Heyvanlar sağlam olduqları və yetəri qədər qida tapdıqları müddət ərzində xoşbəxt olurlar. Bu barədə düşünərkən, insanlar da özlərini xoşbəxt hiss etməlidilər deyə öz-özümə söyləyirəm, amma dövrümüzdə belə olmadığı, daha doğrusu böyük əksəriyyətin xoşbəxt olmadığı görünür. Əgər siz də xoşbəxt deyilsizsə, bu durumda olan insanın təkcə siz olmadığını bilməlisiz. Əgər xoşbəxtsinizsə, tanışlarınızdan neçəsinin xoşbəxt olduğu barədə özünüzə sual edin. Dostlarınızı gözdən keçirərkən üz cizgilərini oxumağa, günlük həyatınızda qarşılaşdığınız insanların ruhi durumunu sezməyə çalışın. Bleyk (William Blake-ingilis şairi-tərc) bir şeirində belə deyir:
Hər gördüyüm çöhrədə bir ifadə, Azar, hüzn işarəsi..
Hamısı bir-birinin təkrarı olmasa da, hər yerdə bu cür bədbəxtlik yaşantılarıyla qarşılaşırıq. Deyək ki, modern şəhərlərin ən tipik nümunəsi olan Nyu Yorkdasınız. İş saatlarında qələbəlik bir prospektdə, həftə tətilində əsas bir küçədə, ya da axşamçağı rəqs salonunda durun, bir müddətlik “mən”liyinizdən və düşüncələrinizdən sıyrılın, çevrənizi əhatə edən insanların fərdiyyətlərini mənimsəməyə çalışın. Görəcəksiz ki, bu dəyişkən qələbəlikləri əmələ gətirən insanların hər birinin içində olduğu vəziyyətlə bağlı bir dərdi var. İş zamanı yaranan izdihamda, əndişə, yüksək diqqət, işindən başqa hər nəsnəyə qarşı maraq əskikliyi, əylənib-gülmək şövqündən məhrumluq, digər insanların fərqinə varmamaq yaşantısı ilə qarşılaşacaqsız. Həftəsonu tətilində, əsas küçədə, hamısı rahat görünən, bəziləri çox zəngin olan, əyləncə məkanlarına gedən kişilər, qadınlar görəcəksiz. Hamısı avtomobillərini eyni sürətlə sürürlər. Hamısı öz sürətlərini yolda ən yavaş gedən maşının sürətinə uyğunlaşdırıb. Bu maşınları sürənlər ətrafdakı mənzərələri izləyə bilməzlər, çünki başlarını yana çevirdikləri anda qəza törədə bilərlər. Maşının içində oturanların demək olar hamısının istəyi, önlərində gedən digər maşını ötüb keçməkdir, fəqət küçədəki maşın izdihamı ucbatından bunu edə bilməzlər, qabaqda gedən maşını keçmək barədə düşünmədikdəsə, can sıxıntısına qapılırlar, çöhrələrini dilxorluq bürüyür. Qaradərililər nə vaxt bir maşına doluşub yola çıxsalar, hamısı nəşələnir, ancaq onlar da xətalı davrandıqları üçün ətrafda xoşnudsuzluq yaradırlar, sonda bir qəza törədib polisin əlinə düşürlər: İstirahət günü əylənmək qanuna ziddir.
İnsanları həm də bir şənlik gecəsində izləyin. Hamısı, diş həkimində bağırıb çığırmamağa qərar vermiş kimi, bu məkana da xoşbəxt olmağı qərarlaşdıraraq gəliblər. Onlar inanır ki, içki və sevgi zövqə açılan qapıdır, buna görə də anında, ayaqüstə sərxoş olmağa çalışılır və bu sərxoşluğun təsiriylə əyləncə yoldaşlarının bir-birinə nifrəti görməzdən gəlinir. Yetərincə içki içildikdən sonra kişilər ağlamağa və analarından gördükləri şəfqətə layiq olmadıqlarından şikayətlənməyə başlayırlar. Alkoqolun onlar üzərindəki təsiri, ayıq olarkən basqı altında tutduqları günahkarlıq duyğusunu sərbəst buraxmaqdır.
