Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Ata 11 aylıq övladını yerə çırpıb! – Əsəb partlaması: “Ağır vəziyyətdir, ata mütləq…” – Cocuqların günahı nə?

“…Maddə asılılığına dair yoxlanışdan keçməlidir”

“Hər şey sevgisizlikdən irəli gəlir”

Hər kəs övladlarını sevgi dolu bir həyata buraxmaq üçün uşağı məhəbbətli bir mühitdə böyütməli, onlara sevildiklərini hiss etdirməlidir.

Uşağa hədə-qorxu gəlmək məsələsi həmişə tənqid hədəfinə çevrilib. Lakin bəzi hallarda atanın övladına qarşı şiddət göstərdiyini eşidirik.

 Deyirlər, uşağın atası ilə körpəlikdən başlayan münasibəti onu gələcəyə hazırlayır. Ata-ana uşaqlarını çağırarkən xoş, mehriban, əzizləyici sözlərdən söyləməlidir. Yoxsa ata 11 aylıq övladını yerə çırparaq ona ağır xəsarətlər yetirməməlidir.

Təəssüf, sözügedən hadisə Yasamalda baş verib.

Uşağın anası olayı danışıb:

“Uşağı götürüb yerə atdı. Qonşular gəlib əlindən aldı. Təzədən uşağı qonşunun əlindən alıb yenə yerə çırpdı. Deyir, uşaq mənim deyil, başqasındandır. Bildirir ki, mən yardımla dolanıram, yardıma cadu etmisən. Uşaq ağır travma alıb. Dörd kəllə sümüyü sınıb, gözləri çəpləşib”, – deyə ana bildirib.

Qonşuların dediyinə əsasən, kişi övladlarına baxmayıb:

“Hərdən bir kefinə düşəndə gəlir, sonra gedir ikinci arvadının yanına. Evə bir qəpik də pul gətirmir”.

Qeyd edək ki, hadisəni törədən 30 yaşlı Samir Ağakərimov polis tələfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hadisəylə bağlı “Sherg.az”a danışan klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmovanın sözlərinə görə, hər şey sevgisizlikdən irəli gəlir:

“Ata bir ailənin qoruyucu obrazıdır. Əgər yoldaşı, övladı özünü onun yanında güvəndə duymursa, ata davranışlarını idarə edə bilmirsə, mütəxəssis yardımı alması vacib nüansdır. 

Çox güman, ailədə ilk şiddətyönümlü davranış deyil. Ailənin təməli düzgün qurulmasa, daxilindəki problemlər həllini tapmamış qalarsa, yığılan aqressiya və neqativ enerjinin çox zaman övladlardan ən qəddar şəkildə çıxıldığını görürük.  Problem varsa, vaxtında həllini tapmalı, dəstək verilməlidir.

 Belə hallar daha çox psixoaktiv maddədən, alkoqoldan  yararlanan insanlarda daha çox rast gəlinir. Hətta sonra törətdiyi işin necə baş verdiyini belə xatırlamırlar. Ağır bir situasiyadır. Mütləq ata maddə asılılığına dair yoxlanışdan keçməlidir.

 Əsəb partlamaları yaşayan, əsəbinin idarəsində çətinlik çəkən  ata və ya anaların azyaşlılara  aqressiv davranışlar göstərdiyinin şahidi oluruq. Çox vaxt isə səbəb kimi uşağın ağlaması, özünü pis aparması söylənilir.

Körpələr öz ehtiyaclarını, aclığını, susuzluğunu, yuxusuzluğunu və ya altını batırarsa, ağlamaq formasında diqqətə çatdırırlar. Yəni çağalarda ağlamaq hallarına tez- tez rast gəlinir və  normaldır. Əsəbi səbrsiz atalar isə buna dözə bilmirlər. Uşağın çox əziyyətini, qayğısını analar çəkir, ancaq  bəzi atalar körpəsinin tək bir ağlamağına belə səbrli yanaşmağı bacarmırlar”.

Psixoloqun qənaətincə,  qadının hamiləlik müddətində həkim müayinələrində ata da ana ilə birlikdə getməli, ona mənəvi dəstəyini əsirgəməməlidir:

“Son zamanlarda belə bir tendensiya  yaranıb. Atalar da mütləq doğuşda iştirak etməlidilər. Çünki kənara qalanda ata durumu tam başa düşmür. Amma doğuşda iştirak ilə ananın necə doğum sancısı çəkdiyini, övladın hansı əziyyətlərlə dünyaya gəldiyinin canlı görür. 

Körpənin qayğısına qalmaqda atalar da ana ilə eyni zamanda məsuliyyəti paylaşmağın öhdəsindən gəlməlidilər. Hamısı şüuraltı təsir göstərən faktorlardır. Atada uşağa qarşı məhəbbətin emosional bağın yaranmasına kömək edir. 

Çox zaman analar ata gecə ayılmasın, sabah işə gedəcək və s səbəblərdən öz yatağını  ayırır. Uşaqla ayrı otaqda qalır, bütün yükü məsuliyyəti öz boynuna götürür. Əslində yaxşı düşündüyümüzü fikirləşirik, amma yanlış davranırıq. Doğum anını görməsə belə çalışmaq lazımdır ki, övladın böyüdülməsi prosesində ata bu işdən kənarda tutulmasın. 

Otağı atadan ayırlmasın, yeməyi bir dəfə ana hazırlayanda növbəti dəfə də ata hazırlasın, bezini dəyişməkdə köməyini əsirgəməsin. Bütün bunlar atanın övladına sevgisinin yaranması üçün vacibdir. İnsan zəhmət verdiyi, əziyyətini çəkdiyinin dəyrini daha yaxşı anlayır, sevir və qoruyur”.

Mənbə:

https://sherg.az/cemiyyet/195797

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!