“Uşaqlarda vətənpərvərlik ruhunu aşılamaq vacibdir“ – Psixoloq danışdı

“Uşaqlarda, yeniyetmələrdə milli kimlik anlayışını düzgün formalaşdırmaq, vətənpərvərlik ruhunu aşılamaq vacibdir. Biz xalq olaraq müharibələrdən keçmişik və tariximizdə bir çox proseslər baş verib. Çox zaman bu kimi suallar alırıq, “Bütün bunları müxtəlif yaş qrupundan olan uşaqlara olduğu kimi, yaxud necə gəldi diktə etmək düzgündürmü?” və ya “Milli kimlik anlayışını düzgün formalaşdırmaq üçün məktəblərin xüsusi psixoloq dəstəyinə ehtiyacı varmı?” Bununla bağlı, yəni müharibənin, düşmənin və s. bu kimi proseslərin uşaqlara izah edilməsində diqqətli olmalı onların psixologiyasında mənfi izlər qoymadan bunları izah etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

Psixoloq bildirib ki, bəzən valideynlər narahat olur ki, necə izah edim ki, övladım qorxu, həyəcan keçirməsin və ya onun sosial həyatına necə təsir edər?

“Ümumiyyətlə, vətənpərvərlik anlayışı uşaqlar üçün ana anlayışı ilə eyni mənanı ifadə edir. Ona görə də elə kiçik yaşlardan ana və vətən kəlməsini uşaqların şüuraltısında, düşüncəsində yeniləşdirməyimiz lazımdır. İnsan anasını itirdikdə necə hisslər yaşayarsa, eyni hissləri vətəni təhlükədə, müharibə olduqda da yaşayacaq. Ana kimi vətən də bölünməzdir, müqəddəsdir. Təsadüfi deyil ki, biz də vətənə“Ana,Vətən!” deyirik. Vətənə məhəbbət bəsləyən uşaq anasına, ailəsinə də məhəbbət bəsləyəcək.

Müharibəni uşaqlara şiddət, qan və s. kimi göstərmək, izah etmək düzgün deyil. Bunlar, uşağın psixologiyasına ağır təsir edə bilər. Çünki, onların zehni bunları anlaya, dərk edə bilmir. Ona görə də, valideynlər və müəllimlər belə mövzularda diqqətli olmalı və hadisələri nağıl şəklində, uşağın anlayacağı bir dildə izah etmələri tövsiyə olunur. Həmçinin şəhidlərimiz haqqında məlumat vermək, onların vətənə olan sevgisindən və göstərdikləri qəhrəmanlıqdan da söz açmaq, uşaqlara məlumat vermək lazımdır. Hətta uşağın otağında kiçik bir guşə yaratmaq oraya bayrağımızın, gerbimizin şəklini qoymaq, himnimizin olması, həmçinin torpaqlarımızın işğal olunma və xalqımızın, dövlətimizin və ordumuzun birliyi ilə həmin torpaqlarımızın düşməndən azad olunma tarixlərini, hər rayon, şəhər haqqında kiçik məlumat hazırlayıb həmin guşəyə yerləşdirilsə daha yaxşı olar. Belə olduqda uşaq həm məlumatlı olar, həm də unutmaz.”

https://sia.az/az/news/social/1168363.html

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!