Bu bir-birindən fərqli bədbəxtliklərin səbəbləri, qismən ictimai düzəndən, qismən də fərdin psixoloji əhvalından qaynaqlanır və əslində sonuncu səbəb də əksərən ictimai düzənin nəticəsidir. Xoşbəxt olanların sayını artırmaq üçün sosial düzəndə hansı dəyişikliklərə ehtiyac duyulduğu barədə daha əvvəllər yazmışdım. İndiki yazılarımda müharibənin, iqtisadi istismarın, qorxu və qəddarlıq yayan təlimlərin necə ortadan qaldırılması barədə danışmağa çalışmıram. Savaş yaratmayacaq bir sistem tapmaq, sivilizasiyamız üçün həyati əhəmiyyət daşıyır, fəqət insanlar həyat yükü altında əzilib durmaqdansa, bir-birlərini yox etməyi seçəcək dərəcədə bədbəxt hiss etdikləri müddətcə, belə bir sistem yaratmaq ehtimalımız yox dərəcəsindədir. İstehsaldan, ən çox ehtiyacı olanlara az ya da çox pay ayırmaq, yoxsulluğun davam etməsinə əngəl olmağa çalışmaq önəmli işdi, ancaq, əgər zənginlər də özlərini bədbəxt hiss edirlərsə, hər kəsi zəngin etməyin nə yararı olacaq? Qorxu və qəddarlıq üzərində qurulan təlim-tərbiyə əlbəttə pisdir, ancaq bu duyğuların dustağı olan insanlardan başqa cür tərbiyə verəcəklərini gözləmək də əbəsdir. Bu qənaətlər bizi fərdin, tək insanın probleminə gətirir. Yəni, bir kişi, bir qadın dəyişiklik həsrətiylə yanıb tutuşan cəmiyyətimizdə, öz şəxsi xoşbəxtliyini gerçəkləşdirmək üçün nə edə bilər? Bu problemi analiz edərkən ələ alacağım insan tipləri, bədbəxtliyi xarici təsirlərdən qaynaqlanmayan insan tipləri olacaq. Bəslənməyə və daldalanmağa yetəcək qədər gəlirləri, normal fiziki fəaliyyətləri həyata keçirəcək qədər sağlamlığa sahib olduqlarını qəbul edəcəyəm. Uşaqlarını itirmək, ya da xalq önündə rəzil olmaq kimi böyük fəlakət ehtimallarını da yox hesab edəcəyəm. Bu məqamlar barədə danışmaq olar və bunlar önəmlidir, ancaq burada söyləmək istədiklərimdən qıraqda qalacaqlar.
Mənim məqsədim, uyqar ölkələrdə yaşayan əksər insanların, göründüyü qədər, heç bir xarici səbəbi olmadığından qaçılmaz hesab edilən və qatlanılması çox çətin olan məişət bədbəxtliklərinə çarələr təklif etməkdir. Mən, bu tip ruhi naxoşluqların daha çox xətalı dünya görüşlərindən, xətalı əxlaq qaydalarından, yanlış həyat alışqanlıqlarından qaynaqlandığına inanıram, çünki bütün bu yanlışlıqlar, insan ya da heyvan xoşbəxtliyinin təməli olan nəsnələrə qarşı təbii həvəsin və iştahın yox olmasına yol açırlar.
Və mən, ortabab bir şəxsin yardımıyla, bu həvəsi və iştahı yenidən qazandıraraq insanları xoşbəxt edəcək dəyişiklikləri açıqlamaq istəyirəm.
