Virtual Dünya və Uşaqlar

Virtual Dünya və Uşaqlar

Kompüter və internet… Texnologiyanın inkişafı bu ikisini dövrümüzün əvəzolunmazına çevirmişdir. Artıq bir çox işimizi kompüter və internet vasitəsilə sürətlə həll edə bilirik. Bu inkişaf həyatımızı asanlaşdırsa da, bir çox problemi də özü ilə gətirdi. Bir çox ana-ata uşaqları kompüter başındaykən özlərini narahat hiss edir. Uşağımın kompüterdə vaxt keçirməsinə icazə verməliyəmmi? Kompüter uşağıma faydalıdır yoxsa zərərli? İnterneti qadağan etsəm uşağım geri qalarmı, sərbəst buraxsam asılı olarmı, içinə qapanarmı? Uşağımın kompüterdə keçirəcəyi müddət nə qədər olmalıdır? Bu kimi suallar bir çox valideynlərin ağlını məşğul etməkdədir. Bəs kompüter və internet istifadəsi ilə əlaqədar ana-atalar nə etməlidir?

Kompüter və internetdən istifadənin uşaqlar üzərindəki təsirlərini araşdıran bir çox tədqiqatlar olsa da, bu sahədəki araşdırmalar çox yeni olduğu üçün texnologiyanın inkişafının uşaqlara, eyni zamanda böyüklərə necə təsir etdiyi ilə bağlı dəqiq nəticə əldə edilməmişdir. Uzun müddət kompüter və internet istifadəsinin uşaqlar üzərində mənfi təsirləri olduğu düşünülsə də, bunlar, böyüklərin həyatını asanlaşdırdığı kimi, kiçiklərin də həyatını asanlaşdıra bilər.

Kiçik məktəb yaşı dövründən etibarən uşaqlar tapşırıqlarını kompüterdə hazırlayır, məktəblə bağlı məsələləri, tapşırıqları, yoldaşlarıyla xəbərləşməyi internet vasitəsilə təmin edirlər. Vəziyyət belə olduqda kompüter və internetin uşaqların həyatından da tamamilə götürülməsi düzgün görünmür. Burada əhəmiyyətli olan uşaqlarınıza internet və kompüteri qadağan etmək yerinə sağlam əlaqələr qurmalarını təmin etməkdir. Yəni, uşağınızın tək fəaliyyətinin kompüter və internet olmadığı, həyatının digər sahələrinə də laqeyd münasibət bəsləmədiyi bir mühit yaratmaq lazımdır. Uşaqlarınız üçün bu mühiti yaratmaqla virtual dünyanın mənfi təsirlərindən də onları qorumağınız mümkün olacaq. Aşağıdakı təkliflər sizə bu mövzuda kömək edəcəkdir:

Kompüteri və interneti tanıdın. Uşağınıza kompüter və interneti tanıtmağınız, ona uyğun olduğunu düşündüyünüz saytları göstərməyiniz, burada necə vaxt keçirəcəyini öyrətməyiniz, uşağınız üçün yaşına uyğun və əyləncəli alternativ variantlar tapmağınız onun kompüter və internetlə sağlam münasibət qurması üçün yaxşı bir başlanğıc olacaqdır. Xüsusilə, uşağınız kiçikdirsə, buna daha çox ehtiyacı var. Unutmayın, uşağınızın diqqətini çəkəcək əyləncəli saytları bir yerdə kəşf etməyiniz uşağın yaşaya biləcəyi müsbət və ya mənfi təcrübələri danışa bilməyiniz üçün bir fürsət olacağı kimi, sizinlə də maraqlı vaxt keçirməsinə şərait yaradacaq.

Uşağınızın kompüterdə keçirdiyi vaxtı müəyyənləşdirin. Bir çox uşaq kiçik yaşlarından etibarən kompüterlə tanış olur. “Uşağımın neçə yaşından sonra kompüterdən istifadə etməsinə icazə verməliyəm?” deyə düşünə bilərsiniz. Uşaqların hansı yaşdan etibarən kompüterdən istifadə etməsinin düzgün olduğuna dair tədqiqat nəticələri olmamaqla yanaşı, bu tədqiqatlar 2 yaşından kiçik uşaqların kompüter ilə tanış olmalarının erkən olduğunu göstərir. Uşaqların kompüterdə keçirdiyi vaxtı onların yaşlarının müəyyənləşdirdiyini bilirik. Əgər uşağınız kiçikdirsə, kompüter başında keçirəcəyi vaxt da az olmalıdır. Uşaq böyüdükcə bu müddəti artıra bilərsiniz.

Sərhədlər qoyun. Uşağınızın kompüter və internetdə keçirəcəyi vaxtı onun yuxu saatlarına, dostları ilə sosiallaşmasına, oyun oynamasına, sizinlə keçirəcəyi vaxta mane olmayacağı formada təşkil edin. Uşaqlar kompüterlə vaxtın necə keçdiyini hiss etməyə bilərlər, hətta kiçik uşaqlar belə saatlarla kompüter başında qala bilər. Uşaqlarınızın kompüter və internet istifadəsi ilə bağlısizin sərhədlərinizə ehtiyacları olduğunu unutmayın.

Kompüter və interneti uşağınız üçün təhlükəsiz hala gətirin. Uşağınızın internetdə girdiyi saytlar, sosial şəbəkələr, əlaqə qurduğu insanlar, izlədiyi videolar və s. sizi narahat edə bilər. İnternetiniz üçün təhlükəsizlik filtri yaratmaq sizə bu mövzuda köməkçi olacaq. Bununla yanaşı, uşağınızın sosial şəbəkələrdə kimlərlə əlaqə qurduğunu təqib edin.

Uşağınızın kompüter və internet xaricindəki fəaliyyətlərini nəzərdən keçirin. Uşağınız kompüter və internetdən başqa nələri sevir? Üzmək, velosiped sürmək, yoldaşları ilə görüşmək… Uşağınızın xoşuna gələn şeyləri tapın. Bu, uşağın kompüter başında keçirdiyi müddət çox olduğunda ona başqa bir şey məsləhət görməyinizə kömək edəcək.

Bəs, kompüter və internet istifadəsi nə vaxt problem yaradır?

  • Əgər uşağınızın kompüterdə keçirdiyi vaxt getdikcə artır və həyatının digər sahələrinə (məktəb, dərs, hobbilər və s.) ayırdığı zaman azalırsa,
  • Uşağınız xarici dünya ilə ünsiyyət qurmaqdansa kompüterdə vaxt keçirməyə üstünlük verirsə,
  • Saatlarla vaxt keçirməsinə baxmayaraq kompüterdən ayırmaqda çətinlik çəkirsinizsə,
  • Uşağınızın sizinlə və yaşıdları ilə keçirdiyi vaxt azalırsa,
  • Uşağınızda içə qapanma halları olursa,
  • Kompüter və internetin olmadığı mühitlərdə uşağınız narahat olur və o mühitdə qala bilmirsə,
  • Kompüterlə keçirilən vaxt uşağınızın yuxu və yemək rejiminə təsir edirsə.

Açar sözlər: internet, kompüter, uşaqlar, virtual, texnologiya

http://www.psikolojistanbul.com/portfolio/sanal-dunya-ve-cocuklar/

Fatimə Qəhrəmanova Afil qızı

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });