Şagirdlərin peşə seçimində valideyinlərin təsiri

İnsanlar peşə seçərkən onların qərarlarına təsir edəcək bir çox amillərlə qarşılaşırlar. Bu amillər sırasına onun doğulduğu ailəsi, yaşadığı cəmiyyət, fərdi xarakterik xüsusiyyətləri, maraq və meylləri, qabiliyyətləri də daxildir. Bəzi hallarda insanın peşə seçimi etməyində həyat şərtləri də rol oynayır. Ancaq peşəseçiminə təsir edən əsas faktorlardan biri məhz ailədir. Demək olar ki, bir çox uşaqlı ailələri düşündürən əsas sual da övladlarının “Böyüyəndə kim olacaq?” sualıdır. Alman filosofu Nitşe “İnsan ruhu etdiyi seçimlərlə müəyyənləşir” demişdi. Zənn edərsəm, Nitşenin bu fikrini cəmiyyətdə hər zaman aktuallığını qoruyan “Peşə seçimi” mövzusuna da aid edə bilərik. Ümumiyyətlə, peşə seçimi elə bir anlayışdır ki, biz özümüzə hər hansı bir ixtisas seçməklə bir növ gələcək həyatımızı da zəmanət altına almış oluruq. Ancaq bu zəmanəti biz necə qazanırıq? Yəqin ki bir çoxlarınızın ağlına gələn ilk söz “Ailə modeli” oldu. Maraqlıdır, “Ailə modeli”miz bizə və seçimlərimizə hansı formada təsir göstərir? Bu seçimlər gənclərin gələcək həyatlarında nə ilə nəticələnəcək?” Bu suallara cavab tapmaq üçün ilk olaraq, valideynlərin övladların seçimlərinə “müdaxilə etməyi”ndən danışaq. Adətən, ailələr bu cür məqamlarda övladlarına iki formada təsir edə bilirlər:

  1. Ailənin birbaşa təsiri;
  2. Ailənin dolayı təsiri.

Qeyd etdiyimiz birinci tipdə valideynlər övladlarına bilərək təsir edir, onların gələcək seçimləri üçün xüsusi addımlar atırlar. Burda sevindirici bir məqam o ola bilər ki, valideyn övladının hər hansı bir sahədə qabiliyyətini görür və onu həmin sahə üzrə istiqamətləndirir. Zamanında verilmiş düzgün qərarlar nəticəsində gəncin peşə seçimi problemi həll olunur. Ancaq reallıq onu göstərir ki, ailələrin övladlara birbaşa təsiri heç də həmişə müsbət nəticələnmir. Gəlin etiraf edək ki, bir çox valideynlər övladlarını elə öz çalışdığı sahələrdə görmək istəyir. Bu zaman isə meydana “Valideynin peşəsinin davamçısı, ailə dəyərlərinin “qoruyucusu bir övlad” anlayışı çıxır. Mövzunun daha dərininə getsək, bir çox məqamlarda valideynlərin övladlarına peşəseçimi ilə bağlı psixoloji təsirlərini aydın şəkildə görə bilərik. Nədənsə valideynlər düşünür ki, əgər onlar bir sahədə uğur qazanıbsa, eyni nəticəni övladları da göstərəcək. Genetik amilləri nəzərə alsaq, valideynlərə bu baxımdan haqq qazandırmaq olar. Amma hər şeyi də irsiyyətin üzərinə atmaqla iş həll olunurmu? Əgər valideyni həkim olan birinin marağı başqa sahəyədirsə, niyə özünü o sahədə sınamasın? Əlbətdəki sınamalıdır. İnsanın marağı nədirsə onu da etməlidir, çünki insan həvəsli olduğu, sevdiyi sahədə uğur qazana bilər.

Gənclərin peşə seçimində ailələrin onlara dolayı yolla təsiri isə daha çox rast gəlinən hallardandır. Məsələn, gənc həyatının erkən vaxtlarından yaşadığı ailədə valideynlərinin iş prosesi ilə tanış olur, onun gündəlik vəzifəsi və ya çalışdığı sahə haqqında məlumat əldə edir. Əgər bu informasiyalar ona gələcək üçün kifayət edirsə, dolayısı ilə seçəcəyi peşə də valideynin peşəsi ilə eyniyyət təşkil edəcəkdir. Təbii ixtisasdan asılı olaraq, gənc fikrini dəyişə, valideynlərinin peşəsindən tam fərqli bir sahədə özünü sınamağa cəhd göstərə də bilər. Bu hal isə özünü daha çox valideynin peşəsinin ona qazandırdığı maaşdan birbaşa olaraq asılıdır. Məlum olduğu kimi, əksəriyyət daha yüksək maaşı olan, cəmiyyətdə yaxşı statusa malik peşələrə sahib olmaq istəyir. Yuxarıda qeyd etdiyimiz peşənin –“gələcək həyata zəmanəti” olması anlayışı burda öz təsdiqini tapır. Çünki normal şəkildə yaşamaq, öz istək və tələbatlarını ödəmək üçün maddi vəziyyətin yaxşılaşdırılması insanların həyatını da asanlaşdıracaq. Bu baxımdan da gənclər məhz yüksək maaşlı ixtisasları seçməyə meylli olurlar. Valideynin peşəsi kifayət qədər yaxşı qazanc bəxş edirsə, gəncin də həmin sahəni seçmə ehtimalı yüksək olacaqdır. Hər bir halda ailələrin həm birbaşa, həm də dolayı təsiri gənclərin bu mövzudakı qərarlarında rol oynayacaqdır. Burda isə diqqət yetirilməli olan əsəs məsələ, ailələrin zamanında övladlarının qabiliyyətinin fərqində olmaq, onları düzgün istiqamətləndirməkdir. Əlbəttə valideynlər öz uşaqlarını daha yaxşı yerdə görmək, uğurlu mütəxəssis olmağını istəyir. Ancaq bu o demək deyil ki, gənclər mütləq şəkildə valideynin peşəsini davam etdirməlidir. “Mən bu sahədə uğur qazanmışamsa, övadım da eyni nəticəni göstərəcəkdir” fikrini özünüzdən uzaqlaşdıraraq, ona daha yaxşı seçimlər təklif edə bilərsiniz.

Son olaraq, qədim Yunanlıların atalar sözü ilə məqaləmizi bitirmək istərdik: “Daş da yumurtanın üstünə düşsə, yumurta da daşın üstünə düşsə, olan yenə yumurtaya olacaqdır” Yəni, nəticə etibarilə istər müsbət, istərsə də mənfi tərəfdən valideyn olaraq övladlarınıza təsir edəcək, bu mövzuda onlar sizin eksperiment “obyekt”iniz olacaqdır. Ona görə övladlara bu mövzuda seçim azadlığı verin və eksperimentin müsbət nəticəsi ilə birlikdə tanış olun.

Məqalə müəllifi: Gərayzadə Elmira (Narınc könüllü qrupunun üzvü)

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!