Narınc Psixologiya Mərkəzi - Sağlam övlad, xoşbəxt ailə

“Zəzələ uşaqların psixologiyasını alt üst edə bilər. Valideynlərin diqqətinə!”

Təbii fəlakətlər və bu hadisələrin yaratdığı fövqəladə halların insannların psixoloji vəziyyətinə, uşaqların, yeniyetmələrin psixikasına təsiri və qoyduğu izlər haqqında Amerika Beynəlxalq  Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova  sia.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 “ Təbii fəlakətlər daşqın, sunami, ildırım, zəzələ və s. insan psixologiyasına və xüsusilə uşaqların psixologiyasına təsirsiz ötüşmür. İlk öncə onu vurğulamaq istərdim ki, yaxın günlərdə qardaş ölkə-Türkiyədə baş verən zəzələ və yaşanan hadisələr hər birimizi dərindən sarsıtdı. Bütün zəzələ qurbanlarına uca Tanrıdan rəhmət, zəzələ fəlakəti nəticəsində yaralanan insanlara isə şəfa diləyirəm. Türkiyənin acısı bizim acımızdır, başımız sağolsun!

Qeyd etdiyim kimi, belə hadisələrdə ən çox psixologiyası zədələnən, travma alan qrup məhz uşaqlardır. Ancaq burda bir məqam da var ki, uşaqlar belə hadisədən təsirlənsələr də bunu uzun müddət yaddaşlarında saxlamır və bir müddət sonra unuda bilirlər. Bu tip hadisələrdə uşaqlara ilk hiss etdirilməli və aşılanmalı olan güvən duyğusu olmalıdır. Çünki belə proseslərin içində yer alan, bunları canlı şəkildə yaşayan uşaqlarda ilk növbədə qorxu, həyəcan-təşviş, panika kimi əlamətlər özünü biruzə verir. Daha sonra bu daxili gərginlik, itirmə qorxusu, yuxu pozulmaları, travma kimi fobik əlamətlər fonunda da özünü göstərir. Məsələn:  yaxın çevrəsinin həmişə onunla birgə olmasını istəməsi, tez-tez ölümlə bağlı suallar ünvanlamaq, müəyyən müddət sonra tək qala bilməmək, həmişə valideynlərinin yanında olmasını istəməsi, əvvəllər tək oynayırdısa artıq bundan sonra oyun oynadıqda belə yanında kiminsə olmasını istəməsi və s. şəkildə müşahidə edilə bilər.

Ona görə də bu hallarda ən əsas məsələlərdən biri, uşaqlarda güvən duyğusunu formalaşdırmaqdır. Eyni zamanda bildirmək istərdim ki, insanların belə vəziyyətlərə təkcə fiziki hazırlığı yox, həm də, psixoloji hazırlığı baş verən çətin məqamlarda ən önəmli faktor rolunu oynayır.

Uşaqların təbii fəlakətlərdən təsirlənməsində ana-atanın da rolu vardır. Belə ki, uşaqların bu vəziyyətlərdən təsirlənməsi ana-atanın təsirlənməsi ilə düz mütənasibdir. Yəni belə demək mümkündürsə, bu vəziyyət nə qədər çox uşağın yanında müzakirə olunarsa, valideynlər həyəcan- təşviş yaşayırsa, zəzələ və onun fəlakətləri barədə həddindən çox danışısa, uşağa bu haqda ifrat dərəcədə məlumat verirsə, uşaq bunu təhlükənin hələ də davam etməsi kimi anlayır və daha çox qorxur. Bu qorxuları bəzən uşaqlar sözlü şəkildə ifadə etməsələr də, bu öz təzahürlərini onların gündəlik yaşamında göstərir. Belə ki, müəyyən zaman sonra bu onlarda yuxu pozulmaları, yuxudan ani şəkildə oyanıb ağlamaq, bədən temperaturunun qalxması, qarın ağrıları , hətta altislatmalar və ciddi itirmə qorxusu fonunda müşahidə edilir.

Bəs çıxış yolu nədir?

 Belə vəziyyətlərdə adətən, uşaqların psixo-emosional sferasını sabit saxlamaq üçün ilk növbədə uşaqlar üçün qorxulmayacaq, güvənilir bir yer, zona təyin etmək və onlarla birlikdə ora getmək lazımdır. Bununla bağlı valideynlər, böyüklər bir mütəxəssis fikri də almalı, yəni belə fövqəladə vəziyyətlərdə harda sığınmaq, güvənli hiss etmək olar kimi məlumatları əvvəlcədən əldə etmələri yaxşı olar. Bu zaman uşaqlar özünü güvəndə hiss edəcək və qorxuları, həyəcanları azalacaqdır. Həmçinin uşaqların baş vermiş fövqəladə hadisələrlə bağlı əlavə məlumat alması, telefona, televizora baxması əsasən tövsiyə edilmir. Xüsusilə valideynlər onları qan, yaralı insanlar, psixoloji ağırlıqlı travmatik videolar izləyəməyə icazə verməməlidirlər. Bu uşaqların psixikasına, ələlxüsus həssas qrupdan olan uşaqlara mənfi təsir edəcəkdir. Daha çox sözlü şəkildə məlumat vermək, zərər görmüş əşyaları, dağılmış binaları göstərmək daha məqsədə uyğun hesab edilir.

Son olaraq vurğulamaq istərdim ki, valideynlər uşaqlardakı bu qorxulara diqqətsiz yanaşmamalı və gözardı etməməlidirlər. Əks təqdirdə onlar qorxu və travmanın nəinki böyüməsinə, həm də, bərabərində uşaqlarda digər qorxuların yaranmasına da şərait yaradırlar. Bu səbəbdən də, belə hallar müşahidə olunan uşaqların valideynləri onlarla söhbət etməli, əgər bu hallar onlarda azalmasa mütləq ixtisaslaşmış psixoloq dəstəyi alınmalıdır. Psixoloq uşaqla söhbət etməli, ona suallar verməli və bu qorxunun səbəbini aşkarlayaraq onun üçün xüsusi bir proqram hazırlamalıdır. Vaxtında alınan psixoloq dəstəyi və davamlı təşkil olunan seanslar sayəsində uşaqlarda qorxu və travmaları korreksiya etmək mümkündür.”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!