Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

Psixoloqdan ÇAĞIRIŞ:”…O uşağı xilas etmək olardı”

Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü ataraq, intihar edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ilkin araşdırmalara görə, X.Babayevanın həyatına son qoymasına səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib. 

Qeyd edək ki, canına qəsd edən X.Babayevanın ölümündən bir gün əvvəl doğum günü olub. 

Hadisə zamanı qız aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb. Nəticədə o, ağır xəsarətlər alıb. Z.Niyazov xəstəxanaya daxil olarkən onda sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması aşkarlanıb. Dövlət Gömrük Komitəsindən (DGK) bildirib ki, məktəblini xilas etməyə çalışan Z.Niyazov Komitənin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşıdır. O, DGK-nın hospitalında çənə əməliyyatı keçirib. Vəziyyəti orta ağır stabildir. 

Abituriyentlərin canına qəsd etmələri barədə Klinik-psixoloq, “Narınc” Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmova “Şərq”ə açıqlamasında bildirib ki, son dövrlər yeniyetmələr arasında intihar hadisələrinin geniş vüsət alması müşahidə olunur: 

“Xüsusən də imtahanlar ərəfəsində bəzən valideynlər daha çox üstünlüyü uşaqların təhsil səviyyəsinin yaxşılaşdırılmasına, ən savadlı repetitorlarla hazırlaşmağına, yüksək bal toplamağına verirlər. Amma bəzi hallarda övladın emosional sferasını, psixoloji dayanaqlığını arxa plana qoyurlar. Düşünürlər ki, mexaniki bir prosesdir, şagird müəllimin öyrətdiklərini mənimsəyəcək, əldə etdiyi biliyi imtahan zamanı tətbiq edəcək və uğurlu nəticə toplayacaq. Amma biz nə robot, nə proqramlaşdırılmış sistem, nə paltaryuyan, nə də tozsoranıq. Ona görə də hansısa bir düyməyə basıb, bir funksiyanı əvəz edib, onu olduğu kimi yerinə yetirə bilmirik. İnsan faktoru, duyğuları, hisləri, dünyaya baxışı məsələyə çox böyük təsir edir. Bəzən valideynlər imtahana bir ay qalmış uşaqları psixoloq yanına aparırlar. Bu, çox yalnışdır. Ümumiyyətlə, peşə yönümünü seçən ərəfədə abituryentlər, yəni 9-11-ci sinif şagirdləri mütləq psixoloqla görüşməlidir. Həqiqətən sevdiyi gələcək ixtisasına xarakterinə uyğun olaraq, günlük qrafikini doğru şəkildə bölərək, yiyələnməlidir. Bu mərhələdə əlbəttə ki, psixologiya mütəxəssisləri köməyə çatır”.

N.Rüstəmova hər insanın öyrənmə mexanizminin fərqli olduğunu diqqətə çatdırıb:

“Mənimsəmə üsuluna görə, qısamüddət ərzində öyrənmək, imtahan həyəcanı ilə baş edə bilmək, zamanı doğru bölmək psixoloqla mütləq şəkildə işlənməlidir. Bura düzgün yuxu rejimi, qidalanma, evdəki insanların ona qarşı münasibəti kimi nüanslar abituriyentə yansıyan faktordur. Eyni zamanda sözügedən hadisənin yaşanmaması üçün zamanında psixoloq dəstəyi alınsa idi, deməli, o uşağı xilas etmək mümkün olardı”. 

Psixoloq vurğulayıb ki, çox vaxt övladların sınaq imtahanında uğursuz nəticələri streslərini daha da artırır:

“Ələlxüsus da valideynlər adətən uşaqlara cəzalandırmaq, ərə vermək kimi ifadələrlə hədə-qorxu gəlirlər. Hətta şiddətlə, psixoloji-fiziki zorakılıq göstərirlər. Bəziləri isə yüklü cümlələrlə onlar üzərində psixoloji basqı yaradırlar: “Başımızı aşağı etmə!”, “Qohum-əqrəbaya nə deyərik?!”, “Sənin üstünə o qədər pul qoyuruq, hazırlaşdırırıq, aparıb, gətiririk, maddi və mənəvi çox əziyyət çəkirik!”. Valideyn öz aləmində bu formada uşağa məsuliyyət aşılamağa çalışır. Lakin uşaqda uğursuz nəticə qazanmaq, hər kəsi utandırmaq, cəza almaq narahatlıqları ilə intihar fikirləri formalaşır”. 

Psixoloq valideynlərə səslənib: 

“İmtahan hər bir abituriyentin ən həssas dönəmi, həyatı üçün ən vacib mərhələsidir. Bu dövrdə övladlara çox riqqətli yanaşmaq, onları zamanında psixoloji yardım almağa yönəltmək lazımdır”.

Mənbə:

https://sherg.az/cemiyyet/196685

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!