Qaşıq udmaq bioloji yox psixoloji ehtiyacın qarşılanması məqsədilə edilir!

Müxtəlif mənbələrdə qeyd edilən məlumata görə, Bakı şəhərində 55 yaşlı kişi 9 ədəd qaşıq udub və yad cisim əməliyyat nəticəsində onun mədəsindən çıxarılıb. Burada belə bir sual otraya çıxır: “Belə bir davranış göstərən insan psixoloji cəhətdən nə qədər sağlamdır?” Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova narınc.az saytına müsahibə verib.

“İnsanın 9 qaşıq udması adi davranış sayıla bilməz və ciddi psixi sağlamlıq problemi, bu impuls nəzarəti pozuntusu və ya psixotik epizodlar ola bilər. Onu da qeyd edim ki, bu sadəcə simulyasiya da (kasıb qalmaq, diqqət çəkmək və ya psixoloji yardım almaq məqsədilə) ola bilər. Bəzi insanlar diqqət çəkmək və ya yardım almaq üçün bilərəkdən qeyri-adi davranışlara əl atırlar. Bu nadir, lakin bəzi ağır şəraitlərdə baş verə bilən haldır. Simulyasiyada davranış məqsədlidir və manipulyativdir. Məsələn, həbsdən, məktəbdən, cəzadan yayınmaq üçün edə bilir. Belə insanlar bunu tək qalanda etməz, başqası baxanda başlayar. Onlar üçün fiziki narahatlıq və ya nəticələri vecinə deyil, udduğu şeylərə görə ağrı, qusma olsa da, bunu inkar edir və ya dramatik şəkildə təqdim edir. Onlar dəfələrlə eyni hekayəni fərqli danışır, verdiyi məlumatlar uyğunsuz olur. Hətta burda sosial və ya hüquqi qazanc axtarışı da ola bilər. Məsələn, xəstəxanaya düşüb istirahət etmək, diqqət mərkəzində olmaq üçün edə bilər.

Lakin bu sadəcə diqqət çəkmə deyil, Pika sindromu ola bilər. Bu sindromdan əziyyət çəkən insanlarda qeyri-qida maddələri yemək istəyi olur. (məsələn, torpaq, metal, sabun, daş və s.). Bu sindrom əsasən bəzi zehni gerilik, autizm, şizofreniya və ya dəmir çatışmazlığı olan insanlarda müşahidə olunur. Pika sindromununda uşaqlıqdan və ya uzunmüddətli belə davranışlar təkrarlanır. Yəni şəxsin əvvəllər də oxşar hallar yaşaması gərəkir.

 Şizofreniya və ya psixotik pozuntular da isə şəxs realıqdan qoparaq, halüsinasiyalar və ya məntiqsiz düşüncələrlə öz bədəninə və həyatına zərər verə biləcək davranışlar edir. Bundan əlavə Obsessiv-kompulsiv pozuntu (OKP) dərinləşərsə udma davranışı kompulsiv, yəni insanın özü də anlamadığı və qarşısını ala bilmədiyi şəkildə olur. Daim təkrarlanan, qarşısı alınmaz düşüncə və davranışlar özünü bu şəkildə göstərir. Yəni şəxs beynindəki narahatlıqdan qurtulmaq üçün müəyyən şeyləri udmağa məcbur olur (məsələn, “əgər bunu udmasam, ailəmə nəsə olacaq” düşüncəsi). Simmetriya və ya tamamlama istəyi ilə “bu hissəni yeməsəm, özümü rahat hiss etməyəcəm” kimi bir düşüncələr yaşayır. Yoxlama və rahatlama məqsədilə məsələn, bir maddənin zərərsiz olduğunu sübut etmək üçün udur.

  Bu hallar zehni gerilik və davranış impulslarının idarə edə bilməməsindən də baş verə bilir. Əgər şəxs intellektual inkişafdan geri qalırsa, nəticələrini düşünmədən impulsiv hərəkətlər edə bilər. Belə hadisələrdə bu şəxs sadəcə fiziki yox, psixoloji və psixiatrik qiymətləndirmədən keçməlidir.”

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!