Hidrosefaliya uşaqlarda rast gəlinən və onların psixi inkişafına mane olan xəstəliklərdəndir. Hidrosefaliya yunanca” hidro”- su, “sefalon”-baş sözlərinin birləşməsindən yaranmış və başın ölçülərinin normadan artıq böyüməsi ilə nəticələnən xəstəlikdir. Beynimizin içində bir-biri ilə təmasda olan boşluqlar vardır. Bu boşluqlardakı şəffaf maye beyini yan təsirlərdən qoruyur. Beyin onurğa mayesi adlanan bu maye qan dövranı kimi özünün dövr etdiyi yolları vardır. Bu yolların hər hansı bir nöqtəsində zəifləmə olarsa, yəni tutulma, mayenin sorulması və s. Problemlər qeyd edilərsə, nəticədə hidrosefaliya xəstəliyi əmələ gəlir. Tutulmalara isə kəllə travması, infeksiya və ya şiş səbəb ola bilər
Hidrosefaliya anadangəlmə və sonradan qazanılmış olur. Anadangəlmə hidrosefaliya bir sıra xəstəliklər ilə bərabər yaranır. Digər faktor 3 səbəblə bağlı ola bilər:
- BOM-un həddən artıq istehsalıdır ki, bu beyində şişə səbəb olur.
- BOM-un keçdiyi yollardan biri tutula bilər ki, buna səbəb isə infeksiyalar, travmalarla bağlı qanaxmalardır.
- BOM-un sorulma prosesində pozuntu ola bilər.
Hidrosefaliyanın simptomları:
- əvvəl ətraflarda böyümə, kəllə daxili təzyiqin artması , baş ağrıları
- genişlənmə və gərginlik. Uşaqlarda ürəkbulanma, qusma və nəticədə çəkidə azalma, kilo itkisi də əmələ gəlir.
- incə və kəskin bir səslə ağlama, cüt görmə halları baş verir.
- başdakı damarların görünməsi, narahatlıq, tarazlığın itməsi problemi.
- görmə qüsurları, gözlər yuxarıya doğru qalxa bilmir.
- nitq və yerimə problemi.
Körpələrdə kəllə-beyin tikişləri açıq olur ki, surətlə böyüyən beyin bu tikişləri sanki aralayır. Uşaqlarda əmgək 1 yaşınadək bağlanmalıdır. Hidrosefaliyada isə əmgək 3 yaşadək bağlanmır. Bu uşaqlarda kəllə sümükləri nazilir, alın
qeyri- mütənasib və qabarıq olur, üzündə damar toru yaranır. Həmçinin uşaqlarda epileptik qıcolmalar, sidiyi saxlaya bilmir, boyatmanın ləngiməsi, piylənmə, cinsiyyətdə erkən inkişaf etmə halları və s. Olur. Uşaqlarda psixomotor ləngimə-başlarını düz tuta bilmir, oturmur, yerimir, çox passiv olurlar, səbəbsiz ağlayırlar.
Psixi inkişafın əsasını ali psixi funksiyalar, yəni duyğu, qavrayış diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül təşkil edir. Onlarında hər biri beyin tərəfindən idarə olunur. Hidrosefaliyalı uşaqlarda BOM-un sorulması prosesi zəif olur, maye beyində toplanır və buradakı sinirlərdə sıxılmaya səbəb olur. Nəticədə təzyiq əmələ gəlir və beyin öz funksiyalarını tənzimləyə bilmir, PİL simptomlar da yaranır. Belə ki, məkan, zaman qavrayışında pozulmalar, təfəkkürdə assosasiya qırıqlıqları,” boş verbalizm “ halları , fikirlərdə məntiqi əlaqələrin olmaması və s. Hallar baş verir. Hətta ağır hallada hafizədə yaddaş pozuntuları da əmələ gələ bilər.
Müalicəsində kəllədaxili təzyiq olmadıqda başlanğıc dövrlərdə konservativ müalicə(dərman müalicəsi) təyin edilə bilər. Ancaq ən optimal metod cərrahiyyə metodudur. Bu zaman silikon katetlər dərinin altına yerləşdirilir, maye qarın boşluğuna yönləndirilir və burada sorulur.
Ancaq cərrahiyyə əməliyyatı vaxtında aparılmalıdır. Çünki, beyin sürətlə böyüyür, simptomlar ağırlaşır və onları aradan qaldırmaq mürəkkəbləşir. Belə situasiyada əməliyyat olunsa da, beyin kiçilmir və gələcəkdə xarici görünüşdə disharmoniya əmələ gəlir ki, xəstələrdə bununla bağlı kompleks yaşayırlar. Ancaq vaxtında edilmiş müdaxilə nəticəsində uşaqlar normal həyata qayıda bilər, hətta bağçaya , məktəbə belə gedə bilərlər. Odur ki, xəstəlikdən şübhələndiyiniz andan, simptomlarla qarşılaşdığınız ilk andan mütəxəssisə müraciət edin . Bu da xəstəliyin korreksiyasına optimal şərait yaradacaqdır.
Məqalə müəllifi:İbadova Mətanət (Narınc könüllü qrupunun üzvü)
Azərbaycan Dövlət Pedaqoji Universiteti,3-cü kurs tələbəsi