Son zamanalar valideynlərdən ən çox rastlaşdığımız şikayətlərdən biridir: “uşağım əsəbidir, hər şeyi dağıdır, qırır, hirslənir, 1 dəqiqə içərisində əhvalı tamam dəyişir, aqressivləşir və ağlayır” Onlardan “Nə edə bilərəm? Çıxış yolu nədir?” kimi suallar alırıq.
İlk öncə bildirmək lazımdır ki, hər bir şeyin səbəbi olduğu kimi aqressiyanın da səbəbi olur. Amma bəzən biz bunların səbəbini bilirik, bəzən də bilmirik. Xüsusən də uşaqlarda böhran yaş dönəmində daha çox aqressiya müşahidə olunur. Yəni, 3 yaş sindromunda və yeniyetməlik yaş sindromunda aqressiyanı,əsəbi davranışları daha çox görürük. Ümumiyyətlə, uşaqlarda aqressiya, gərginlik kimi hallar özlərini ifadə edə bilməyəndə, mühit dəyişkənliyi yaşayanda, yaxın adamı itirmə zamanı, stress, travma verə biləcək, onu sıxıntıya sala biləcək vəziyyətdə özünü daha çox biruzə verir. Məsələn: uşaqlar yay tətili bitib məktəb başlayan ərəfədə və ya gözünün qabağında pis bir hadisə baş verəndə , qardaşı əzilib, maşın qəzası keçirib və ya anası xəstələnib yəni, həyatını dəyişəcək faktorlar, məkan dəyişkənliyi, mühit dəyişikliyi onlarda neqativ hisslər yaradır. Ola bilər ki, otağını vəya evinizi dəyişmisiniz. Bu bizim üçün çox kiçik görünə bilər, amma onun üçün bir stress mənbəyidir. Valideynlər çox zaman deyirlər ki, əvvəl evimiz çox balaca idi, amma indi əksinə çox genişdi bu onda necə aqresiyya yarada bilər ki?! Və yaxud da, ailə üzvlərindən birinin yerdəyişməsi, ailədən uzaqlaşması halları. Əvvəl nənə-baba ilə birlikdə yaşayarıdılarsa indi onlardan ayrılıblar, rəhmətə gediblər və ya ata işləmək üçün uzaq bir yerə gedib. Bəs bütün bunlara uşaqlar necə reaksiya verir?
İnsanın komfort zonası var. Uşaqlar xüsusən mühit dəyişkənliyi zamanı bu komfort zonasından çıxırlar. Öyrəşdiyi əşyalar, evin qoxusu belə istər taktil, istər duysal, istər eşitsəl olaraq həmin mühitdən çıxır və çıxdığına görə də təbii ki bu onu narahat edib, əsəbi və gərgin edə bilir. Xüsusilə də, passiv və oturaq həyat tərzi aqressiyanı artıran səbəblərdəndir. Çünki, bizim bədənimizin günlük enerji bazası vardır. Biz onun birazını qab yumağa, birazını uşaqlar oyuncaq oynamağa, biraz öz dostları ilə oynamağa, biraz söhbət eləməyə sərf edirik. Hərəkətdə olanda bunları daha tez çıxara bilir. Amma uşaqlar passiv olanda, televizor, telefon, komputer qarşısında oturanda bu enerji depolanır, davamlı şəkildə yığılır. Enerjisini sərf etmədiyinə görə anidən vulkan kimi partlamalar ola bilər. Ona görə də televizor, planşet, elektron cihazlar passivliyi, ətaləti azaltdığına görə çox da məsləhət olunmur.
