Tez-tez doğum evində qadınlarda süd azlığı olur. Evə gəlib dincəldikdən sonra qadın südün çoxalmasını hiss edir.
Bu halda mütləq süd ifrazının azalmasının qarşısını almaq və körpənin tələbatına uyğun olaraq onun artırılmasına çalışmaq lazımdır.
Süd verən ana fiziki gərginlikdən uzaq, sakit emosional şəraitdə olmalı, çoxlu müsafir qəbul etməməli, kifayət qədər qida və maye qəbul etməlidir. Kompot, müxtəlif şirələr, çay, südlü çay, qazsız mineral sular içmək olar. Qazlı şirin sular, təmiz inək südü məsləhət görülmür. Xüsusən əmizdirməkdən 10-15 dəqiqə qabaq və 20-30 dəqiqə sonra maye qəbul etmək lazımdır.
Maye qəbul edilməsinə tələbat yoxdursa, özünüzü məcbur etməyin. Tələbat varsa bütün işlərinizi atıb körpənin xatirinə mütləq maye qəbul edin. Əks halda, südünüz azala bilər. Bütün bunlara baxmayaraq süd çatışmırsa, körpəyə əlavə olaraq xüsusi süd qarışıqları vermək olar. Ancaq hər bir halda ana südünün miqdarını azaltmayın. Körpənin qidalandırılmasında ana südü həcmcə üstünlük təşkil etməlidir.
Yalnız ana südü ilə əsas qidalanmadan sonra körpəyə şüşədən süd təklif edin. Əlavə qidanın həcmi körpənin iştahasından asılıdır. Uşağın çəkisi 4,5 kq-dan artıqdırsa, o, 100-150 qr südü bir dəfəyə içəcək. Uşağın çəkisi 4,5 kq-dan az olarsa, o, bir qədər az miqdarda süd içəcəkdir. Körpəni ana südü ilə əmizdirdikdən sonra ona əlavə olaraq 80-90 qr süni süd təklif edin və istədiyi qədər içməyə imkan verin, artığını isə tullayın.
Körpəyə ana südü azlıq edirsə körpəni daha tez-tez əmizdirin. Yadda saxlayın ki, ana südünün hər bir damlası körpə üçün çox dəyərli bir nemətdir. Həmçinin körpənin tez-tez əmizdirilməsi laktasiyanı gücləndirir. Süd vəzisinin dolmağını gözləməyin – körpəyə nə qədər fasilə ilə süd versəniz, bir o qədər də gec süd gələcək.
İndi apteklərdə aktasiyanı gücləndirmək üçün xüsusi preparatlar satılır. Bu haqda uşaq həkimi ilə məsləhətləşin.
saglamolun.az