Müdafiə etməyə çalışdığım düşüncəni, bəlkə də ən yaxşı şəkildə, öz yaşamımı qısaca anlatmaqla açıqlaya bilərəm. Mən də hər kəs kimi xoşbəxt ya da bədbəxt olaraq doğulmamışam. “Dünyasından bezgin və günahlarla yüklənmiş” adlı ilahi, uşaqlıqda ən sevdiyim ilahiydi. Beş yaşında olarkən belə düşünürdüm: “ Yetmiş yaşıma qədər yaşasam, demək ki, bu günə qədər ömrümün on dörddə bir hissəsinə artıq qatlanmışam”. Yaşayacağım illər mənə hardasa dözülməz görünürdü. Yeniyetməlik çağımda yaşamağa nifrət edir, özümü sürəkli olaraq intiharın bir addımlığında tapırdım; özümü öldürməkdən vaz keçməyimin səbəbi daha çox riyaziyyat öyrənmək istəyim oldu. İndisə, əksinə, yaşamaqdan zövq alıram və duyduğum bu zövq ildən-ilə artmaqdadır. Bu da, həyatda ən çox nələri istədiyimi kəşf etməyimdən və onların bir çoxunu ələ keçirməyimdən qaynaqlanır. Üstəlik, bu xoşbəxtliyimdə, bəzi istəklərdən, məsələn, hansısa nəsnə, proses haqqında şübhəsiz və mütləq bilgi sahibi olmaq kimi, əldə edilməsi qeyri-mümkün istəklərdən əl çəkməyi bacarmağımın da önəmli rolu var. Ancaq ən çox, özüm barədə çox düşünməkdən vaz keçməyin böyük yararını gördüm. Qatı dini tərbiyə görmüş hər insan kimi mən də, günahlarım, səfehliklərim, çatışmazlıqlarım üzərində tez-tez baş yorurdum. Öz gözümdə özümü – haqlı olaraq – fərli-başlı cəhəti olmayan bir insan kimi görürdüm. Sonra yavaş-yavaş özümü də, qüsurlarımı da vecə almamağı öyrəndim və diqqətimi özümdən qıraqda olan nəsnələrə yönəltdim, məsələn, dünyadakı hal-qəziyyəylə, maraq duyduğum elmlərlə, xoşlandığım şəxslərlə ilgilənməyə başladım. Xarici təsirlərin insanı bəzi ağrı-acılara düçar etdiyi doğrudur, məsələn, dünya hansısa müharibəyə sürüklənə bilər, bəzi mövzularda bilgi əldə etmək çətin ola bilər, yaxud dostlarımızı itirə bilərik. Ancaq bu cür əzablar həyatın dəyərini, keyfiyyətini yox etməzlər; fəqət özümüzə nifrət bu dəyəri məhv edə bilər. Üstəlik, xarici maraqlar canlılığını qoruduğu müddətcə, insanı can sıxıntısından xilas edəcək bəzi məşğuliyyətlərə yol açır. İnsanın yalnız özüylə məşğul olması heç bir zaman səmərəli məşğuliyyət ola bilməz. Ancaq xatirə dəftəri tutmağa, hansısa psixoanalitikə baş vurmağa, bəlkə də özünü dinə həsr etməyə səbəb olar. Fəqət dindar həyatın gündəlik ritualları fərdiyyətini unutdurmadığı təqdirdə, həmin insan da özünü xoşbəxt hiss etməyəcək. Dindən qaynaqlandığı sanılan xoşbəxtliyi, təmizlik işçiliyiylə də əldə etmək mümkündü. Başqa cür müalicə olunmayacaq dərəcədə içəqapanıq həyat keçirənlər üçün xoşbəxtliyə qovuşmağın yeganə yolu xarici dünya ilə maraqlanmaqdır.
İçəqapanıqlığın bir çox çeşidi var. Ən yayğın olanları bunlardır: Günahkar tip, özünə vurğun (narsist), megaloman.
“Günahkar” deyərkən, hansısa günah hərəkətə yol verən insanı nəzərdə tutmuram. Günah, bizim şərhlərimizə bağlı olaraq, ya hər kəs tərəfindən işlənir, ya da kimsə ona yaxın düşmür. Mənim haqqında danışdığım tip, günahkar olduğunu düşünən insandır. Belə insan davamlı şəkildə öz narazılığının hədəfinə çevrilir, əgər dindardırsa, bu əhvalı tanrının ondan narazılığı kimi izah edir. Xəyalında yaratdığı idealıyla, gerçək “mən”i arasında davamlı bir ziddiyyət mövcuddu. Əgər belə insan, ana qoynunda öyrəndiklərini şüurlu düşüncəylə bir yana atsa da, günahkarlıq duyğusu şüuraltının çox dərinlərinə gömülmüş ola bilər; və bu duyğu o, sərxoş olarkən, ya da yuxulu halında üzə çıxar. Ancaq bu kiçik təzahürlər belə, həyatın dadını qaçırmağa bəs edər.
