Hamilə qadın necə qidalanmalıdır?

Hamiləlik dövrü sağlam və dözümlü uşaq orqanizminin quruculuğu dövrüdür. Buna görə gələcək ananın düzgün qidalanması doğulacaq uşağın sağlamlığının təminatıdır.

Natamam qidalanma kimi, normadan artıq qidalanma da təhlükəli hesab olunur.

Natamam qidalanma uşaqsalmaya, dölün çəkisinin azalmasına və onun həyat qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Artıq qidalanma isə ananın və dölün çəkisinin artmasına səbəb olur, iri ölçülü döl isə həm hamiləliyi, həm də doğuşu daha riskli edir.

Hamiləliyin birinci yarısında gün ərzində 4 dəfəlik, ikinci yarısında isə döl tərəfindən bağırsaqların sıxılmasını nəzərə almaqla 5-6 dəfəlik qida qəbulu rejimi məsləhət görülür.

Qidanın tərkibində tələb olunan miqdarda zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral duzlar və mikroelementlərin olması vacibdir. Bu halda gün ərzində qəbul edilən qidanın ümumi energetik dəyəri (kaloriliyi) – 2800-3000 kkal olmalıdır.

Hamilələrin qida rasionundan spirtli içkilər, kofe, tünd çay, kolbasa, sosiska, müxtəlif turşu və şorabalar, hisə verilmiş və konservləşdirilmiş qidalar, konfetlər, yağlı yeməklər, tonuslayıcı qazlı içkilər (“Coca-Cola”, “Pepsi” və s.) qəti şəkildə çıxarılmalıdır.

Gələcək ana üçün düzgün qidalanmadan əlavə düzgün maye qəbul etmək də vacibdir. Hamiləliyin birinci yarısında qadın gündə 2-2,5 litr maye qəbul etməlidir. Bu mayeyə tək su deyil, duru yeməklər, duru souslar, meyvə və tərəvəz tərkibindəki sular da daxildir. Bu dövrdə qadın tez-tez qusur ki, bu zaman itirilən mayeni də əvəz etmək vacibdir. Səhərlər içinə yarım limon şirəsi qatılmış bir stəkan su içmək olar.

Hamiləliyin 20-ci həftəsindən sonra qan dövranının sürəti 40% artır. Qadının ürək, böyrək və digər orqanları daha intensiv şəkildə işləyir və qan təchizatına tələbatı daha da artır. Böyrəklərin üzərinə daha böyük ağırlıq düşür, onlar bu dövrdə daha çox maye ifraz edir. Hətta sağlam qadında da şişkinlik əmələ gələ bilər. Daha ağır vəziyyətlərdə hamiləlik ödemi, gestoz (AT artması ilə müşayiət olunan ödem) baş verir. Bununla əlaqədar olaraq hamiləliyin 20-22 həftəsindən etibarən qəbul edilən mayeni 1,5 litrə qədər azaltmaq lazımdır. Duz qəbulu da azaldılmalıdır, çünki duz mayeni orqanizmdə saxlayır.

Aşağıda qeyd edilən qida maddələri hamilə qadın üçün çox vacibdir.

Kalsium. Dölün sümük sisteminin və dişlərinin formalaşmasına təsir edir. Bu proses təxminən hamiləliyin 8-ci həftəsindən etibarən başlamış olur. Hamiləlik dövründə ana orqanizmi üçün bu elementə tələbat 2 dəfə artır. Əsas mənbələri: süd, pendir, kəsmik, yumurta, qatıq və s.

Zülallar. Hamiləlik dövründə zülallara olan tələbat artdığı üçün tərkibində proteinlər olan məhsulların qida ilə qəbulunu artırmaq lazımdır. Ancaq yadda saxlamaq lazımdır ki, ət məhsulların tərkibində hamilə qadınlar tərəfindən qəbuluna məhdudiyyət qoyulması tələb olunan bir çox yağlar da vardır. Ona görə də bu dövrdə hamilə qadınlar tərəfindən ətin əsasən yağsız hissələri istifadə edilməlidir. Zülalların əsas mənbələri: ət, balıq, süd məhsulları, paxlalı bitkilər, qoz və s.

Vitamin C. Ciftin möhkəmlənməsinə, orqanizmin müqavimət qabiliyyətinin artırılmasına, dəmirin mənimsənilməsinə köməklik edir. Uzun müddət saxlanılma və bişirilmə qida məhsullarının tərkibində olan S vitamininin parçalanmasına səbəb olur. Ona görə də qəbul edilən qida məhsulları təzə olmalı, meyvə və tərəvəzlər çiy yeyilməlidir. Əsas mənbələri: əsasən təzə sitrus meyvələri, tərəvəzlər (şirin bibər, pomidor, gül kələm, kartof), itburnu qurusu və s.

Sellüloz hamilə qadınların qida rasionunun xeyli hissəsini təşkil etməlidir. Sellüloz hamiləlik zamanı çox təsadüf edilən qəbizliklərin qarşısını alır. Əsas mənbələri: çiy meyvə və tərəvəzlər (həmçinin onların quruları).

Fol turşusu. B qrup vitaminlərinə aid olaraq, xüsusən hamiləliyin ilk həftələrində dölün mərkəzi sinir sisteminin inkişafı üçün gərəkli hesab olunur. Qida məhsulları uzun müddət saxlanıldıqda və bişirdikdə, onların tərkibində olan fol turşusu parçalanır. Onu da qeyd etmək vacibdir ki, hamiləlik zamanı heç bir pəhriz rejimi fol turşusunun tələb olunan miqdarını təmin edə bilmir. Ona görə də həkimlər bir çox hallarda hamilə qadınlara onun dərman formalarını da təyin edirlər. Əsas mənbələri: çovdar çörəyi, fındıq, ispanaq (şomu) və s.

Dəmir vitamin C ilə birlikdə mənimsənilir; çay və kofe onun mənimsənilməsinə maneçilik törədir. Buna görə də dəmir ilə zəngin olan qida maddələrinin qəbulundan sonra çay və kofenin içilməsi məsləhət görülmür. Əsas mənbələri: yağsız qırmızı ət, sardina balığı, alma, kərəviz, nar, xurma, ərik qurusu, qara gavalı qurusu, kişmiş və s.

Mənbə: Saglamolun.Az

MÜAYİNƏ ÜÇÜN ONLİNE QƏBUL!

document.querySelectorAll('a[href*="whatsapp"]').forEach(function(link) { link.addEventListener('click', function() { gtag('event', 'click', { 'event_category': 'WhatsApp', 'event_label': link.href, }); }); });