Yeniyetməlik dövrü müxtəlif ədəbiyyatlarda fərqli yaş dövrlərinə bölünmüşdür. Bəzi ədəbiyyatlarda 11 yaş, bəzi ədəbiyyatlarda isə 12 yaşdan başlayan bu dövrün bitmə tarixi də bəzən 17 və ya 19 yaş göstərilmişdir. Əsasən qızlar yeniyetməlik dövrünə oğlanlara nisbətən 1-2 il tez keçid edər. Yeniyetməlik dövrünün hansı yaşları əhatə etməsi hər bir fərddə fərqlidir. Bu fərqlilik yeniyetmənin fiziologiyasından, fərdi psixi xüsusiyyətlərindən, aliəsindən, mühitindən və başqa bu kimi səbəblərdən bilavasitə asılıdır. Yeniyetməlik dövrü şəxsiyyətin formalaşdığı dövrdür. Elə ziddiyyətlər də yeniyetmənin “şəxsiyyət arayışında” meydana çıxır. Yeniyetmə “Mən kiməm?” sualına cavab tapana qədər bu dövr davam edir.
Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid dövrüdür. Bu zaman yeniyetmə hər gün dəyişən bədəni və psixi halı arasında zidiyyətlər yaşar. Sürətlə artan fizioloji dəyişikliklər qarşısında yeniyetmə tez bir zamanda uşaqlıq ruhundan qurtularaq bu dəyişməyə uyğunlaşmaq istər. Özünün də dərk etməkdə çətinlik çəkdiyi yeni xüsusiyyətlər meydana çıxar. İlk növbədə müstəqilliyə hədsiz meyl özünü göstərir və valideynləri də narahat edən başlıca səbəblərdəndir. Yeniyetmə asılılıq duyğusundan azad olmaq, ekonomik azadlıq eldə etmək arzusundadır.
Yeniyetmə üçün en vacib ünsürlərdən biri cinsi rolunu qəbullanma və bu rola nə dərəcədə uyğun olmasıdır. Cinsi rolunu dost əhatəsində dərk etməyə çalışan yeniyetmə üçün valideynlərin sözləri önəm daşımır. Bu dövrdə valideynlərin cinsiyyətlə bağlı fikirləri yeniyetmələrdə aqresiyya yaradır. Özünü kəşf etmək üçün yeniyetməyə “özü kimilər” lazımdır. Digər yeniyetmələr arasında rahatlıq tapır, şəxsiyyətini formalaşdırır. Bu zaman yeniyetmə üçün ən vacib ünsürlərdən biri olan dost çevrəsi ortaya çıxır. Dostlar bir yeniyetmənin həyatının mərkəzidir. Bu dövrdə dostluq qura bilməyən, hər hansı dost çevrəsində söz sahibi ola bilməyən yeniyetmələr böyük sıxıntılar keçirir. Xüsusən valideynlərin dost seçiminə qarışması, onları pisləməsi yeniyetməni valideynlərdən uzaqlaşdırıb dostlarına daha yaxın edir. Emosional böhran içərisində olan yeniyetmə qərarlarını özü vermək istər və heç kimin fikrini almaq istəməz. Lakin verdiyi qərarın arxasında durmaq, onun məsuliyyətini daşımaq yeniyetmə üçün çətindir. Belə çətinliklər içərisində valideynlər tərəfindən “uşaq yerinə qoyulmaq” yeniyetmənin özgüvənini aşağı salır. Digər mühüm ünsürlərdən biri yeniyetmənin peşə seçimidir. Valideynlərin bitmək bilməyən müdaxilələri bu vəziyyəti ağırlaşdırır. Bəzən valideynlər həyata keçirə bilmədikləri arzularına övladı vasitəsilə çatmaq istəyir. Qeyd olunan bu ünsürlər və daha artığı bir-biri ilə sıx əlaqədədir, zəncirvari xarakter daşıyır. Yeniyetmənin emosional dəyişiklikləri, qız-oğlan münasibətləri, dost çevrəsi, valideynlərlə münasibətlər, peşə seçimi və s. bu kimi amillər böhran yaradır. Əgər yeniyetmə düzgün istiqamətləndirilmirsə və müvafiq dəstək almırsa böhran getdikcə böyüyür və içindən çıxılmaz bir hala gəlir. Ailələrin yeniyetmə ilə bağlı qorxuları böyükdür. Dərslərindən yayınarsa, yalnış mühitə düşərsə, valideynlərindən uzaqlaşarsa nələr olacaqına dair fikirlər valideynləri daim narahat edir. Yeniyetməni necə anlamalı? Ona necə dəstək olmalı? Onu cəmiyyətə bir şəxsiyyət kimi necə qazandırmalı? və s. bu kimi suallar qarşısında nələr etməliyik?
Əslində valideynlər də övladlarının tez böyüməsi arzusundadır. Lakin bu arzu onları olduğundan böyük görməli olduğumuz anlamına gəlməz. Valideynlər övladının günü-gündən böyüyən bədəninə aldanmamalı, onun eyni uşaq olduğunu bilməlidir. Baş verən dəyişikliklərin böhran dövrü ilə əlaqəli olduğunu bilməli, yeniyetməni anlamağa çalışmalıdır. Valideynlər yeniyetmələrin onları dinləmədiyini iddia edər, yeniyetmələr isə valideynlərin onların hər fikrinə qarşı çıxdığını düşünür. İlk növbədə yeniyetməni dinləmək vacib şərtdir. Yeniyetmə onu anladığınızı, şəxsiyyətinə və fikirlərinə hörmət etdiyinizi bilməlidir. Yeniyetmə həddindən artıq emosional olduğu üçün ona emosiyalarla təsir etmək daha mümkündür. Məsələn, evə gec gəldiyində valideyn ona qışqırmaq yerinə, bu vəziyyətdə nə qədər pis olduğunu, məyus olduğunu ona bildirməlidir.
Ülfət Abbaszadə (Narınc könüllü qrupunun üzvü)