24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmovadır. O, “Polyanna sindromu”-nun əlamətlərindən danışıb.
Polyanna sindromunun əlamətləri nələrdir?
Polyanna sindromunun psixoloji tərəflərinə keçmədən öncə tarxinə nəzər salsaq, əsər Amerikalı uşaq yazıçısı Elinor Hocmen Porter tərəfindən 1913-cü ildə yazılıb. Qısa zamanda «Polyanna» bir uşaq ədəbiyyatı nümunəsi olaraq uşaqların sevimli əsərinə çevrilib. Roman çap olunandan sonra ədəbiyyatçılar qəhrəmanı Polyannanı, ən nikbin ədəbi personaj kimi adlandırıblar.
Psixologiyada “Polyanna sindromu” kimi işlədilməsi isə 1978-ci ilə təsadüf edir. Polyanna sindromu insanın pis vaxtlarında belə, həyatının pis dönəmlərində belə, hadisələrə müsbət tərəfdən baxa bilməsidir. Baş verən mənfi proseslərdə belə, müsbət, pozitiv tərəfi görə bilməsidir. Biz az öncə qeyd etdiyim həmin əsərə nəzər salıb psixoloji cəhətdən təhlil etsək, burada Polyannanın atasının ona öyrətdiyi “məmnunluq oyununa” diqqət edə bilərik. Bu “oyuna” görə insan həyatda başına gələn bütün hadisələrin müsbət yönünü tapmalı və ona köklənməlidir. Bu hadisələr hətta nə qədər ağır olarsa, “oyun” bir o qədər də daha maraqlı olacaq. Bu da bir növ bizim “hər şərdə bir xeyir var” məsəlinə bənzəyir. Əslində, bu məsəlin daha anlaşıla bilən forması elə bu əsərdə işlənib. Yəni “Polyanna sindromu” həyata pozitiv yanaşmağın, daha çox stəkanın dolu tərəfini görə bilməyin, həyata nikbin baxmağın fəlsəfəsi üzərindən gedir. Belə insanlar da stressə daha az meyilli, sakit təbiətli, empatiya hissi daha basqın və pozitiv olurlar. Nəticədə, bu insanlar həm özləri, həm də ətraflarındakı başqa insanların həyatına müsbət mənada təsir edirlər.
Türkanə Meşədiyeva
https://24media.az/6073-polyanna-sindromu-heyata-pozitiv-yanashmagin-felsefesi-uzerinden-gedir.html