Psixi inkişafda ləngimə, yoxsa pedaqoji baxımsızlıq

Ontogenetik inkişaf zamanı dil, din, irqi mənsubiyyət və cinsindən asılı olmayaraq insanlar müxtəlif yaş dövrlərindən keçməli olurlar. Hər yaş dövrünündə öz spesifik xüsusiyyətləri, davranış formaları vardır. Psixika isə bu xüsusiyyət və formalar əsasında formalaşaraq gerçək aləmin faktlarını, mexanizmləri təzahür etdirir.

İnsan psixikasının əsasını ali psixi funksiyalar, yəni duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül təşkil edir. Bu ali psixi funksiyalar kompleks halda fərdin şəxsiyyətə çevrilməsinin baza əsaslarını təşkil edir və bunlarında hər biri orqanizmin dirijoru hesab edilən beyin tərəfindən idarə edilir. Həmçinin yeni mühitə adaptasiyanın, bir fəaliyyət növündən digərinə keçərkən də, insanın zamana və məkana bələdləşməsi prosesində də ali psixi funksiyalar tənzimləyici rol oynayır. Ancaq psixika düz xətt boyunca inkişaf etmir, onun da

eniş, yoxuşları mövcuddur. Bu prosesi akselerasiya və reterdasiya terminləri ilə ifadə edirik. Psixikanın akselerasiyası zamanı psixi inkişafın göstəriciləri real yaş göstəriciləri olan xüsusiyyətləri qabaqlayır. Yəni uşaq 3 yaşındadır, ancaq 4 yaşa aid göstəriciləri təzahür etdirir. Reterdasiya zamanı isə psixi inkişafın ləngiməsi qeydə alınır. Belə ki, 6 yaşlı uşaqdır, anatomik-fizioloji quruluş da bunu təsdiqləyir, ancaq psixi göstəricilər 4-5 yaş mərhələsində qalıbdır. Qeyd etdiyimiz problem müasir dövrün ən geniş yayılmaqda olan məsələlərindəndir.

Yaranma səbəbləri müxtəlifdir və 3 qrupda fərqləndirilir :

1.Endogen amillər

2.Ekzogen amillər

3.İrsi faktorlar

Bütövlükdə, hamiləlik zamanı ananın keçirdiyi infeksion və başqa xəstəliklər, toksiki problemlər, mənfi resurslu qan faktoru, doğuş zamanı və doğuşdan sonrakı travmalar daha çox qeyd edilir.

İlk baxışda diqqət etdikdə uşaq bioloji yaşa müvafiq inkişaf edir, lakin psixoloji yaş bioloji yaşa çatıb onunla paralel addımlaya bilmir, hətta ondan geridə qalır. Odur ki, PİL uşaqlar öz həmyaşıdlarından daha az duyur, qavrayır, eşidir, diqqət edirlər.

Psixi inkişafda ləngimənin xüsusiyyətlərinə aiddir:

  • Ətrafdakıların köməyi olmadan müstəqil iş görməkdə çətinlik çəkirlər.
  • Məntiqsiz hərəkət edirlər, hərəkətlərdə koordinasiya pozulur.
  • Topoloji, məkan və zaman anlayışlarını fərqləndirə bilmirlər.
  • Diqqəti mərkəzləşdirə bilmir, diqqətin seçiciliyi, davamlılığı, paylanması da yaş gösrəricilərinə adekvat olmur.
  • Təfəkkürdə analiz-sintez, ümumiləşdirmə , ümumiləşdirmə, müqayisə edib fərqləndirmədə də ciddi problemlər olur.
  • İradi-emosional sferada, təxəyyüldə də qeyri- adekvatlıq olur.
  • Təfəkkürdə qırıqlıq olur, hadisələr arasında əlaqə olmur.
  • Hafizədə yaşa uyğun olmur: Bir neçə dəqiqə əvvəl deyilənləri yadda saxlayıb təkrarlamaqda çətinlik çəkirlər.

Bütün bunlar uşaqda adaptasiya və təşəbbüskarlığa mane olur.

PİL uşaqların hafizə və təfəkkürü səthi olur. Belə ki, uşaq nağıl danışarkən oraya süjet xəttinə aid olmayan əlavə süjetləri də daxil edir, suallara təhriflərlə cavab verir. Təfəkkürdə isə hökm, məfhum, əqli nəticələrdə qeyri-adekvatlıq olur, induksiya -deduksiya bacarıqları zəif olur.

Təfəkkürlə nitq sinxron əlaqədədirlər. Nitq üçün təfəkkür inkişaf etməli, məfhumlar formalaşmalıdır ki, uşaq da onu nitqində ifadə edə bilsin. Bəzən PİL uşaqlarda “ boş verbalizm” adlanan halda baş verir: Uşaq sadəcə danışır, amma danışığında heç bir məna olmur.

Beləliklə, qeyd etdiyimiz simptomlar üçün dəqiq diaqnoz qoyulmalı və ona uyğun korreksiya planı hazırlanmalıdır . Bu zaman psixoloq, pedaqoq, loqoped və ehtiyac olarsa, nevropatoloqla birgə kompleks iş aparılmalıdır. Bir çox hallarda beyində disfunksionallıq yaranır, yəni beyin ali psixi funksiyaları idarə edə bilmir , nəticədə uşaqların hissi və məntiqi idrakında ləngimələr əmələ gəlir.

PİL və əqli gerilik arasında fərqlər mövcuddur. PİL- də ali psixi funksiyaların inkişafı üçün baza mövcuddur, yalnız onu inkişaf etdirmək lazımdır. Əqli geriliyin dərəcəsindən asılı olaraq qeyd edilənləri buraya tədbiq etmək olmur. Onlar təlimə yatqın deyillər, xüsusilə ağır dərəcəlilər. Əgər vaxtında PİL korreksiya olunmazsa, əqli geriliyə keçə bilər.

Bəzən uşaqlarla məşğul olunmur və nəticədə pedaqoji baxımsızlıq dediyimiz hal baş verir ki, valideynlərin bir qismi bunu məktəbə qəbul zamanı problem kimi qəbul edirlər. Belə uşaqlarda inkişaf zənciri qırılır və onlar bilik, bacarıq, vərdiş kimi təlim ünsürlərini mənimsəyə bilmirlər.

Odur ki, onların təhsilinə bir müddət həssas yanaşılmalı və onlar inklüziv təhsilə yönləndirilməlidir.

Beləliklə, uşaq intellektual, şəxsiyyət, sosial baxımdan məktəbə hazır olmalıdır. Buraya kommunikativ keyfiyyətlərin uşaqda formalaşdırılmasıda aiddir. Çünki, PİL uşaqlarda məhsuldar ünsiyyət qabiliyyəti məhdud olur. Ancaq oyun və interaktiv təlim metodları ilə prosesi korreksiya etmək mümkündür. PİL uşaqlarla korreksiya işi uzunmüddətli, səbir tələb edən, həm də məsuliyyətli işdir. Çünki, son nəticədə gələcək nəsil yetişdirilir, onun sağlam olmasına çalışılır.

Məqalə müəllifi:İbadova Mətanət (Narınc könüllü qrupunun üzvü)

Azərbaycan Dövlət Pedaqoji Universiteti,3-cü kurs tələbəsi

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!