Uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi psixoloji bir problemdir və bu Mutizm adlanır. Səssiz, susqun mənasına gələn mutizm Latın dilində “mutus” ifadəsindən yaranıb. Uşağın danışıq yaşı keçir və o, hələ də danışmırsa, bu hal uşağın ya nitq aparatında yaranan problemlərlə bağlıdır, ya da danışa bildiyi halda danışmağa istəksizdir.
Mutizmin iki növü var:
1.Total mutizm: Uşaq hamıyla danışmaqdan imtina edir. Əksər vaxtlarda bu problem 3-5 yaş arası məktəbəqədər dövrdə özünü göstərir. Lakin valideynlər uşaqlarındakı bu halı əvvəlcə çəkingənlik kimi düşündüklərindən, məktəb dövrü çatan zaman uşağın heç bir dostu və müəllimi ilə danışmaması problemin üzə çıxmasına səbəb olur.
Total mutizmin yaranma səbəbi: Uşaq heç bir halda heç kimlə ünsiyyətə girmir və danışmır. Ünsiyyətə girmək istəyini nadir hallarda fikrini yazılı şəkildə ifadə etməklə təmin etməyə cəhd göstərir.
2. Selektiv mutizm: Fərd seçdiyi insanlarla ünsiyyətdə olur, danışır, digər hallarda nitqdən imtina edir. Selektiv mutizmin ortaya çıxdığı yaş aralığını iki hissəyə bölmək olar: 3-4 yaşlarında problem özünü göstərirsə, erkən selektiv mutizm adlanır. 5 yaşından etibarən yaranmağa başlayıbsa, gec və ya məktəb mutizmi adlanır.
Selektiv mutizmin yaranma səbəbi: Uşağın ailə mühiti kimi ünsiyyətə girəcəyi insanları tanıdığı və özünü güvəndə hiss etdiyi ictimai sahələrdə danışmasına baxmayaraq, məktəb və oyun sahələri kimi fərqli sosyal mühitlərdə danışmaması.
Terapiyanın aparılma qaydası: İlkin olaraq mütəxəssislə pasient arasında emosional kontakt mütləq yaranmalıdır, əks təqdirdə terapiya uğurlu alınmaz. Bir neçə mütəxəssislə uşaq kontakta girməyə bilər. Mütəxəssis davamlı olaraq uşaqla danışmalı, lakin onu danışmağa məcbur etməməlidir. İlk seansda uşaqla pıçıltılı səs tonunda danışmalıyıq. Uşaq bizə reaksiya verdikcə səs tonumuzu zamanla qaldırırıq. Uşaq tam olaraq bizimlə sözlü əlaqəyə keçdikdən sonra uşağın sosiallığı və başqalarıyla ünsiyyəti üzərində çalışırıq. Bu zaman uşağın öz güvəni və özünə inamı üzərində işləməliyik. İlk başlarda pasient başqalarıyla danışmaya bilər. Zamanla sosiallığı adiləşdikcə və ana motivasiya verdikcə danışıq fəaliyyəti açılır. İstisna olaraq uşaq hamıyla danışmaya bilər, bu kimi halda onu məcbur etmək düzgün sayılmır. Sonra isə uşağa kiçik tapşırıqlar verərək onu ünsiyyətə ruhlandırırıq. Misal: Uşağa pul verib çörək alıb gətirməsini tapşırmaq kimi.
Narınc Uşaq Psixologiya Mərkəzi. Gənclik filialı. Psixo-pedaqoq Fidan Hüseynova