Çünki belə insan daxilində, uşaqlıqda onun zehninə yeridilən qadağaları hələ də qadağa hesab etməkdədir – söyüş söymək pisdir, içki içmək pisdir, bəsit işgüzarlıq hiylələri pisdir və ən əsası seks pisdir. O, bu davranışların heç birini həyata keçirməkdən uzaq durmaz, ancaq onu alçaltdıqları üçün belə zövqləri zəhərli sayır. Belə insanın bütün varlığıyla arzuladığı yeganə zövq, uşaqlıq dönəmindən xatirəsində qalan, anasının onu rahatladan nəvazişləridir. Belə zövqlərə açılan qapı da artıq qapalı olduğu üçün, geriyə qalan hər şeyi boş sayar. Sevgilisində ana şəfqəti axtarar, ancaq həm də bunu daxilən qəbul etməz, çünki seksual meyl hiss etdiyi qadına, “ana xatirəsi” ucbatından sayğı duymaz. Məruz qaldığı bu xəyal qırıqlığı onu qəddarlaşdırar, sonra buna peşman olar və yenidən xəyali bir günah, ardınca da gerçək bir günah onu cənginə alar; bu çıxılmaz vəziyyət beləcə davam edib gedər. Ruhi vəziyyəti bu cür olan insanları yanlış yola sürükləyən məqamlar, əldə edilməsi mümkün olmayana, məsələn anaya ya da ananın yerini tutacaq hansısa obyektə bağlanmaları və cəfəng əxlaqi qaydaların lap uşaqlıqda onların zehninə yeridilməsidir. “Ana ləkəsizliyi”nin bu qurbanlarının gerçək xoşbəxtliyə qovuşmaq üçün atacaqları ilk addım, uşaqlıq inanclarından və anayla olan bağdan xilas olmaqdır.
Özünə vurğun tip isə, özünü günahkar görən tipin tam əksidir, əsas meyli özünə heyran olmaq, başqalarının da heyranlığını qazanmaqdır. Bu istək bir nöqtəyə qədər təbiidir və ona xor baxmamalıyıq, ancaq həddini aşdıqda ciddi qüsura çevrilir. Bir çox qadınlarda, xüsusən də elit təbəqənin zəngin xanımlarında, eşqlə sevmək meyli yoxa çıxıb, onun yerində bütün erkəklər tərəfindən sevilmək kimi şiddətli bir istək yaranıb. Belə qadın hər hansı bir kişinin sevgisini qazanıb onun sevgisinin həqiqiliyinə əmin olduqda, artıq həmin kişi onunçün marağını itirir və yararsız birinə çevrilir. Nadirən rast gəlinsə də, bu hal kişilərə də xasdır, sözügedən tipin klassik örnəyi, məsələn, Liaisons Dangereusesin (Şoderlo de Laklonun “Təhlükəli münasibətlər” adlı romanı-tərc) qəhrəmanıdır. Qürur bu dərəcəyə çatdıqda, kimsəyə qarşı gerçək maraq yaranmır, bunun nəticəsində də, sevgidən sözün həqiqi mənasında dolğun həzz almaq mümkün olmur. Bu tip sevgidən başqa yaşantılara da meylləndikdə, daha böyük uğursuzluqlara düçar olur. Məsələn, özünə vurğun insan, usta rəssamlara göstərilən hörməti gördükdə rəsm çəkməyə başlaya bilər, ancaq rəssamlıq onunçün bir məqsədə yetmək vasitəsindən başqa bir şey deyil, bu sənətin texnikasıyla heç zaman maraqlanmaz. Əslində hər mövzuya, ancaq özüylə əlaqəsi varsa maraq göstərər.
