Depressiya uşaq və gənclərdə

Depressiya nədir?

Çətin və ya stressli hadisələr zamanı, o cümlədən, yaxın ailə üzvünün xəstələnməsi və ya vəfatı ilə əlaqədar özünü qəmli hiss etmək və ya ümidini kəsmiş, ruhdan düşmüş olmaq normal hal kimi qarşılanır. Lakin bəzən bu kədərli hisslər uzun müddət davam edir və gündəlik həyat tərzinə müdaxilə etməyə başlayir. Bu zaman əhval-ruhiyyənin aşağı olması depressiya adlandırdığımız xəstəliyin yaranmasına gətirib çıxarır.

Depressiya nə dərəcədə geniş yayılıb?

Depressiya yaşından, cinsindən, gəlir və təhsil səviyyəsindən asılı olmayaraq hər kəsdə baş verə bilər.

Depressiyaya nə səbəb olur?

•  Uşaqlarda depressiya: depressiya yetkinlik yaşına çatmayan uşaqların 1%-də, yetkinlik yaşına çatmış gənclərin isə təqribən 3%-də müşahidə olunur.

•  Yeniyetmə qızların yeniyetmə oğlanlara nisbətən depressiyaya düşmə ehtimalı iki dəfə çoxdur.

•  Depressiyadan əziyyət çəkən uşaq və böyüklərin əksəriyyətində tez-tez psixoloji, təhsil və ailə ilə bağlı problemlər yaşanır.

Depressiyanın yaranmasının xüsusi bir səbəbi yoxdur. Ona təkcə bir yox, bir neçə problemin yığılması səbəb ola bilər. Məktəbdə münaqişə, dava etmək, valideynlərin ayrılması və ya boşanması, ailə üzvlərini və ya dostunu itirmək və ya onlarla ziddiyyət etmək kimi stressli həyat hadisələri də depressiyanı yaradan amillərdəndir. Həmçinin, əgər ailə üzvlərində depressiya və ya bipolyar pozuntu (“manik” depressiya) kimi xəstəliklər qeydə alınıbsa, bu, digər ailə üzvlərində həmin pozuntuların baş vermə riskini artırmış olur.

Vurğulamaq lazımdır ki, cinsi, fiziki və psixoloji zorakılığa məruz qalan uşaq və gənclərin böyük əksəriyyətində depressiya müşahidə edilir. Bu səbəbdən övladınızda depressiya qeydə alınırsa, onun zorakılığa məruz qalıb qalmaması ehtiyyatla mütləq araşdırılmalıdır. Əksər hallarda zorakılığa məruz qalmış uşaq və gənclər bu barədə heç kimə danışmır, özlərinə qapanır, cəmiyyətdən özlərini təcrid edir və düşdükləri depressiv vəziyyət daha dərinləşir. 

Depressiyanın əlamətləri hansılardır?

Əgər uşaq və ya gənc depressiyaya düşübsə, bu zaman onun davranışında bir çox dəyişikliklər müşahidə olunur:

•Əvvəl həzz aldığı (maraq göstərdiyi) məşğuliyyətlərdən artıq zövq almamaq;

•İştahanın itməsi və ya həddindən artıq çox yemək;

•Diqqəti cəmləşdirmək, hadisələri və ya əşyaları xatırlamaq və ya müxtəlif məsələlərə dair qərar verməkdə çətinlik çəkmək;

•Özünə xəsarət və ya özünə-qəsd düşüncələr;

•Narahat yuxu və ya həddindən artıq çox yatmaq;

•Özünü hər zaman yorğun və əzgin hiss etmək;

•Baş və mədə ağrılarından şikayət etmək;

•Özünə inamın azalması;

•Səbəbsiz yerə özünü təqsirləndirmək.

Uşaqlarda, xüsusilə də gənclərdə müşayiət olunan təkcə pis əhval ruhiyyə yox, əsəbilik və deyingənlik də depressiyanın simptomları ola bilər.

Depressiyanın ən son həddində bəzi gənclərdə psixotik simptomlar yaranır. Onlar qeyri-adi və bəzən də xoşagəlməz fikirlərə sahib olurlar.

Bəzi uşaqlarda aşağı əhval-ruhiyyə ilə bərabər əsassız yüksək əhval-ruhiyyə (“maniya” da adlanır) də müşahidə olunur. Bu o deməkdir ki, onlar bipolyar pozuntudan əziyyət çəkirlər.

Depressiyanın gənc insanlara hansı təsirləri var?

Depressiyaya düşmüş uşaq və ya gənc nəinki hisslərində, həmçinin, davranışlarında da böyük problemlər yaşayır. Bu, evdə, məktəbdə, eləcə də, ailə üzvləri və dostlarla olan münasibətlərdə özünü göstərir.

Haradan yardım ala bilərəm?

Depressiya müalicə olunan xəstəlikdir. Yardım etmək üçün atılacaq ilk addım xəstəliyin nədən qaynaqlandığını aşkar etməkdir. Övladınızı  tanıyan insanlarla söhbət etmək bu işdə yardımçı ola bilər. Məsələn, onun davranışını müşahidə edin, daha ətraflı məlumat üçün oxuduğu məktəblə əlaqə saxlayın, müəllimlər və sinif yoldaşları ilə söhbət edin, idmana gedirsə onun idman müəllimi ilə söhbət edin.

Əgər gəncin depressiyaya düşdüyündən şübhələnirsinizsə, ilkin olaraq tibbi məsləhət alması çox vacibdir. Ilk addım kimi uşaq və ya gəncin etibar etdiyi və tanıdığı həkimlə əlaqə saxlayın və onun qəbulunda olun. Ehtiyac olduqda o, sizi mütəxəssisə yönəldəcəkdir.

Depressiya necə müalicə olunur?

Müalicənin məqsədi simptomları yaxşılaşdırmaq, xəstəliyin yenidən qayıtmasının qarşısını almaq və gəncin normal həyata qayıtmasına yardım etməkdir. Ailələr xəstəliyin aşkar edilməsində, müalicə müddətində gəncin dəstəklənməsində və xəstəliyin yenidən qayıtmasının qarşısının alınmasında mühüm rol oynayır. Buna görə də situasiyanı düzgün dəyərləndirmək, uşaq və ya gəncin düşdüyü vəziyyəti anlayaraq ona dayaq olmaq çox vacibdir.

Depressiyanın övladınıza nə dərəcədə təsir etməsindən və kəskinliyindən asılı olaraq, müxtəlif müalicə üsulları mövcuddur. Əgər kəskin simptomlar, intihar etməklə bağlı fikirlər və ya riskli davranışlar müşahidə edirsinizsə, bu zaman onların dərman preparatı qəbul etməsinə və ya xəstəxanada ilkin müalicə almasına ehtiyac yaranır.

Depressiyanın müalicəsində psixoloji (“danışıq”) müalicələr və dərman qəbulunun böyük rolu var.                                

Psixoterapiya (“söhbət etməklə“ müalicə) – psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Psixoterapiya prosesində pasiyent öz emosiyalarını tənzimləməyin yeni vərdişlərinə yiyələnir, stress vəziyyətlərinin nəticələrini aradan qaldırmağı öyrənir, xəstəlik dövründə pozulmuş münasibətləri bərpa etməyə çalışır.

Ənənəvi olaraq psixoterapiya dedikdə, xəstə ilə həkimin qarşılıqlı əlaqəsi nəticəsində xəstəliyin müaslicəsinə məqsədyönlü şəkildə yönəldilmiş psixoloji təsirlər nəzərdə tutulurdu. Bu müalicə metodu pasiyentin mütəmadi olaraq (bir qayda olaraq, hər həftə) psixoterapevtlə ünsiyyətdə olmasını nəzərdə tutur.

