Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Bəzi qadınlar sosial şəbəkələrdə niyə öz adları ilə qeydiyyatdan keçmirlər? – Psixoloq şərh edir

“Mühafizəkar ailələrdə böyümüş, mühafizəkar həyat yoldaşına sahib qadınlar ya həyat yoldaşlarının, ya da övladlarının adı ilə özlərinə sosial şəbəkə hesabı açırlar. Ümumiyyətlə, sosial şəbəkələrdən istifadə məqsədi insanların ünsiyyətə girmək, dostlarla əlaqə saxlamaq, sevdiyi şeyləri paylaşmaq, özünü vacib hiss etmək duyğusudur. Bu baxımdan orada öz adında istifadə o qədər də önəmli deyil. Təbii ki, əgər bu rəsmi, biznes, iş profili deyilsə burda qəbahətli sayılan, düzgün olmayan bir şey yoxdur”.

Bunu Pravda.az-a açıqlamasında bəzi qadınların sosial şəbəkə hesablarını öz adları ilə deyil, başqa adlarla istifadəyə üstünlük verməsinə münasibət bildirən klinik psixoloq Narınc Rüstəmova deyib.

N.Rüstəmova qeyd edib ki, insan yaxın çevrə dostları ilə müxtəlif paylaşımlar etmək, hiss və emosiyalarını paylaşmaq üçün bu platformalardan istifadə edirsə, burada ad elə də bir önəm daşımır: “Paylaşmaq ehtiyacı insanın ən ümdə tələbatlarından biridir. Bunu etdiyimiz zaman sevincimiz artır, kədərimiz isə nisbətən azalmış olur. İnsanın bir real “məni”, bir də “ideal” məni var. Real mən hazırda olduğu halı, ideal mən isə özünü görmək istədiyi vəziyyətdir. Bəzən hansısa şəkillərimizi proqramlar vasitəsilə düzəldirik, fotoşopla bədənimizdəki, üzümüzdəki sevmədiyimiz  hissələri dəyişdiririk, peşəmizlə bağlı hər hansı məqalə, şəkil və ya video paylaşırıq, bununla da öz ideal mənimizi nisbətən reallaşdırmış oluruq. Sosial bir varlıq olan insanın həyatında bu kimi paylaşımlara ehtiyacı var. Ümumiyyətlə, bu gün sosial şəbəkələrin insan həyatında rolu çox böyükdür. Uzaq insanları yaxın edir, məsafələri aradan qaldırır, müxtəlif paylaşımlara gələn bəyənmələr, rəylər, ürəklər onların gününün xoş keçməsinə, əhvallarının yaxşılaşmasına səbəb olur. Bu da qeyri-verbal ünsiyyətin bir növüdür. Əsas məsələ budur ki, hansı adla, hansı təxəllüslə olur-olsun, sosial şəbəkələrdən düzgün şəkildə istifadə edilsin.”

Leyla Yusubova

Mənbə:

https://pravda.az/news/81066

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!