Uşaqlarda aqressiyanın səbəbini həmdə gündəlik yaşamında axtarmalıyıq. Ola bilər ki, məktəbdə yaşadığı hər hansı bir hadisə, xüsusən də şəxsiyyətlərarası münasibətlərdə sıxıntılar yaşayan uşaqlar bunu kimləsə paylaşa bilmirlər. Təzyiq altında olan, travma yaşayan, hər hansısa hadisə olmuş ola bilir ki, biz çox vaxt onu evin daxilində axtarırıq, amma bu hər zaman ev, ailə daxilində olmaya da bilər. Ola bilər həyətdə hansısa hadisə baş verib, uşaqlardan hansısa biri çox ağır vəziyyətdə velosipeddən yıxılıb və əzilib, üzü qanayıb. Bunların şahidi olub, bu belə uşaqda zamanla aqressiya yarada bilir. Biz buna “posttravmatik stress” adlandırırıq.
Uşaq aqressiyasınin yaranmasında təsiredici faktorlardan biri də ərköyünlükdür. Yəni, əslində uşaq əsəbi deyil, sadəcə bu cür davranaraq istədiyini əldə etdiyini görəndə daha çox bu hərəkətləri təkrarlamağa başlayır. Məsələn, marketdə istədiyi bir şeyi ana almayanda qışqırır, ağlayır, özünü yerə çırpır və ana da ətrafdan utanaraq ona tabe olursa, uşaq da ananın bu zəifliyindən istifadə etməyə başlayır. Bu əsəbilik dediyimiz dırnaq arası hallarda valideynlər çox zaman dərman müalicəsinə üz tuturlar. Sakitləşdirici versinlər ki, əsəbləri sakitləşsin. Bu addım heç vaxt gözlənilən nəticəni vermir. Çünki məsələnin kökündə psixoloji faktor dayanır. Psixoloq yardımı burda çox vacib şərtdir.
Bəzən uşaqların əsəbiliyi sırf uşaqla bağlı deyil, ətrafındakı mühitlə bağlıdır. Ailədaxili konfliktlər, uşaqlara qoyulan ağır tələblər də bu aqressiyanı yarada bilir. Xüsusən də müəkəmməlliyyətçi valideynlər uşaq çox əsəbidir deyir amma nənəsigildə qalanda heç elə olmur, nənəsi deyir ki, çox rahat uşaqdır. Məktəbə gedir deyirlər heç əsəbi deyil, heç bunun kimi ideal uşaq yoxdur.
Uşaq hansı mühitdə əsəbidirsə demək ki, həmin insanla o problemi yaşayır, həmin mühitlə o problemi yaşayır. Əsəbiliyi daha çox məktəbdə sərgiliyirsə demək ki, məktəbdə problemi var. Əsəbiliyi daha çox evdə sərgiləyirsə demək ki, evdə. Ortaq məxrəci tapmaq lazımdır və uşaqlardan onların potensialına görə tələblər etmək lazımdır. Biz öyrənmə potensialı zəif olan bir uşaqdan bütün dərslərindən 5 almağını tələb edə bilmərik. Və ya siz 10 kq yük daşıya bilirsinizsə mən tələb edə bilmərəm 30 kq yük daşıyasınız. Əvvəlcə 10, sonra 11, 12 bu çəkini yavaş-yavaş artırmalıyıq. Bəzən tələblər çox olduqda uşaq o tələblərin altında əzilir. Əzildiyinə görə istədiyini əldə edə bilməyəndə gərginlik, əsəbilik artmağa başlayır. Bu aqressiyasını isə çox zaman heyvanlardan, oyuncaqlar və özündən balaca, daha zəif uşaqlardan çıxarmağa başlayır. Ona görə də əsəbi bir övladınız varsa, 1-ci olaraq övladınızın əsəbiliyinin nə vaxtdan başladığını araşdırın. 1 aydırmı, 1 ildirmi , 3 ildirmi və həmin tarixlərdə nə yaşamışdı, dəyişkənlik nə olmuşdur, bununla bağlı çox yaxşı müşahidəçi olmaq lazımdır. Çünki övladınızı sizdən yaxşı kimsə tanıya bilməz!
Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçəsi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova