Alzeymer nevroloji xəstəlikdir – PSİXOLOQ AÇIQLADI

“Alzeymer, beyin hüceyrələrinin məhvi səbəbi ilə yaddaş pozuntusuna səbəb olan nevroloji xəstəlikdir. Alzeymer düşüncə, davranış və yaddaş kimi funksiyaların getdikcə azalmasına gətirib çıxarır və bunlar şəxsin həyat keyfiyyətini olduqca aşağı salır”. Bu sözləri SİA-ya açıqlamasında klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmova bildirib.

Onun sözlərinə görə, Alzeymer yaş artdıqca özünü daha da kəskin əlamətlərlə göstərməyə başlayır: “Olduqca geniş yaylmış bir xəstəlikdir. Dünya əhalisinin 20 milyona yaxın əhalisində bu xəstəliyə rast gəlinir.

İlkin əlamət olaraq adları və tarixləri unutmaq, ünvanı qarışdırmaq, bildiyin yerlərdə azıb qalmaq, demək istədiyin kəlmlələri tapa bilməmək və s. kimi görülür.

Alzeymer xəstəliyində başlanğıcda yüngül bir unutqanlıq olur. Məsələn, xəstə təyin etdiyi görüşlərin vaxtını, yeməyin adını, marketdən alacağı şeyləri unutmağa başlayır. Heç vaxt alış-veriş üçün siyahı tutmayan şəxs artıq alacaqlarını unutmamaq üçün siyahı tutmağa və ya bəzi edəcəyi şeyləri harasa qeyd etməyə başlayır. Zaman keçdikcə unutqanlıq getdikcə artır və xəstə ümumiyyətlə yeni hadisələri belə qeyd etməməyə başlayır, çünki buna fürsət qalmır. Məsələn, 5 dəqiqə əvvəl verdiyi sualı təkrar-təkrar verə bilər. Nəvələrinin adlarını unuda bilər. Əşyaları hara qoyduğunu xatırlamaz. Digər tərəfdən isə, öz keçmişini, xüsusilə gəncliyini və 30-40 yaş dövrünü təəccübləndirəcək detallarla danışa bilər. Xəstələrin yaxınları çox vaxt “hansı unutqanlıqdan danışırsız, 40 il əvvəli dünənmiş kimi xatırlayır” deyirlər və xəstəliyi qəbul etməkdə çətinlik çəkirlər. Burada önəmli olan simptom odur ki, xəstədə son dövrün unutqanlığı olur.

Xəstəliyin inkişaf etmiş mərhələlərə keçməsi illər çəkə bilər. İlkin mərəhələdə yalnız sadə unutqanlıqla özünü göstərən xəstəlik, zaman keçdikcə xəstənin yaxın keçmişdə baş verənləri unutmasına, ailə üzvlərini və yaxın ətrafını tanıya bilməməsinə qədər irəliləyə bilər.

Adətən xəstəliyin yaşı 60-65 yaş üzəri olaraq görülsə də, daha erkən yaşlarda başlayan simptomlar da az deyildir. Bu daha çox genetikasında Alzeymerə rast gəlinən şəxslərdə olur.

İrəliləyən zamanlarda xəstələr əvvəllər heç olmadığı kimi özünəqapalı, istəksiz və motivasiyasız olurlar. Öz peşələrini və hobbilərini tərk edə bilərlər. Pul hesablamaqda və ya sadə riyazi əməlləri yerinə yetirməkdə çətinliklər ortaya çıxır. Bunlarla yanaşı bəzi psixiatrik əlamətlər də ola bilər. Xəstələr mövcud olmayan şeylər haqqında danışa, gördüklərini və ya eşitdiklərini söyləyə bilərlər.

Yaranma səbəblərinə gəldikdə isə ailə üzvlərində xəstəliyin olması, yaddaşın itirilməsi ilə nəticələnən kəllə – beyin travmaları, ekoloji amillər, daun sindromu, hipotiroidizm və s. göstərmək olar. Lakin hələlik Alzeymer xəstəliyinin səbəbi kimi heç bir dəqiq faktor müəyyən edilməmişdir. Bir çox insanlarda bu xəstəlik simptomları büruzə vermədən uzun illər gizli inkişaf edə bilər.

Xəstəliyin erkən diaqnozu gedişatı ləngitməkdə və şəxsin həyat keyfiyyətini yüksəklətməkdə olduqca böyük rol oynayır. Burada ən çətin yük həm də xəstə yaxınlarına düşür. Onların da bu xəsətlik haqqında dərindən maariflənməsi və psixoloji olaraq baş verəcəklərə hazırlıqlı olması lazımdır. Asan deyildir ən sevdiyinin səni tanıya bilməməsi, özünü tanıya bilməməsi, ən sadə öz baxım bacarıqlarını belə yerinə yetirə bilməkdə çətinlik çəkməsi. Odur ki, belə vəziyyətlərdə həm də xəstə yaxınlarına psixoloji dəstək almaq tövsiyyə olunur”.

Səbinə Hüseynli

Mənbə:

https://sia.az/az/news/social/944198.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!