22 Dekabr 2022-ci ildə Psixologiya Elmi-Tədqiqat İnstitutunda əlamətdar gün kimi yadda qaldı, belə ki, institutda “Beyin və davranış laboratoriyası”nın rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Elm və Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin üzvü, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik Psixoloq Narınc Rüstəmova, mütəxəssislər və tələbələr iştirak ediblər.
Tədbirdən öncə “Beyin və davranış laboratoriyası”nın açılış mərasimi keçirilib və qonaqlar laboratoriya ilə tanış olublar.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu gün institutun, eləcə də ölkəmizin psixologiya tarixində əlamətdar bir gündür. Sədr vurğulayıb ki, “Beyin və davranış laboratoriyası”nın yaradılmasında məqsəd eksperimental tədqiqatlar aparmaq, əldə olunan nəticələri beynəlxalq nüfuzlu elmi jurnallarda çap etdirmək, peşəkar kadr potensialının hazırlanmasını həyata keçirməkdir. Elnur Rüstəmov həmçinin qeyd edib ki, Psixologiya Elmi- Tədqiqat İnstitutu əlavə təhsil müəssisəsi olaraq Elm və Təhsil Nazirliyi ilə birgə psixoloq və təhsilverənlərin ixtisasartırma təlimlərində fəal iştirak edir. İnstititun fəaliyyətindən bəhs edən sədr bildirib ki, institutda indiyədək bir neçə yerli beynəlxalq elmi konfrans, simpoziumlar, məktəb psixoloqlarının II ümumrespublika konfransı və bir çox elmi tədbirlər təşkil edilib.
BSU-nun rektoru Anar Nağıyev çıxış edərək psixologiya sahəsində bir çox elmi nailiyyətlər əldə etmiş institutun fəaliyyətini yüksək qiymətləndirib. Rektor vurğulayıb ki, hazırda ölkəmizdə psixologiya sahəsinə maraq böyükdür, ona görə də bu sahədə peşəkar kadr hazırlığına ehtiyac var. Anar Nağıyev qeyd edib ki, yaxın günlərdə Bakı Slavyan Universiteti ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı barədə memorandumun imzalanması nəzərdə tutulur. Rektor laboratoriyanın ölkəmizdə psixologiya sahəsində mühüm yeniliklərə yol açacağını əminliklə ifadə edib və kollektivə uğurlar arzulayıb.
Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Nadir Əlirazlı, Nəzəri və eksperimental psixologiya şöbəsinin müdiri, dossent Məhərrəm Əliyev təqdimatlarla çıxış ediblər.
Tədbirdə Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin üzvü, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova da çıxış edib. Uzman-Klinik Psixoloq Narınc Rüstəmova çıxışı zamanı 2021-ci ilin 11 ayı ərzində 575 insan üzərində aparılan diqqət əskikliyinin aradan qaldırılmasında Neurofeedback cihazının təsirinin tədqiqi haqqında danışıb və uğurlu nəticələr əldə edildiyini bildirib.
Qeyd edək ki, “Beyin və davranış laboratoriyası” müasir psixologiya sahəsində tətbiq olunan “QEEG-Quantitative” (Rəqəmsal) Elektroensefaloqramma, “Neurofeedback”, “Neurofeedback robotu”, “Biofeedback”, “tDCS-Transkranial Birbaşa Cərəyan Stimulyasiyası”, “Virtual Reallıq – VR”, “BETA ALFA”, “Beta One və ya liTMS” və digər ən müasir aparatlarla təchiz olunub.