Uşaqlarda davranış pozuntusu

“Uşaqlarda davranış pozuntusu”

Valideynlərin psixoloqlara yönlənməsində əsas səbəblərdən biri də uşaqlarda davranış pozuntusu ilə əlaqədardır. Bu mövzu ilə ilə bağlı mütəmadi olaraq suallar ünvanlanır: “Övladımda davranış pozuntusu müşahidə etmişəm bu məni çox narahat edir. Hansı çıxış yolu məsləhət görürsünüz” və s.

İlk öncə vurğulamaq lazımdır ki, psixoloq yanına davranış pozuntulu uşaq gətirildikdə onun hansı səviyyədə olmasını ölçməlidir ki, bu ictimailəşmişdir yoxsa əksinə, və ya hər ikisi qarışıq formada müşahidə edilirmi. İctimailəşməmiş davranış pozuntusu odur ki, valideyn uşaqdakı problemləri ancaq evin daxilində görür. Belə pozuntusu olan uşaqlar əksinə bağça və ya məktəbdə, ictimai yerlərdə özlərini sakit, ağıllı, nümunəvi aparırlar. İctimailəşmiş davranış pozuntusu da əksinə evdə, ailə daxilində sözə baxan, valideynlərini incitməyən, ancaq ictimai yerlərdə, bağçada və s. özünü heç də yaxşı aparmayan, həmyaşıdları ilə düzgün münasibət qura bilməyən, müəllimləri tərəfindən tez-tez danlanan uşaqlarda müşahidə edilir. Bunların işərisində şübhəsiz ki, ən çətini qarışıq davranış pozuntusu sərgiləyən uşaqlardır. Onlar üçün evdə və ya ictimai yerdə olmaqlarının elə də bir əhəmiyyəti yoxdur. Belə uşaqlarda da artıq problemlər bir tərəfli deyil, çox şaxəlidir. Ona görə də bu tip uşaqların valideynləri diqqətli olmalı və vaxtında onları  psixoloqa göstərməsi lazımdır. Əks halda gələcəkdə  korreksiya edilməsi çox çətinləşəcək problemlərlə üzləşilə bilər. Cəmiyyət içərisində, ictimai yerlərdə özlərini apara bilməyən, düzgün hərəkətlər nümayiş etdirməyən uşaqlar çox zaman özgüvən problem yaşayırlar.

Davranış pozuntusunu yaradan bir səbəb də uşaqlara evdəki münasibətlə, cəmiyyətdəki, social mühitdəki münasibətin fərqli olmasıdır. Ola bilər ki, evdə çox əzizlənən, qayğı görən, hər istədiyi yerinə yetirilən uşaqlar ətrafdan da bu diqqəti tələb etsin və bu zaman ona aqressiv davrana bilərlər ki, bu da son nəticədə davranış pozuntusuna gətirər. Bu gətirdiyimiz misalın əksi də ola bilər, yəni evdə davamlı fiziki və psixoloji şiddət görən,  ailəsi tərəfindən yaxşı davranılmayan uşaqlar məktəbdə və ya bağçada nəvaziş, xoş münasibət gördükdə bu onlarda davranış pozuntusunun yaranmasına gətirib çıxara bilər.

Bəs davranış pozuntusu nə zaman, hansı hallarda üzə çıxır? Əslində davranış pozuntusu da uşaqların özlərini ifadə etmə şəklidir. Digərlərindən fərqli olaraq uşaqlar  yaxşı nələrləsə diqqət çəkmək əvəzinə, pis şeylərlə diqqət çəkməyə başlayırlar. Buna missal olaraq, aqressiya, sözə qulaq asmamaq, davamlı  yalan danışma,hətta özünə belə xətər yetirmə də ola bilər.

Ümumiyyətlə isə davranış pozuntuları 2 yaşdan etibarən görülə bilir. Qeyd etdiyimiz kimi, vaxtında peşəkar psixoloq dəstəyi alınmazsa gələcəkdə belə uşaqlarda  davranış pozuntuları şəxsiyyətdə pozuntular, anti-sosial şəxsiyyət və müxtəlif patoloji fəsadlar törədə bilər.

Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar  Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman- klinik psixoloq Narınc Rüstəmova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!