Uşaqlara qarşı yönələn təcavüz halları

Uşaqlar dünyaya gələndən siz onları sevərsiz, öpərsiz, qucaqlayarsız, incitməyə qıymarsız, qoruyarsız onları. Ancaq uşaqlar böyüdükcə bağçaya, məktəbə gedər, həyətə düşər digər uşaqlarla tək başına oynadığı zaman onu artıq siz qoruya bilməzsiniz. Uşağın özünü qoruması üçün onda müəyyən davranışlar aşılamaq lazımdır. Ancaq bəzi valideynlər bu mövzuya elə məsuliyyətsiz yanaşırlar ki, sanki bu xəbərlə bağlı qəzetlərdə, saytlarlarda, televizorlarda heç rast gəlməyiblər. Sanki belə hadisələr heç olmurmuş kimi, uşaqlara qarşı təcavüz yoxmuş kimi, kolların arasında tülkülər, xain gözlər, böyük uşaqların azyaşlı uşaqlar üzərində təcavüzü yoxmuş kimi… Halbuki valideynlərin ürəkləri parçalanması lazım gəldiyi halda onlar bu mövzuya biganə qalırlar. 6-7 yaşında uşağına davranış refleksi aşılamadan onu tək başına həyətə buraxarlar. “Bizim məhlədə hamı bir-birini tanıyır, elə bir hadisə ola bilməz” deyirlər. Ancaq düşünmürlər ki, uşağın oynadığı həyətə yad birinin gəlib uşaqla danışması heç də çətin bir iş sayılmır.

Uşaqların təcavüzə uğramamaları üçün onlarda davranış refleksləri evdə valideynlər tərəfindən həyata keçirilməlidir. Təəssüflər olsun ki, bir çox valideynlərin bu refleksi uşaqda formalaşdırmaq barədə bacarıqları yoxdur… Uşaq əynini isladanda 3-4 nəfər insanın yanında ana uşağını soyundurub əynini dəyişdirən zaman uşaq tanımadığı insanların yanında çılpaq halda qalır və uşaq bunun adi bir hiss olduğunu öyrənir. Ana bunu etməklə uşaqda olacaq utanma hissinin yaranmasına maneə olur. Əziz valideynlər, uşağınızın da bir insan olduğunu, onun da insani duyğuları olduğunu unutmayın…

Bəzi valideynlərsə uşağını təcavüzdən qorumasını lap üst səviyyəyə çıxarar, uşağı qorxudaraq düzgün davranış formalaşdırdıqlarını zənn edərlər. Uşağını təcavüzdən qorumaq istəyən valideynlər əvvəlcə qorxularını kənara atmalıdırlar. Bu prosesə ağlı ilə ciddi yanaşmalıdırlar ki, uşağı ona qarşı uzanan əli tuta bilsin, yaxud fəryad ilə ordan qaça bilsin.

Təcavüzün nə olduğunu bilməsə belə uşaq yolunda getməyən bir şey olduğunu necə anlamalıdır? Bayaqdan deyilən “davranış refleksi” nədir? Uşağa necə aşılanmalıdır? Məsələn, bildiyimiz kimi uşaqlar 2 yaşına kimi analarını izləyərlər. Anası tualetə, hamama girdiyində uşaqlarda anaları ilə birlikdə içəri girmək istəyərlər. Uşaq içəri girmək istəyirsə qoyun girsin, ancaq bir şərtlə ki, üzünü çevirsin sizə baxmasın. Biz bununla uşaqda davranış refleksi aşılayarıq ki, uşaq öz bədəninin çılpaq olduğunda kiminsə ona baxdığında, onun bədəninə toxunmaq istəyəndə bunun normal bir hiss olmadığını anlasın. Yaxud valideyn əynini dəyişəndə 2-3 yaşlı uşaq anaya baxsa nolar, baxmasa nolar deyir valideynlərimiz… Halbuki uşaq çılpaq bir bədənin görülməsini anormal bir davranış olduğunu qavrayıb narahat olmağa başlamalıdır. Eləcə də uşağın paltarını dəyişərkən uşaqdan icazə alınmalıdır. Əgər uşağın bədəni üzərində siz istədiyiniz kimi toxunacaqsınızsa, bu vaxt uşaq öz bədəninin toxunulmasına öyrəşər. Tanımadığınız pis niyyəti olan bir adam öz paltarını, uşağın paltarını çıxardanda uşaq buna qarşı mübarizə apara bilmiyəcək. Çünki, ana uşağın paltarını onun istəyi olmadan zorla çıxardanda uşaq nə qədər etiraz etsə də, nə qədər qışqırsa da, ağlasa da bunun işə yaramadığını öyrənmişdir… Bununla da yad birisi uşağın paltarını çıxartması uşaqda eyni vəziyyət yaradır deyə uşaq bu bu vəziyyətin anormal olduğunu hiss edə bilmir… Yaxud da bəzən uşağı sevərək oxşayan zaman uşağın dodağını, cinsi üzvlərini öpürlər. Bu hərəkət qəti olmaz. Biz bu OLMAZı uşaq üçün əxlaqa zidd davranışdır deyə demirik. Bəs nə üçün olmaz? Çünki, uşaq onun dodağına, boynuna, cinsi üzvünə toxunulduğunda, əl uzadıldığında geri çəkilməyi öyrənməlidir. Bu uşaqda refleks halında formalaşmalıdır. Siz uşağınızın bədəninin həmin bögəsinə toxunsanız, oxşasanız, öpsəniz bu həssas duyğular uşaqda adiləşər, uşaqda davranış refleksi formalaşmaz. Başqası da bu hərəkəti uşağa qarşı etsə uşaq çəkinməz və ən əsası özünü qoruya bilməz. Bu baxımdan təhlükəlidir. Yoxsa “uşaqdır, bu hissləri necə başa düşə bilər” söhbəti deyildir…

Uşağa bu tipli davranış refleksləri ailədə formalaşsa uşaq ona qarşı uzadılan əlin təhlükəli olduğunu anlayar, fəryad ilə həmin yerdən uzaqlaşar. Bu kimi davranışlar uşaqda aşılanmalıdır ki, uşaq belə vəziyyətlə üzləşsə durub saf-saf baxmasın, özünü qoruya bilsin. Uşağınızın davranışlarını saflaşdırmayın, çarəsizləşdirməyin, əziz valideynlər. Uşağınıza əl uzadıldığında öyrədin ki, fəryad ilə ağlasın, qışqırsın, qaçsın…

Bəzənsə valideynlər bax qızım(oğlum) sənin yanına tanımadığın kimsə gəlsə qaç, kimsə səni danışdırsa qaç demək də düzgün deyildir. Uşaq bunun fərqinə varmadan əqli olaraq deyil, refleks halına almış duyğuları onu narahat etməlidir. Yoxsa uşaq təcavüzə uğramasın deyə onu qorxuzaraq sosial fobiyasının yaranmasına səbəb olarsınız. Uşağı qorumaq məqsədilə ona yaxşılıq etmək istərsiniz, amma uşağa ətrafdakı insanlardan qorxmağı öyrədərsiniz. Əziz valideynlər, uşağı belə qorxutmaq əvəzinə ona müəyyən davranış refleksi aşılasanız uşaq ona yönələn hadisəni əqli olaraq başa düşməsə də duyğu refleksləri vasitəsilə hiss edəcəkdir.

Əminə İsrafilzadə

ADPU-nun Pedaqogika və Psixologiya fakültəsinin magistrı

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!