Psixoloq, Psixiatr, Psixoterapevt kimdir? Hansına mürciət etməliyəm?

Psixoloq, Psixiatr, Psixoterapevt kimdir? Hansına mürciət etməliyəm?

İnsan, psixoloji narahatlıq yaşadıqda və bununla bağlı mütəxəssisdən yardım almaq qərarına gəldikdə kimə müraciət edəcəyi ilə bağlı müəyyən tərəddüd hissi keçirir. Bu məqaləni oxuyaraq yaranan suallara cavab tapa bilərsiniz.

Psixoloq: psixologiya fakültəsi və psixologiya ixtisasından məzun olan insanlar psixoloq ünvanını qazanırlar. Lakin psixologiya üzrə təhsil alan hər psixoloq konsultasiya aparmaq hüququna malik deyil. Psixologiya elminin bir sahəsi yoxdur. Konsultasiya aparmaq ixtiyarı verilən və bacarığı qazandıran klinik psixologiya, psixologiyanın alt sahələrindən sadəcə biridir. Eksperimental psixologiya, sosial psixologiya, inkişaf psixologiyası, məhkəmə psixologiyası psixoloqların ixtisaslaşaraq fəaliyyət göstərə biləcəkləri psixologiyanın sahələridir.

Klinik psixoloq: psixologiya üzrə təhsil aldıqdan sonra, klinik psixologiya sahəsində magistr dərəcəsini bitirmişdir mütəxəssisdir. Diaqnoz qoymaq və terapiya aparmaq bacarığına sahibdir. Psixologiya ixtisasının və psixoterapiyanın tətbiq sahələrinin etik qaydalarına hakimdir və bu qaydalara əməl etməklə məsuldur. Həkim deyil, dərman yazmır.

Klinik psixoloq və psixoterapevtlər sadəcə nəzəri və akademik işlərlə məhdud qalmır, psixoterapiya təlimləri alır və superviziyanı tamamlayır.

Psixiatr: tibb təhsilini tamamlayan və psixiatriya üzrə ixtisaslaşan mütəxəssisdir. Tibb təhsili aldığı üçün farmakoterapiya aparmaq ixtiyarına malikdir. Hər psixiatr, psixoterapevt deyil. Psixiatr psixoterapiya aparmaq üçün lazımi təhsili almalı və superviziyalarda iştirak etməlidir.

Psixoterapevt: psixologiya sahəsində çalışan, diaqnoz qoymaq və bu istiqamətdə terapevtik üsullarla terapiya tətbiq etmək bacarığına malik mütəxəssisdir. Psixoterapevt olmaq üçün, mütləq psixoterapiya sahəsi üzrə əhatəli təhsil alınmalıdır və əlavə olaraq superviziya (mütəxəssisin nəzarəti altında davam etdirilən terapiya) keçməlidir. Klinik psixologiya dərəcəsi bu istiqamətdə təhsil vrən proqramdır.

Kimə müraciət etməliyəm?

Psixoloji narahatlıqların bir çoxu dərman dəstəyi olmadan, konsultasiya vasitəsilə aradan qaldırılan problemlərdir. Bir çox araşdırmalar bəzi terapiya üsullarının farmakoterapiyadan daha təsirli olduğunu sübut etmişdir. Bəzi psixoloji narahatlıqlar qısa müddətli, bəzisi isə daha uzun müddətli seansları ehtiva edir. Bu müddət, problemin yaranmasına gətirib çıxaran səbəbləri, problemin dərinliyi, dərəcəsi, başlanğıc zamanı kimi faktorlardan asılıdır.

Problemin dərəcəsi çox olduğu və terapiyaya təsir göstərdiyi halda medikamentoz terapiyadan istifadə olunur. Dərman sadəcə dəstəkləyici rol oynayır. Müalicədən etməkdən daha çox simptomları azaltmaq və psixoloji vəziyyəti korreksiya etməyə kömək edir. Bəzi psixoloji problemlər bioloji səbəbdən qaynaqlanır və buna görə də dərman terapiyasına ehtiyac duyulur. Lakin psixoloji səbəblərdən qaynaqlanan problemin terapiyasında dərman heç bir rol oynamır. Psixoterapiya vasitəsilə, problemləri həll etmək, səbəb olan faktorların fərqinə vararaq onları dəyişdirmək öyrədilir.

Psixoloji narahatlıq yaşadığını düşünən insan, ilk öncə psixoterapevtə müraciət etməlidir. Bu şəxs klinik psixoloq və ya psixoterapiya təlimlərindən keçmiş psixoloq da ola bilər. Əgər dəyərləndirmə zamanı dərman terapiyaya ehtiyac duyularsa, bu zaman mütəxəssis pasiyenti psixiatra yönləndirir.

Çalışın, psixi sağlamlığınızla bğlı bu mövzuda seçici olun!

Nərmin Quliyeva

pcc.az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!