Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“ Pişiklərə hədsiz bağlılıq xəstəliyə gətirib çıxarır”

Heyvanlara bağlılıq təkcə müasir dövrün deyil, eyni zamanda əvvəlki dövrlərdə də insanlarda müşahidə olunan aslılıq növlərindən biridir. Sosial şəbəkələrdə yayılan məlumata görə, paytaxt sakini Lətafət xanım pişiklərə olan sevgisi, bağlılığı səbəbindən həyat yoldaşından ayrılmış və ailəsini pişiklərinə qurban vermişdir. Bu məsələnin psixoloji tərəfləri, “insan-heyvan dostluğu” eyni zamanda insanların pişiklərə, itlərə və s. heyvanlara bağlılığı, hədsiz sevgisi haqqında Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova narınc.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

“ İlk öncə onu vurğulamaq istərdim ki, heyvanları, xüsusilə də pişikləri sevmək çox gözəl bir duyğudur. Ancaq, bir çox insanlar üçün pişik bəzən həyatda əvəzolunmaz bir elementdir. Bəziləri evsiz, maşınsız və ya ailəsi, yaxınları olmadan yaşaya bilər,lakin heç vaxt pişiksiz yaşaya bilməz. Şöhrət zirvəsinə, cəmiyyətdə müəyyən yerə çatmış insanlar arasında heyvanlara hədsiz bağlılıq müşahidə edilir. Xüsusən də kino və səhnə dünyasının məşhurları arasında pişik asılılığının olması hallarına rast gəlinir. Bu bağlılığın, hədsiz sevginin diqqət çəkən bir tərəfi də var. Bu,“tənhalıq, heçlik qorxusu, sevgisizlik və dünyaya qarşı müdafiə mexanizmi yaratmaq” formasıdır. Bundan başqa pişiklərdə, xüsusən də onların bığlarında olan elektrodlar insanı deppressiyadan çıxarmağa kömək edir, həm də, bununla bərabər insana hüzur, rahatlıq hissi verir. Amma təbii ki, hər bir şeyin çoxunun zərəri olduğu kimi bu sevginin də hədsiz bağlılığa çevrilməsi özü ilə bərabərində problemlər yaradır. Belə ki, bu bağlılıq və sevgi nə qədər artırsa vəziyyət də bir o qədər qəlizləşər.

Bildiyimiz kimi insan sosial varlıqdır, onun sevilmə ehtiyacı, ünsiyyətə girmək, qayğı görmə və sevilmə tələbatı vardır. Bu tələbatlar pişiyə sevgi və bağlılıq şəklində ödəndikdə zaman keçdikcə ətrafındakı insanlardan uzaqlaşmağa, onlara olan sevgi və qayğısı azalmağa başlayır. Beləliklə də, bütün diqqətini və sevgisini pişiklərə, heyvanlara yönəldir. Artıq ,irəliləyən zamanlarda dostları ilə, ailəsi ilə zaman keçirmək istəmir, bəzən evinə, ev qayğılarına, həyat yoldaşına laqeyid yanaşır. Təbii ki, onun bu münasibətindən sonra çevrəsi, dostları azalmağa, vəziyyət hətta ailəsi ilə də problemlər yaşanması həddinə qədər gəlib çıxa bilir.

Pişiklərə məhəbbət və bağlılıq daha çox qadınlar arasında müşahidə edilir. Ancaq, bu o demək deyil ki, kişilərdə bu hallara rast gəlinmir. Qadınlarda qayğıya qalma, diqqət göstərmə analıq instinktivi olduğuna, onların təbiətində olduğuna görə pişiklərə də bu şəkildə yanaşırlar. Heyvanların içərisində qayğı, sığal, sevgi, diqqət və bəslənməyi ən çox sevənlərdən biri pişiklər olduğu üçün bir növ pişiklər və qadınlar arasında “dost, övlad” münasibəti yaranır. Bəzi qadınlar analıq hisslərini pişiklərdə, onlarla olan münasibətdə tapırlar. Pişiyi yedizdirdikcə, sığalladıqca sanki onu öz övladı yerinə qoyur. Beləcə, zaman keçdikcə pişiklər qadınların  sanki “həm dostuna, həm də qayğısını çəkdiyi övladına çevrilir” Bunlar da qeyd etdiyim kimi, bir müddət sonra qadınların sosial çevrəsinin məhdudlaşmasına gətirib çıxarır. Günün çox hissəsini pişiyinə qayğı göstərən, onu əzizləyən, diqqət edən qadınların ailələri, həyat yoldaşları, uşaqları çox zaman bunu qəbul etmir və ailədaxili problemlər, hətta boşanmalar baş verir.  Bu zaman insan yalnızlaşır və yalnızlaşdıqca “ məni heç bir qarşılıq gözləmədən, səbəb olmadan  sevən, qayğıma qalan varlıqlar pişiklərdir” düşüncəsinə qapılırlar. Davamlı belə düşünən insanlarda artıq zamanla bu sevgi daha da artmağa və dediyimiz hədsiz bağlılıq hissinə çevrilməyə başlayır. Bu bəzən bir pişiyə yox bir neçə pişiyə bağlılq şəklində özünü göstərir. Məsələn: evində 15, 20 hətta daha çox pişik bəsləyən insanlar ola bilir. Bəzən  bu hal bununla da kifayətlənmir, bağlılıq artdıqca nəyinki evdə bəsləmək, hətta küçədəki pişikləri də evə gətirmək hallarına da rast gəlinir.

Bütün gününü heyvanlara, pişiklərə həsr edən heç bir fəaliyyətlə məşğul olmayan insanların zaman keçdikcə əmək qabiliyyəti zəifləyir. Cəmiyyətdən uzaqlaşa və özünə sadecə pişiklərdən ibarət çevrə yarada bilərlər. Bu da öz növbəsində zaman keçdikcə ciddi yalnızlıq hissinin yaranması ilə müşayiət olunacaq. Eyni zamanda bu vəziyyət ciddi psixoloji pozuntuların yaranmsı ilə nəticələnə bilər. Əgər belə hədsiz bağlılıq varsa, mütləq zamanında bir psixoloqa müraciət olunmalı və psixoloji dəstək alınmalıdır. Heyvanlara qarşı qayğı,məhəbbət, diqqət segvi və bağlılığın həddinin aşılmadığı təqdirdə çox gözəl və qiymətləndiriləsi məqamdır”

Müəllif-Səbinə Hüseyinova

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!