Bunun nəticəsi də, alqışlar yerinə iztehza, uğursuzluq və xəyal qırıqlığıdır. Bu halı romanlarında, qəhrəmanının simasında özünü idealizə edən yazıçılara da aid etmək olar. Hər hansı bir işdə ciddi uğur qazanmaq, o işi əmələ gətirən ləvazimata, materiala qarşı duyulan həqiqi marağa bağlıdı. Siyasətçilərin uğur qazanmalarının əsas səbəbi, özünəvurğunluğun yerinə ictimai maraqları və uğrunda mübarizə aparılan, müdafiə edilən dəyərləri qoymalarıyla əlaqəlidi. Təkcə özüylə maraqlanan insan heyranlığa dəyməz və ona kimsə heyran olmaz. Buna görə də, dünyadakı iş-gücü dünyanı özünə heyran etmək olan bir insanın bu məqsədə çatmaq ehtimalı yoxdur. Çatsa belə dolğun şəkildə xoşbəxt olmayacaq, çünki insanlar instinktiv olaraq heç bir zaman tamamilə eqoist olmurlar, bu mənada, özünə vurğun olan şəxs, bu yolu seçməklə özünü süni şəkildə məhdudlaşdırır. İbtidai insanlar yaxşı ovçu olmaqla fəxr edirdilər, ancaq ov dalınca qaçmaqdan da zövq alırdılar. Özündənrazılıq bəlli bir nöqtədən sonra işdən alınan həzzi də öldürür, bunun nəticəsində də can sıxıntısına və vecsizliyə yol açır. Özünübəyənmişliyin qaynağı adətən çəkingənlik və sıxılqanlıqdır: bundan qurtulmağın çarəsisə, özünə hörmətin artmasıdır. Amma bu qurtuluş da, yalnız xarici maraqlarla məşğul olarkən və uğura çatarkən əldə edilir.
Megaloman (özünü böyük görmək xəstəliyi) sevimli olmaqdan çox güclü olmaq, sevilən deyil, qorxulan olmaq istəyir və bu mənada özünəvurğun tipdən fərqlənir. Özünü böyük görmək istəyən bir çox dəli var; adı tarixə düşmüş böyük adamların bir çoxu da özünü böyük görmək xəstəliyinə düçar olmuşdular. Hakimiyyət hərisliyi, eynilə qürur kimi, insan təbiətinin güclü xassəsidir və bəlli dərəcəyə qədər başadüşüləndi, ancaq həddi keçdikdə və gerçəklikdən deyil, xəyalpərəstlikdən qaynaqlandıqda üzücü hala çevrilir. İnsanı bədbəxtliyə, səfehliyə sürükləyir. Özünü kral sayan dəli xoşbəxtdir, ancaq ağlı başında olan kimsə belə bir xoşbəxtliyə qibtə etməz. Böyük İsgəndər, xəyallarını gerçəkləşdirəcək qabiliyyətlərə malik olmaqla birlikdə, psixoanaliz baxımından megaloman idi. Xəyallarını reallaşdırdıqca daha böyük, əldə edilməsi çətin xəyallar qurmağa başladı. Tanıdığımız fatehlər arasında ən görkəmlisi olunca özünün Tanrı olduğuna inanmağa başladı. Görəsən o, xoşbəxt insan idimi? Sərxoşluğu, çılğın hiddəti, qadınlara qarşı soyuqluğu, tanrılıq iddiası da göstərir ki, xoşbəxt deyildi. İnsan təbiətinin digər xassələrinin zərərinə, yeganə cəhətin işlənib inkişaf etdirilməsindən, ya da insanları şəxsi yüksəliş üçün xammaddə, vasitə kimi görməkdən həqiqi, səmimi bir keyf duymaq mümkün deyil. İstər dəlidə təzahür etsin, istər ağıllı-başlı bir insanda, özünü böyük görmək, nə zamansa hədsiz alçaldılmanın nəticəsidir. Napoleon məktəb vaxtı, sinif yoldaşları arasında