları ilə əlaqələndirilir. Bu aysberqin ancaq görünən hissəsidir. Əslində isə həqiqətən də yeniyetməlik yaş dövründə valideynlərlə uşaqlar arasında yaş distansiyası ilə əlaqədar olaraq “nəsillər” konflikti şiddətlənir.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, yeniyetməlik yaşı-sadəcə olaraq məktəbli həyatının müəyyən bir dövrü deyildir. Məktəblinin gələcək həyatını kökləri bəlkə də bu yaş dövründə nəşət etməyə başlayır.

Oğlan və qızlar yeniyetməlik yaş dövründə yeni bir aləmə daxil olurlar. Bu zaman uşaq üçün mövcud olan ətraf aləmdə yeniyetmə üçün hüdudsuz bir dünya yaranır.

Qeyd etmək lazımdır ki, valideynlərin yeniyetmələrlə sosial-siyasi mövzularda söhbətləri də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Valideynlərin ictimai hadisələrə verdikləri qiymətlər əslində onlar üçün vətəndaşlıq dərsidir. Psixoloji tədqiqatlar göstərir ki, valideynlərin heç də hamısı bu imkanlardan eyni dərəcədə istifadə edə bilmirlər. Lakin bir cəhət də şüphəsizdirki, valideyn-yeniyetmə arasındakı qarşılıqlı münasibətlər nə qədər əlverişli olarsa , onların şəxsiyyətinin formalaşmasında bir o qədər düzgün istiqamətdə gedər.

Günel Əliyeva

psixotest.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!