Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

UŞAQLARDA OĞURLUQ HALLARI

Valideynlərin qəbul edə bilmədikləri mövzulardan biri də övladlarının  oğurluq halları ilə  qarşılaşmalarıdır. Bunlar pul, hər hansısa bir dəyərsiz əşya və ya oyuncaq mağazasından bəyəndiyi bir oyuncaq da ola bilər. Bu davranış pozuntusu sevgi doyumsuzluğundan, kleptomaniya adlandırdığımız istəkdən kənar, ehtiyacı olmadığı halda səbəbsiz olaraq özünəməxsus olduğunu düşünmək prosesindən irəli gəlir. Valideynlər bu halda təlaşa qapılır və problemdən çıxış yolu üçün psixoloqa müraciət edirlər.Tövsiyə edilir ki, yeniyetmə  və ya kiçik yaşlı uşaqlarda belə bir halla qarşılaşan valideynlər keçmişi xatırlamalıdır. Eqosentrik dönəmdə, yəni 3-6 yaş aralığındakı uşaqlar özlərini  sanki ətrafında baş verən hər şeyin mərkəzində görürlər və hər şeyin onların olduğunu düşünürlər. Onlar bu zaman istədikləri hər hansı bir şey üçün sinir krizləri keçirə, ağlaya və israrçılıq nümayiş etdirə bilərlər. Belə situasiyada valideynlər aqressiya nümayiş etdirmək yerinə uşaqları başa salsalar, onların etdiklərinin nə qədər yanlış olduğunu uyğun bir dillə və övladlarının xarakterinə uyğun bir şəkildə izah etsələr daha doğru olar. Bu zaman uşaq da etdiyinin məsuliyyətini dərk etməyə çalışacaq və utanc hissi yaşamamaq üçün bu hərəkətləri azaltmağa başlayacaq. Beləliklə, bütün bunlar zamanla korreksiya olacaq və təkrarlanmayacaq. Qeyd etdiyimiz kimi bu hallar mütəmadi olaraq baş vermirsə ağır cəzalar tətbiq etmək, sərt reaksiya vermək, evdə bu mövzunu çox müzakirə etmək düzgün deyil. Oğurluq halları kiçik yaşdan başlayır və sıx-sıx təkrarlanarsa  valideynlər bu zaman övladlarına daha çox zaman ayırmalı və onların sevgi doyumsuzluğu yaşadıqlarının fərqinə varmalıdırlar. Yeniyetməlik dönəmində olan oğurluqların müəyyən bir hissəsi sevgi doyumsuzluğundan deyil, davranış pozuntusundan da irəli gələ bilir. Bəzən yeniyetmə yaşda edilən oğurluqlarda öz yaşıdlarına qarşı qorxu, zorakılıq hallarına da təsadüf olunur. Bu halda isə psixoloqlar valideynlərə cəza tədbiri görülməsini tövsiyə edir.

Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi , klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!