aşağılanma sıxıntısı yaşamışdı, çünki dostları varlı-hallı ailələrin uşaqlarıydı, özü isə yoxsul bir şagird. Mühacirlərin yurda qayıtmaqlarına izin verdikdən sonra, keçmiş məktəb yoldaşlarının onun qarşısında əyilmələrindən çox xoşlanmışdı. Nə böyük xoşbəxtlik! Amma bu hadisə onun qəlbində, çar qarşısında da eyni könülxoşluğunu yaşamaq istəyinin yaranmasına yol açdı, bu da onu sonda Müqəddəs Yelena adasına apardı. Heç bir insanın gücü sərhədsiz deyil, buna görə də doymaz olanlar, əvvəl-axır aşa bilməyəcəkləri əngəllərlə qarşılaşacaqlar. Bunun belə olmayacağını ancaq hansısa dəli dərk eləməz və əgər belə bir dəli yüksək statusa sahibdisə, bu həqiqəti ona söyləyənləri həbs də edər, öldürər də. Bu məqamda siyasi basqıyla psixoloji basqı əl-ələ yeriyir. Və harda ki, psixoloji basqı var, orada xoşbəxtlik yoxdur. Ölçülü güc xoşbəxtliyi artira bilər, ancaq məqsəd kimi mənimsənsə, xaricimizdə olmasa da daxilimizdə mütləq fəlakətə yol açacaq.
Gördük ki, özünü bədbəxt hiss edənlərin psixoloji səbəbləri xeyli və çeşidlidir. Tipik bədbəxt adam, gənc olarkən könül doyumundan məhrum buraxılmış, doymadığı bu nəsnəni digər zövq biçimlərindən daha önəmli saymağa başlamış, beləcə həyatına təktərəfli istiqamət vermiş, eyni zamanda da həmin zövqə çatmaq üçün zəhmət çəkmək yerinə bütün diqqətini doymaq üzərində toplamışdır. Günümüzdə bu durumun daha inkişaf etmiş formaları yayğındır. Buna görə də belə insan özünü elə çarəsiz hiss edir ki, özünü, könül zövqü tapmaq yerinə, bu çatışmazlığını unutmaq üçün əyləncəyə yönəldir; özünü “eyş-işrət”ə buraxır. Yəni, daha məsuliyyətsiz yaşayaraq, həyatı qatlanacaq vəziyyətə gətirmək istəyir. Məsələn, sərxoşluq keçici intihardır, bir müddətlik bədbəxtliyi unutmaqdır. Özünü böyük görənlə özünəvurğun insan, xoşbəxtliyə qovuşmaq üçün hər halda bir yol tapıblar, onlar hələ də xoşbəxtliyin mümkünlüyünə inanırlar, ancaq nə olursa-olsun sərxoş olmaq istəyən insan, unutmaqdan başqa xilas yolunun olacağına inanmır. Onun durumunda olan adam ilk öncə, xoşbəxtliyin qibtə olunacaq məqam olduğuna özünü inandırmalıdır. Bədbəxt olanlar, eynilə rahat yata bilməyənlər kimi, öz bədbəxtlikləriylə qürurlanırlar. Bunların qüruru quyruğunu itirən tülkünün vəziyyətinə bənzəyir; əgər belədisə, xəstəliyin müalicəsi yenidən quyruq böyütməyin yolunu göstərməklə mümkündür. Mən inanıram ki, necə xoşbəxt olacağını bilən insanların çox cüzi hissəsi, bədbəxt qalmaq istəyər. Belə insanlar yoxdur demək istəmirəm, belə insanlar var, ancaq sayları əhəmiyyətsiz dərəcədə azdır. Buna görə də, oxucularımın bədbəxt deyil, xoşbəxt olmaq istədiklərini düşünürəm. Bu istəklərini gerçəkləşdirməyə yardımçı olacağam, ya yox, bilmirəm, ancaq nə olursa-olsun heç olmasa bir dəfə cəhd etməyin zərəri olmaz.
Bertrand Rassell
Mənbə: http://bilge.az