Bəzən övladlarımız və ya özümüzdən kiçik bacı-qardaşımız bizə yaxınlaşıb “Uşaq necə olur?”, “Uşaq anaların qarnına necə girir?”, “Uşaq ananın qarnından necə çıxır?” kimi suallar verərək bizi çətin vəziyyətdə qoyurlar. Bilmirik necə izah edək ki, uşaq sualına ətraflı cavab alsın və dediklərimizi başa düşsün. Atalar demişkən: “nə şiş yansın, nə də kabab”. Bu gün bu məqaləni yazmaqda məqsədimiz az da olsa bu sualları psixoloji nüansları gözləyərək cavablandırmaqda sizə yardım etməkdir.
Əsasən uşaqlarda bu cür suallar məktəbəqədər dövrə təsadüf edir. 3-6 yaşları əhatə edən bu dövr uşağın gələcək həyatı üçün təməl dövrlərindən biri hesab olunur. Məktəbəqədər dövr uşağın öz cinsiyyətini kəşf etməsi kimi əsas proseslərdə də özünü göstərir. Artıq uşaq 3 yaşında cümlə qurub danışmağa, qadın və kişi orqanizmindəki fərqləri anlamağa başladığından ətrafdakı yaxınlarını sual atəşinə tuturlar. Xüsusən cinsiyyətlə bağlı suallara valideynlər heyvanlar (quşlar, həşəratlar) üzərindən cavab vermək istəyirlər. Amma bunun uşaqlar üçün maraqlı olmadığının fərqində deyillər. Çünki hələ onların özlərinə bənzəyən canlılardan (insanlardan) başqa heç bir canlının çoxaldığı barəsində məlumatı yoxdur. Başqa sözlə desək, bunu düşünəcək qədər zehni qabiliyyətləri hələ inkişaf etməyib.
Valideynlərin verdiyi qarışıq cavablar uşağı qane etmədikdə o, başqa üsullara əl ataraq suallarına cavab öyrənməyə çalışır. Nəticədə onlarda ana və ata yatan yerdə otağa basqın, əynini dəyişərkən qapının qırağından oğrun-oğrun baxmaq kimi hərəkətlər müşahidə olunur. Bunun baş verməməsi üçün uşaqlarımızın 3 yaşı tamam olandan sonra oyuncaq terapiyasının cinsi inkişaf metodlarından istifadə edərək ailə, uşaq barəsində ssenarilər qurub onlarla birlikdə oynaya bilərik. Məsələn, bir kişi, bir qadın oyuncaq obrazını seçib toy edərək evləndirmək, sonra uşaqlarının olması, ona qullluq və s. kimi səhnəcik düzəltmək olar. Bu uşaqlara ailə həyatını, evlilikdən sonra uşağın olması kimi fikirləri anladır. Artıq uşaq bəzi vermək istədiyi suallara cavab tapır, valideynləri ilə ünsiyyət qurmaqla bağlı komplekslərini dəf edir. Suallarını başqalarına yox, ona ən doğru cavabı verəcək valideynlərinə ünvanlaya bilir.
Sualları cavablandırarkən valideynin emosional vəziyyəti də çox önəmlidir. Valideyn həyəcan, təşviş, gərgin halda izahat verərsə, bu uşaqda soruşduğu şeyin pis bir şey olduğu haqqında təəssürat yaradır. Nəticədə uşaq cinsi həyatı utanc yaradan bir proses kimi qavrayar. Bu da gələcəkdə kompleks, fobiya (qorxu), panik atak, əks cinsə qarşı maraq və güvən hissinin olmaması, ana və ya atanı itirmək kimi narahatlıqlar yarada bilir. Bu o demək deyil ki, valideyn sualı gülərək, əyləncəli şəkildə cavablandırmalıdır. Xeyr! Bu zaman artıq uşaqda cinsliliyi çox adiləşdirmək və bunu hamının yanında danışmaq, valideynlərini utandırmaq kimi hərəkətlər müşahidə oluna bilər. Bunun üçün ən doğru rəftar soyuqqanlı, səbirli və konkret cümlələr şəklində verdiyimiz cavablardır. Və cavab verərkən mütləq uşağın yaşı nəzərə alınmalıdır. Ana övladına uşağın necə dünyaya gəlməsini nağıl şəklində izah edə bilər. Məsələn, “Ananın qarnında bir yuva var, uşaq orda qalır, yeyir, içir, böyüyür sonra vaxt tamam olanda xüsusi yollarla ordan çıxır və dünyaya gəlir”. Çox vaxt valideynlər uşağın dünyaya gəlmə prosesinin sonunda yanlış izahat verirlər. “Qarnımı kəsib səni çıxartdılar” kimi cavablar (ola bilər müəyyən səbəblərdən ana həqiqətən keyser əməliyyatı keçirmişdir, amma bu təbii bioloji proses deyildir) zamanla heç də hamının belə olmadığını öyrənən uşağa travma verir, nəticədə onda özünə və ətrafa qarşı güvənsizlik duyğusu formalaşır.
Sonda onu qeyd etmək istəyirəm ki, uşaqlarımıza “səni leyləklər gətirib”, “qapının ağzında tapmışıq”, “xəstəxanadan almışıq” və s. kimi yalanlar uydurub müvəqqəti sakitçilik yaratmaqla “tərbiyəsi pozular” deyib vicdanımızı rahatlamaq istəsək də, fərqində belə olmadan ona kifayət qədər travma veririk. Bu xüsusən yeniyetməlik dövründə valideyn-övlad konfliktlərinin kökündə duran səbəblərdən biridir. Bir nüansı nəzərə alın: Uşaqlarda öz cinsini kəşf etmə və anlama marağı yaransa da, hormonal və psixi durumu ilə əlaqədar onlarda cinsi meylin (seksual istəyin) hələ yaranmaması narahatlığınızın yersiz olduğunu göstərir.
“NARINC” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloqu Narınc Rüstəmova