Autizmdən əziyyət çəkən insanlarda bir çox nitq qüsurlarına rast gəlinir. Məsələn, oxu və yazı qüsurları, leksik və qrammatik problemlər, nitqi anlama çətinliyi, alaliya və nitq inkişaf ləngiməsi. Bu qüsurlar arasında exolaliya xüsusi bir yer tutur. Exolaliya, uşağın eşitdiyi sözləri eyniliklə təkrar etməsi deməkdir. Autizm olan şəxslərdə stereotipik davranışlar, yəni təkrarlanan hərəkətlər xarakterikdir. Məhz bu səbəbdən exolaliya autizm üçün səciyyəvi bir nitq qüsuru hesab olunur. Beləki, normalda körpələr ilk sözləri, səsləri ətrafdakılarının nitqini təkrarlayaraq öyrənir, lakin autizmli şəxslərdə exolaliya daha uzun müddət davam edə bilər. Psixoloji və pedaqoji təlim almadıqda isə bu problem həyat boyu davam edə bilər.
Exolaliyanın Formları
Autizmli şəxslərdə exolaliya iki formada özünü göstərir: anında yaranan exolaliya və gecikmiş exolaliya. Anında exolaliya zamanı uşaq eşitdiyi səsləri və sözləri dərhal təkrarlayır. Məsələn, “sənin adın nədir?” sualına dərhal “sənin adın nədir?” şəklində cavab verir. Gecikmiş exolaliya zamanı isə uşaq günlər, həftələr, hətta aylar əvvəl eşitdiyi sözləri təkrarlaya bilər. Bu cür exolaliyaya misal olaraq bir təcrübəmdən danışa bilərəm: bir mərkəzdə təlim alan autizmli uşaq əvvəlcə anında exolaliya göstərirdi, lakin zaman keçdikcə gecikmiş exolaliya da başladı. Uşaq bəzən səbəbsiz şəkildə “avtobus nə vaxt gələcək?”, “kurtkanın düymələrini bağla” kimi cümlələr işlədirdi. Ailə ilə məsləhətləşdikdə məlum oldu ki, bu cümlələr ailə üzvlərinin gündəlik nitqində istifadə olunan ifadələrdir, lakin uşaq həmin ifadələri dərhal deyil, müəyyən bir müddət keçdikdən sonra təkrar edir. Exolaliya ən çox Asperger sindromunda rast gəlinir.
Exolaliyanı Necə Azaltmaq Olar?
Exolaliyanın azaldılması üçün ilk növbədə onun səbəbləri araşdırılmalıdır. Exolaliya adətən iki səbəbdən yaranır: ya uşaq diqqəti cəlb etmək istəyir, ya da eşitdiyi sözləri və komandaları anlamadığı üçün rahatlamaq məqsədilə təkrarlayır. Uşaq exolaliyanı diqqət çəkmək üçün edirsə, ona reaksiyaya ehtiyac yoxdur. Exolaliyanı görməzdən gəlmək lazımdır, çünki göstərilən diqqət exolaliyanın daha da artmasına səbəb olur. Exolaliya rahatlamaq üçün edildikdə isə uşağın diqqətini başqa bir istiqamətə yönəltmək faydalıdır. Məsələn, oyun oynamaq və ya sevdiyi başqa bir fəaliyyətlə məşğul olmaq exolaliyaya kömək edə bilər.
Autizmli uşaqlar, xüsusilə sualları və komandaları anlamadıqda qarşısındakının nitqini təkrarlamağa meylli olurlar. Bu hal ən çox dialoji nitq zamanı baş verir. Praktik bir nümunə olaraq, Asperger sindromu olan bir uşağa “salam, necəsən, neçə yaşın var” kimi suallar veriləndə, sanki bu suallar onun üçün maneə yaradır. Təlimçi sualları bir neçə dəfə təkrarladıqdan sonra uşaq sualların məzmununu qismən anlayıb cavab verməyə çalışır. Pedaqoji iş zamanı, eyniləşdirmə üçün şəkil kartları və ya hərf yazma tapşırıqları verilərsə, uşaq təlimçinin sözlərini təkrarlamadan tapşırığı yerinə yetirə bilir.
Bu proses hər uşaq üçün fərdi yanaşma tələb edir. Exolaliyanın korreksiyası zamanı uşağın uyğunsuz ifadələrini görməzdən gəlib, səbirli şəkildə prosesi izləmək vacibdir.ır.
Nuray Lətifzadə