Psixoterapevtik müdaxiləyə aşağıdakı hallarda ehtiyac yaranır: sosial əlaqələrin (məs: dostluq, işgüzar, ailə münasibətləri və s.) pozulması, ünsiyyət çətinlikləri və digər sosial adaptasiya problemləri. Belə halları yaşayan insanlarda tez-tez nevroza tutulma müşahidə olunur, özünə və ətrafına hörmət azalır, aqressiya artır və s. neqativliklər özünü göstərir. Elə buna görə də son vaxtlar istənilən psixoloji gərginliklərin yaranmasında (qorxular, daxili konfliktlər, depressiya, həyəcan, ünsiyyət pozuntuları və s.) psixoterapevtik metodlardan (psixoloji yönümlü,tibbi olmayan) istifadə edilir.

Problemli fikirlər, davranış və emosiyalara bağlı olan problemlərin həllinə yönələn psixoterapevtik müalicə üsulu. KBT-də strukturlaşmış, problemlərin həllinə yönəlmiş psixoterapevtik yanaşma istifadə olunur.

Koqnitiv davranış terapiyası psixoterapiyanın bir  metodu kimi dərman qəbulundan öncə tətbiq oluna bilən və çox vaxt effektiv olan ilk müalicə üsuludur.

Başqa necə yardım edə bilərəm?

Övladınızın xəstəliyini üzə çıxarmaq və anlamaq yardım üçün atılan böyük addımdır. Övladınız əsəbi olduğu və ya riskli hərəkətlər etdiyi zaman sizin də əsəbi və ya məyus olmağınız normal haldır. Siz bu zaman özünüzü ələ almalı və övladınıza nə hiss etdiyinizi və ona yardım etmək istədiyinizi  bildirməlisiniz.

Bəzi uşaqlar problemləri barədə sizinlə danışmaq istəməyəcəklər, ancaq hər hansı bir şəxsə, dostuna, həkiminə, sağlamlıq mərkəzində gənclərin problemləri üzrə  məşğul olan mütəxəssisə (məs., poliklinikanın yeniyetmə kabinetinin həkimi, Azərbaycan Uşaq Qaynar Xətti, “Inam” psixoloji yardım xətti, “Zorakılıq qurbanları üçün Qaynar Xətt”) danışa bilərlər. Problemlərini inandığı şəxslərə danışması və mütəxəssis yardımı alması üçün onları ruhlandırmaq və ya həvəsləndirmək çox vacibdir.

Bir az söhbət etmək, televizora baxaraq vaxt keçirmək, yemək bişirmək və gəzmək kimi fiziki fəaliyyətlərlə məşğul olmaq onların əhval-ruhiyyəsini qaldıra bilər, hətta onlar bunu etmək istəmədiklərini desələr belə. Sağlam pəhriz və idmanla məşğul olmaq da onlara yardım edə bilər.

Proqnoz

•  Depressiyadan əziyyət çəkən uşaq və gənclərin təxminən 10%-i üç ay ərzində öz-özünə sağalır.

•  50%-i 12 ay və 20-30%-i isə 2 il müddətində depressiya ilə yaşamağı davam edir.

•  Gənclərdə müşahidə olunan davamlı depressiya onun davranışına və şəxsiyyətinə daimi təsir göstərir.

•  Depressiyadan əziyyət çəkən gənclərin təxminən 30%-də beş il ərzində xəstəlik təkrarlana bilər və bunların əksəriyyəti gənclərin həyatında iz buraxır.

•  Depressiyadan əziyyət çəkən böyüklərin təqribən 1-3%-ində ciddi özünə qəsd cəhdləri (intihara cəhd) müşahidə olunur və bu cür davranışların yenidən təkrarlanması 5-15% arasında dəyişir.

Mənbə: saglamliq.isim.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!